11 oktyabr 2024 07:59
262

Millətlər Liqasında III turun oyunları keçirilib

Yunanıstan millisi Millətlər Liqasının qrup mərhələsinin 3-cü turunda İngiltərə millisini sensasiyalı şəkildə məğlub edib.

“İki sahil” xəbər verir ki,  Londonun “Uembli” stadionunda baş tutan görüş 2:1 hesabı ilə başa çatıb. Qarşılaşmada ilk qolu oyunun 49-cu dəqiqəsində Konstantinos Koulierakisin ötürməsindən Vanqelis Pavlidis vurub. İngilislər yalnız 88-ci dəqiqədə hesabı bərabərləşdirə bilib, Jud Bellinqem fərqlənib. Qələbə qolunu 90+4-cü dəqiqədə Pavlidis dubl edərək rəqibin qapısından keçirib.

İtaliya və Belçika millilərinin matçında isə qalib müəyyənləşməyib. Romanın “Olimpiko” stadionunda keçirilən görüş 2:2 hesabı ilə başa çatıb. Hesabı 1-ci dəqiqədə İtaliya açıb, Andrea Kambiaso fərqlənib. Oyunun 24-cü dəqiqəsində italyanlar Mateo Reteqinin qolu sayəsində fərqi artırıb. Belçika millisindən 42-ci dəqiqədə Maksim De Kyper, 61-ci dəqiqədə isə Leandro Trossard fərqlənib.

Fransa da İsraili məğlub edib, görüş 4:1 hesabı ilə başa çatıb. İrlandiya Finlandiyadan güclü olub - 2:1. Norveç Sloveniyaya 3:0 hesabı ilə qalib gəlib. Qazaxıstan Avstriyaya böyük hesabla uduzub - 0:4. Farer adaları və Ermənistan qalibi müəyyən etməyiblər - 2:2. Cəbəllütariq San Marinodan güclü olub - 1:0. Millətlər Liqasının III turu oktyabrın 12-dək davam edəcək.