29 sentyabr 2024 20:49
149

Azərbaycan-Çin əlaqələri qısa vaxtda çox yüksək inkişaf mərhələsinə qalxıb

AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli Pekində keçirilən “İpək yolu ruhuyla Çin-Azərbaycan münasibətlərini möhkəmləndir” devizi ilə 1-ci Çin azərbaycanşünaslıq beynəlxalq elmi konfransın iştirakçılarına videomüraciət ünvanlayıb.

“İki sahil” xəbər verir ki, AMEA-dan verilən məlumata görə, müraciətdə beynəlxalq konfransın iştirakçılarını təbrik edən akademik İsa Həbibbəyli tədbiri əlamətdar elmi-mədəni hadisə kimi yüksək qiymətləndirib. Azərbaycan-Çin əlaqələrinin müstəqillik illərində özünəməxsus böyük inkişaf yolu keçdiyini deyən AMEA rəhbəri bildirib ki, 1994-cü ildə Ümummilli Lider Heydər Əliyevin Çinə olan səfəri Azərbaycan Çin əlaqələrinin yeni tarixi şəraitdə möhkəm təməllərinə çevrilib və istiqamətini müəyyən edib. Diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin Çinə səfərləri zamanı imzalanan sənədlər, dövlət səviyyəsində əldə olunan razılaşmalar Azərbaycan-Çin əlaqələrini qısa vaxtda çox yüksək inkişaf mərhələsinə qaldırıb.

“Bu gün Azərbaycanda həm iqtisadi, həm elmi-ədəbi-mədəni, həm də digər sahələrdə Çin ilə geniş əlaqələr inkişaf etməkdə davam edir. Bu əlaqələr içərisində Azərbaycan-Çin münasibətlərinin xüsusi bir qolunu təşkil edən elmi əlaqələr özünəməxsus inkişaf yolu keçməkdədir. AMEA ilə Çin Sosial Elmlər Akademiyası arasında bağlanmış müqavilə, AMEA ilə HEBEY Sosial Elmlər Akademiyası arasında imzalanmış əməkdaşlıq sazişi Azərbaycan alimləri ilə Çin alimlərinin müştərək tədqiqatlar aparmaq, ölkələri elmi şəkildə tanıtmaq, elmi ədəbiyyatı mübadilə etmək baxımdan qarşıda yeni üfüqlər açır. Pekin Xarici Dillər Universiteti, HEBEY Pedaqoji Universiteti və HEBEY Sosial Elmlər Akademiyası ilə AMEA Xəzərdən Çin səddinə qədər olan böyük bir layihənin icrasına başlamışdır. Cari ilin iyul ayında Çində keçirilən beynəlxalq konfrans yaxın gələcəkdə Azərbaycanda, Özbəkistanda və digər respublikalarda da davam etdiriləcək”, - deyə akademik İsa Həbibbəyli söyləyib.

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Çin Mədəniyyət Mərkəzinin fəaliyyət göstərdiyini deyən akademik İsa Həbibbəyli Azərbaycan alimlərinin Çin ədəbiyyatına dair dissertasiya müdafiə etdiklərini, Çinə həsr olunmuş şeirlərdən ibarət kitabın çap olunduğunu bildirib: “Azərbaycan-Çin əlaqələri, eyni zamanda, Çin dilinin Azərbaycanda öyrənilməsinə də böyük maraq yaratmışdır və akademiyanın Çin Mədəniyyət Mərkəzində də Çinin Azərbaycandakı səfirliyinin dəstəyi ilə Çin dilini öyrənən tədqiqatçılar nəsli artıq formalaşıb. Bizim üçün son dərəcə böyük əhəmiyyətə malikdir ki, Pekin Xarici Dillər Universitetində artıq ikinci dəfədir ki, Azərbaycan dili üzrə mütəxəssislər hazırlanan qəbul aparılıb və həmin Azərbaycan dili üzrə 1-ci qəbulun məzunları Azərbaycanda təcrübə keçirlər. Onlar Azərbaycan dilini doğma ana dilləri qədər dərindən mənimsəyiblər. Bütün bunlar azərbaycanşünaslar qarşısında Çindəki alimlərimizlə əlaqəli şəkildə hər iki ölkə arasındakı münasibətlərin dərin köklərini, böyük ənənələrini, müasir dil vəziyyətini və gələcək inkişaf problemlərini öyrənmək kimi ciddi vəzifə qoyur. Hesab edirəm ki, beynəlxalq konfrans Azərbaycan-Çin çoxcəhətli əlaqələrinin elmi cəhətdən daha da inkişaf etdirilməsinə, bu sahədə sistemli yanaşmanın meydana qoyulmasına, müasir dövrün çağırışların uyğun hədəflərin müəyyən olunmasına özünün böyük töhfəsini verəcək”.

Akademik İsa Həbibbəyli müraciətində “Azərbaycan dili” ixtisasının Pekin Xarici Dillər Universitetində tədris olunmasının təşkilatçısı filologiya üzrə fəlsəfə doktoru, dosent Aqşin Əliyevin 1-ci Çin azərbaycanşünaslıq beynəlxalq elmi konfransının keçirilməsi istiqamətindəki rolunu yüksək qiymətləndirib. Qeyd edib ki, Aqşin Əliyev Azərbaycanla Çin arasında elmi-mədəni əlaqələrin inkişaf etdirilməsinə böyük töhfələr verib.

Qeyd edək ki, Pekin Xarici Dillər Universitetinin təşkilatçılığı və ev sahibliyi ilə keçirilən tədbirin məqsədi Azərbaycanın qədim tarixi, dili və mədəniyyətinin Çində elmi yolla tanıdılmasına töhfə vermək, iki xalq arasında mədəni əlaqələri dərindən araşdırmaq, iqtisadi əlaqələrin mövcud potensialını elmi yolla dəyərləndirmək, Çində azərbaycanşünaslıq elminin inkişafına təkan verməkdir.