"Oyunun böyük hissəsində yaxşı mübarizə apardıq. Sadəcə, bəxt rəqibin tərəfində oldu. Düşünürəm ki, qırmızı vərəqə qırılma nöqtəsi idi. Bundan sonra üstünlük rəqibə keçdi".
“İki sahil” xəbər verir ki, bu sözləri Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuş UEFA Millətlər Liqasının IV turunda Bakıda Slovakiya yığmasına 1:3 hesabı ilə uduzduqları oyundan sonra təşkil olunmuş mətbuat konfransında deyib.
Portuqaliyalı mütəxəssis bunun acı məğlubiyyət olmadığını bildirib: "4-5 qol şansımız oldu, sadəcə, birindən istifadə edə bildik. Oyunumuzu inkişaf etdirməliyik. Futbolçunu günahlandırmağa nə var ki? Fərdi səhvlərdən danışmaq istəmirəm. Qırmızı vərəqə hakimin qərarı idi. Artıq gecdir, heç nə etmək olmaz".
O, komandanın inkişafı üçün zaman lazım olduğunu söyləyib: "Hələ vədə yetişməyib. Bu, qısa müddətdə reallaşacaq hadisə deyil. Bu layihə 2028-ci ilə qədər davam edəcək. Bundan sonra komanda normal mübarizə aparacaq. Yığmada potensial görürəm, sadəcə, zaman lazımdır. Bu gün yaxşı nəticə üçün komanda əlindən gələni etdi. Bəlkə də meydanda azlıqda qalmasaydıq, qol fürsətlərindən istifadə etsəydik, hər şey fərqli olardı. Təbii ki, heç kim bu nəticəni arzulamırdı. Zənnimcə, düzgün yoldayıq. Gələcəkdə yaxşı nəticələrə ümid etmək olar".
F.Santuş milli komandanın D Liqasına düşəcəyinə inanmadığını vurğulayıb: "Sona qədər mübarizə aparmaq istəyirik. Əsas hədəfimiz gələcəklə bağlıdır. Bir-iki ildən sonra gənclər arasından əsas milliyə namizəd futbolçular çıxacaq. Birgə fəaliyyət nəticəsində onları yığmaya cəlb edib uğurlu nəticələr qazanmağa çalışacağıq".
Təcrübəli baş məşqçi milliyə dəvət etdiyi Ozan Can Kökçünün son iki oyunda meydana çıxmamasının səbəbini də açıqlayıb: "Millidə hər kəs oynayacaq deyə bir şey yoxdur. Rotasiyalar barədə düşünməliyik. Hər kəsi başa düşürəm, hamı məyusdur".