19 sentyabr 2024 12:30
244

Alya Abbaszadə: "Technovate-Sabah Mələk İnvestorlar Klubu" qlobal startaplara 200 min dollar yatırıb

"Technovate-Sabah Mələk İnvestorlar Klubu" indiyədək qlobal startaplara 200 min ABŞ dolları məbləğində sərmayə yatırıb.

“İki sahil” xəbər verir ki, bunu Klubun icraçı direktoru Alya Abbaszadə ADA Universitetində "Technovate-Sabah Mələk İnvestorlar Klubu" və "Pegasus Ventures" tərəfindən Azərbaycanda ilk dəfə təşkil olunacaq startaplar üzrə dünya çempionatının ("Startup World Cup") regional mərhələsinin açılış mərasimində bildirib.

O qeyd edib ki, hazırda klubun 150-dən çox üzvü var: "Əsas məqsəd investisiya qoyuluşunu artırmaq, innovasiyaları təşviq etmək və bütün dünyada sahibkarlara dəstək olmaqdır. Biz sadəcə ödəniş üçün çek yazmaq istəmirik, hekayələr yazmaq, transformasiya yaratmaq istəyirik. Arzumuz bu investisiyaları milyardlarla dollara çevirmək, cəmiyyətimizə, iqtisadiyyatımıza və dünyaya qalıcı təsirlər buraxacaq yüzlərlə uğur hekayəsinin şahidi olmaqdır".

Bu istiqamətdə təhsilin mühüm rolunu diqqətə çatdıran A. Abbaszadə klub üzvlərinin Mələk İnvestor Məktəbində xarici mütəxəssislər tərəfindən startaplar və investisiyalar üzrə təhsil aldığını vurğulayıb.