26 sentyabr 2024 21:46
114

Azərbaycanda ilk dəfə olaraq Gənc Ailə Forumu keçirilib

Sentyabrın 26-da Azərbaycanda ilk dəfə olaraq Gənc Ailə Forumu keçirilib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilən Forum "Ailə - dəyişməyən dəyərimiz" mövzusuna həsr olunub.

Forumun ilk hissəsi ailə dəyərli ilə bağlı hüquq, psixologiya, turizm, sosial siyasət və digər mövzuları əhatələyən 6 müxtəlif paneldən ibarət olub.

Panellərdə aidiyyəti sahələr üzrə 20 mütəxəssis və respublikanın müxtəlif bölgələrindən dəvət olunan 90-dan çox gənc ailə iştirak edib.
Panellərdə gün ərzində aktual məsələlərlə bağlı müzakirələr aparılıb, suallar, rəylər və təkliflər qeydə alınıb.
Forumun ikinci hissəsində müxtəlif dövlət qurumlarından rəsmi şəxslər iştirak ediblər.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova "Ailə - dəyişməyən dəyərimiz" mövzusunda keçirilən "Gənc Ailə Forumu"nun rəsmi hissəsində çıxışı zamanı  diqqətə çatdırıb ki, ilk dəfədir Azərbaycanda belə bir forum keçirilir. Hesab edirəm ki, bu forum başlanğıc üçün yaxşı addımdır. İnanıram ki, forum qarşısına qoyduğu vəzifələri yerinə yetirəcək.

B.Muradova bildirib ki, ənənələrimiz məhz ailə mühitində formalaşır və gələcək nəsillərə ötürülür:“Hansı dövrdə yaşamağımızdan asılı olmayaraq, ailənin təməlində dayanan dəyərlər var. Bu dəyərlər ailəni möhkəm saxlayan amillərdir".
Konfransın məqsədi gənc ailələrin qarşılaşdığı problemləri müzakirə etməkdir. Biz bu forumda, həmçinin uzunömürlü ailələrin təcrübəsinin gənc ailələrə ötürülməsini böyük sərvət kimi dəyərləndiririk”, - deyə Komitə sədri qeyd edib.
Komitə sədri, həmçinin çıxışında ailə dəyərlərinin təbliği istiqamətində son 4 ildə 30-a yaxın videoçarx hazırlandığını da diqqətə çatdırıb.

Gənc ailələr tərəfindən ünvanlanan qeydə alınmış suallar Forumun rəsmi hissəsində hökumət nümayəndələri tərəfindən cavablandırılıb.
Sonra iştirak edən ailələrə Komitə tərəfindən sertifikatlar təqdim edilib.
Tədbir bədii hissə ilə yekunlaşıb.

Qeyd edək ki, Forumun keçirilməsində əsas məqsəd yeniləşən Azərbaycanda ailə institutunun möhkəmləndirilməsi, ənənəvi dəyərlərin qorunması və inkişafı, eyni zamanda, müasir cəmiyyətdə ailənin gənc nəslin hərtərəfli formalaşmasında yeri və rolu barədə yeni yanaşmaların müzakirəsi olub.

Yaqut Ağaşahqızı, "İki sahil"