12 oktyabr 2024 20:40
310

FİFA-nın oyunların sayını artırmaq üçün verdiyi qərarlar narazılığa səbəb olub

Avropanın milli futbol liqaları FIFA-nı Avropa Məhkəməsinə şikayət edəcək.

"İki sahil"xarici mətbuata istinadən xəbər verir ki, bu barədə İspaniya La Liqasının prezidenti Xavyer Tebas açıqlama verib. Onun sözlərinə görə, məhkəməyə müraciətin əsas səbəbi sıx qrafiklə bağlıdır. Ali futbol qurumunun oyunların sayını artırmaq üçün verdiyi birtərəfli qərarlar böyük narazılığa səbəb olub.

X.Tebas növbəti həftə məsələ ilə bağlı Beynəlxalq Peşəkar Futbolçular Assosiasiyaları Federasiyası (FIFPro) və İngiltərə Premyer Liqasının rəhbərliyi ilə birgə konfrans keçirəcəklərini bildirib: “Klublararası Dünya çempionatı təşkil edilir. Biz də həmin turnirdə iştiraka məcburuq. Çünki FIFA belə qərar verib. Amma heç bir milli liqa bununla razılaşmır. Yaxşı ki, FIFPro sıx qrafikin on minlərlə futbolçuya vurduğu zərəri dərk edib. Dünya futbolunu cəmi 300 oyunçu və 20 klub üçün təşkil edə bilməzsiniz. Yerli liqalar Çempionlar Liqasının yeni formatına görə də əziyyət çəkir”.