27 sentyabr 2024 18:30
116

Balaxanı neftçiləri Azərbaycan uğrunda canından keçən qəhrəman həmkarlarını yad ediblər

Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən bütün şəhidlərin əziz xatirəsini qürurla yad edən Anım Günündə neftçilər qəhrəman həmkarlarının xatirəsini anıblar.

“İki sahil” xəbər verir ki, “Balakhani Operating Company LTD”nin ərazisində yerləşən “Şəhidlər unudulmur” abidəsi qarşısında toplaşan Balaxanı və Suraxanı neftçiləri Vətən uğrunda şücaətlə döyüşüb özlərini qurban verənlərin xatirəsini bir dəqiqəlik sükutla yad edib, abidənin qarşısına çiçəklər düzüblər.

Anım Günündə çıxış edən “Balakhani Operating Company LTD”nin prezidenti Rövşən Rzayev bildirib ki, bu gün burada toplaşanlar vəzifələrindən asılı olmayaraq 2020-ci ilin bu günü Ali Baş Komandanın ətrafında “dəmir yumruq” kimi birləşən xalqın nümayəndələridir. Şəhid və qazilərimizin qəhrəmanlıqları nəticəsində  Azərbaycanın hər qarışında suverenlik bərpa olunub, dövlət bayrağımız dalğalanır.

Rövşən Rzayev xatırladıb ki,  Balaxanı və Suraxanı neftçiləri arasında 400-ə yaxın şəhid ailəsinin üzvləri və qazilər çalışır. Onların Vətən uğrunda göstərdikləri hünər mədənlərdə çalışan hər kəsə xatırlatma və nümunədir.

Anım Günü tədbirinin sonunda şirkət rəhbərliyi Balaxanı ərazisindən olan Vətən müharibəsi qəhrəmanları, şəhid olmuş Əmrulla Əliyev, Musa Abışov və Rəşad Mikayılovun ailə üzvləri ilə görüşüb, daim dəstəkləri ilə onların valideynlərinin yanında olduqlarını vurğulayıblar.