28 sentyabr 2024 17:14
93

Ermənistan tərəfindən zərərin ödənilməsinin ən optimal variantı Zəngəzur dəhlizinin açılmasıdır

Dövlətlər daxilində mövcud münasibətlərin hüquqsuz tənzimlənməsi mümkün olmadığı kimi, dövlətlərarası münasibətləri də hüquq olmadan nizamlamaq qeyri-mümkündür və bunun adı beynəlxalq hüquqdur. Ancaq çox təəssüflər olsun ki, hazırkı birqütblü dünyada beynəlxalq hüquq dar çərçivədə bir sıra güclərin əsirinə çevrilib. Hüququn deyil, gücün aliliyinin hökm sürdüyü beynəlxalq münasibətlərdə beynəlxalq hüquq və onun norma və prinsipləri ayaqlar altda tapdalanır.

BMT başda olmaqla beynəlxalq hüququn subyektləri olan bütün təsisatlar və dövlətlər də bu prosesi əksər hallarda müşahidə etməkdən başqa bir şey etmirlər. Özlərinin belə qəbul etdikləri qərar və qətnamələrin heçə sayıldığını müşahidə edənlər, böyük güclərin maraqlarına uyğun gələndə isə dərhal hərəkətə keçirlər. Bu da dünyada güc diplomatiyasının və güc siyasətinin hökm sürməsi ilə yanaşı, güc hüququnun da diktə etməsindən xəbər verir. Biz bunun bariz nümunəsini bir çox proseslərdə, o cümlədən də keçmiş Qarabağ münaqişəsini güc yolu ilə həll etdiyimiz zaman gördük.

“İki sahil” xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri, politoloq Xəyal Bəşirov səsləndirib.

O vurğulayıb ki, dünyada siyasət, diplomatiya, elə beynəlxalq hüququn özü də güclülərin iradəsindən asılıdır. Yəni, güclüsənsə öz siyasətini yürüdür, diplomatiyanı həyata keçirir və lazım gələndə beynəlxalq hüquqa riayət olunmasını da tələb edə bilirsən. Hətta bütün dünyanın gözü qarşısında sənə qarşı ən ağır cinayətləri törədərək zərər vuranın da təzminat ödəməsini tələb etmək üçün haqlı olmaqla yanaşı, həm də güclü olmalısan.

Deputatın sözlərinə görə, belə olmasaydı, 30 ilə yaxın Azərbaycan ərazilərini işğal altında saxlayaraq hər gün, hər saat və hər an bizə zərər vurmaqla məşğul olan Ermənistana münasibətdə həmin beynəlxalq hüquq çoxdan dilə gəlməli və etirazını bildirməli idi. Ancaq biz bu günə qədər beynəlxalq hüququn bu mövzuda sükutundan başqa bir şey görmədik. Onun səssizliyindən istifadə edən bəzi mənfur qüvvələr absurd olaraq Ermənistanın Azərbaycana qarşı törətdiyi cinayətlərdə bizi ittiham etməyə cəhd göstərirlər. Dövlətlər və xalqlar üçün çox da böyük tarix olmayan bir əsr ərzində xalqımıza qarşı dəfələrlə etnik təmizləmə, soyqırımı, təcavüz, sülh və insanlıq əleyhinə və müharibə cinayətlərini törətmiş Ermənistanın qanlı əməllərinə layiqli qiymət vermək əvəzinə, bizi etnik təmizləmədə və digər əməlləri törətməkdə ittiham etməyə cəhd göstərirlər. Burada artıq sadəcə oturub günlərin birində beynəlxalq hüququn öz-özünə işə düşəcəyini gözləməyimiz ən yaxşı halda sadəlövhlük olardı. Çünki biz haqlıyıq, Ermənistan və ona rəhbərlik edənlər bizə qarşı əllərindən gələn bütün növ cinayətləri törədiblər və bunlara görə mütləq məsuliyyət daşımalıdırlar. Həm cinayət məsuliyyətini, həm də maddi məsuliyyəti. Bu, Azərbaycan dövlətinin və xalqının haqqıdır. Bunu sadəcə biz demirik, eyni zamanda, əlahəzrət beynəlxalq hüquq deyir. Elə biz də əlahəzrət beynəlxalq hüququn dediyini deyirik. Dünyada mövcud olan çoxlu təcrübələr də bizim dediklərimizi diktə edir.

X.Bəşirov bildirib ki, Ermənistanın onilliklər ərzində dövlətimizə və xalqımıza vurduğu zərərin mənəvi ölçüsünü müəyyənləşdirmək mümkün olmasa da, maddi miqyası yüz milyardlarla dollar həcmindədir. Bunu da təkcə biz deyil, bu işə cəlb olunan yerli və xarici ekspertlərin gərgin fəaliyyətlərinin nəticələri deyir. Vandallar təxminən indiki Ermənistanın yarısı boyda olan ərazilərimizdə hər şeyi, şəhərləri, qəsəbələri, kəndləri, avtomobil yollarını, dəmir yollarını, körpüləri, yeraltı və yerüstü sərvətlərimizi, meşələrimizi, çaylarımızı və hətta qəbir daşlarımızı, ümumilikdə hər şeyi məhv edib, çapıb və talayıblar. İşğalçı Ermənistan üzündən Azərbaycanın zamanında işğal edilmiş ərazilərindən bir milyona yaxın insanı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb, hələ də tam şəkildə yerlərinə və yurdlarına qayıda bilməyiblər.

“Cinayətkar Ermənistanın üzündən Azərbaycan dövləti iki dəfə müharibəyə cəlb olunmaqla minlərlə şəhid verib, on minlərlə əsgər və zabiti yaralanıb, düşmənə qarşı müharibə aparmaq üçün on milyardlarla vəsait xərcləməyə məcbur olub. Bu gün biz geniş quruculuq işlərinə on milyardlarla dollar həcmində vəsait xərcləyirik ki, bu proses uzun illər ərzində davam edəcək. Vurulan böyük miqyaslı zərərlə yanaşı, itirilmiş gəlirlər də var ki, bu, işin artıq hüquqi təfərrüatlarıdır. Bütün bunların səbəbkarı, Ermənistan və ona rəhbərlik edən cinayətkar ünsürlərdirsə və bütün dünya da bunu bilirsə, hətta əlahəzrət beynəlxalq hüququn da bundan xəbəri varsa, niyə Ermənistan bu günə qədər məsuliyyətə cəlb edilməyib?”, - deyə politoloq bildirib.

X.Bəşirovun fikrincə, bunu etmək beynəlxalq hüquqa diktə edən güclərin maraqlarına uyğun gəlmir. Elə keçmiş Qarabağ münaqişəsinin həlli də o güclərin maraqlarına uyğun deyildi, ancaq biz onun həllinə nail olduq. Ermənistanın işğalına son qoyduğumuz kimi, onun hüquqi məsuliyyətsizliyinə də son qoyub cavab verməsini təmin edəcəyik. Dünyada bir çox analoji təcrübələrə uyğun olaraq Ermənistan da maddi gücünün səviyyəsindən asılı olmayaraq, vurduğu zərərə görə məsuliyyətini mütləq dərk etməlidir.

“Ermənistana verilən yardımların, revanş məqsədilə müharibə üçün müxtəlif yollarla əldə etdiyi silah və texnikanın satılması, ərazilərinin güzəştə gedilməsi və ya Zəngəzur dəhlizinin istifadəyə verilməsindən sonra tranzit ölkə kimi əldə edəcəyi gəlirlərə yönəldilməsi hesabına da olsa, Ermənistan Azərbaycana vurduğu zərəri mütləq ödəməlidir. Bu xüsusda zərərin ödənilməsinin ən optimal variantı Zəngəzur dəhlizinin açılmasıdır. Göründüyü kimi, problemin hüquqi həlli yolları az deyil. Ödəyib, ödəməmək Ermənistanın seçimi deyil, öhdəliyi olsa da, ödəmə üsulunda Ermənistanın seçimi də nəzərə alına bilər. Ancaq hər bir halda həlli vacib olan bu məsələ Azərbaycan dövlətindən və xalqından daha çox, əlahəzrət beynəlxalq hüququn zəfəri olacaq”, - deyə Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri vurğulayıb.