07 oktyabr 2024 22:57
379

Masallıda açıq turnir keçirilib

Masallı Olimpiya İdman Kompleksində Azərbaycan Güləş Federasiyası, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı sayəsində SSRİ idman ustası, Azərbaycan Respublikasının Əməkdar məşqçisi, tanınmış pəhləvan Nadir Yaqub oğlu Ağayevin xatirəsinə həsr olunmuş yeniyetmələr arasında yunan-Roma güləşi üzrə XXVIII ənənəvi Lənkəran-Astara region açıq turniri keçirilib.

Əvvəlcə ulu öndər Heydər Əliyevin və Vətən yolunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb, Dövlət himnimiz oxunub.

Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin əməkdaşı Yusif Xamıyev bildirib ki, yarışın təşkilində əsas məqsəd Nadir Ağayevin keçdiyi şərəfli idman yolunun təbliği, yeniyetmələr arasında yunan-Roma güləşi idman növünün inkişafı və kütləviliyi, onların vətənpərvərlik ruhunda tərbiyəsi, idmançılar arasında dostluq əlaqələrinin daha da inkişafı, eyni zamanda yeniyetmələrdən ibarət ölkə yığma komandasına namizədlər seçməkdir.

Digər natiqlər -Respublikanın Əməkdar məşqçisi, SSRİ idman ustası Tofiq Eyvazov, Azərbaycan Güləş Federasiyasının nümayəndəsi, hakimlər kollegiyasının sədri Qərib Əliyev, Nadir Ağayevin yetirməsi, turnirin sponsoru, iş adamı Məşkur Qasımovun qardaşı Salam Qasımov Nadir Ağayev güləş məktəbinin Azərbaycan idmanında tutduğu mövqedən söz açıb, mötəbər yarışlarda əldə edilən nailiyyətlərin ölkə rəhbəri, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev tərəfindən idmana göstərilən diqqət və qayğının təzahürü olduğunu deyib və idmançılara uğurlar arzulayıblar.

Nadir Ağayevin qohumu, jurnalist-publisist Akif Ağayev hər il bu tədbirin yüksək səviyyədə təşkilinə görə müvafiq idman qurumlarına, Sankt-Peterburqdakı Azərbaycan Milli Mədəni Muxtariyyəti Cəmiyyətinin sədr müavini Məşkur Qasımova, eləcə də zəhməti keçən hər kəsə minnətdarlıq edib.

Çıxışlardan sonra Masallı Mədəniyyət Mərkəzinin solistləri Şamo İbayev və Aysel Nərimanovanın, “Halay” folklor xalq kollektivi üzvlərinin ifa etdikləri xoş ovqatlı musiqi nömrələri ətrafa yayılıb.

Daha sonra meydan yarışa qatılan yeniyetmə bahadırların ixtiyarına verilib. İki gün (5-6 oktyabr) davam edən turnirdə 2008-2010-cu il təvəllüdlü güləşçilər 10 çəki dərəcəsində qələbə uğrunda mübarizə aparıblar. Dünya Güləş Birliyinin təsdiq etdiyi qaydalara uyğun olaraq Azərbaycan Güləş Federasiyasının hakimlər heyəti tərəfindən idarə edilən yarışlarda respublikanın müxtəlif rayon və şəhərlərdən ibarət 25-ə yaxın komandanın tərkibində 200-dən yuxarı yeniyetmə yunan-Roma güləşçisi qüvvəsini sınayıb.

Qalib idmançılara təşkilat komitəsi, eləcə də sponsor tərəfindən müvafiq dərəcəli diplom, medal və pul mükafatları verilib.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü