19 sentyabr 2024 13:52
106

Gələn il sosial sahəyə nə qədər vəsait ayrılacaq?

Ölkəmizin sürətli inkişafı sosial sahədə irimiqyaslı islahatlar aparmağa imkan yaradıb. Azərbaycan hökuməti iqtisadi islahatlardan əldə edilən gəlirlər hesabına sosial proqramları genişləndirib. Bu baxımdan əminliklə söyləmək olar ki, dövlət başçısı İlham Əliyevin imzaladığı Fərman və sərəncamlar, həmçinin xüsusi Dövlət proqramları əhalinin sosial müdafiəsini gücləndirib. Maliyyə imkanları möhkəmləndikcə ölkədə həyata keçirilən sosial tədbirlərin də sayı artır. Yaşayış səviyyəsinin daha da yüksəldilməsi və yoxsulluğun azaldılmasında dövlət büdcəsinin sosialyönümlü olması öz rolunu oynayır.

Əhali üçün əlverişli sosial mühitin yaradılması, ölkə miqyasında iqtisadi inkişafın sürətlənməsi, yeni iş yerlərinin açılması vətəndaşlarımızın davamlı gəlirləri üçün əsas təşkil edir. Bu, dövlətin sosial siyasətinin birbaşa məqsədləridir. Prezident İlham Əliyevin vurğuladığı kimi, layiqli sosial siyasət qarşıdakı illərdə də Azərbaycan hökumətinin fəaliyyətinin prioriteti olaraq qalacaq.

Maliyyə Nazirliyi 2025-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlama yayıb. İlkin sənəddə gələn ilin dövlət və eləcə də icmal büdcə üzrə əsas göstəricilər bəyan edilib. Təbii ki, ən çox diqqəti çəkən məqamlardan biri də gələn il sosial istiqamətə ayrılan vəsaitlər və sosial islahat paketinin genişlənmə imkanları ilə bağlıdır. Sənədə əsasən, gələn dövlət büdcəsinin sosial müdafiə və sosial təminat xərclərinin 4 milyard 998 milyon manat olacağı proqnozlaşdırılır. 2024-cü ildə bu istiqamətə 4 milyard 391 milyon manat ayrılıb. Deməli, gələn sosial xərclər 14 faiz artırılacaq.

İlkin sənəddə sosial müdafiə və sosial təminat xərclərinin stukturu qeyd edilməsə də əlavə etmək lazımdır ki, sosial sektora vəsaitlərin böyük qismi Dövlət Sosial Müdafiə Fondunun xətti ilə yönəldilir. Yəni, sözügedən büdcə maddəsində nəzərdə tutulandan daha çox vəsait sosial sferaya yönəldilir.

2025-cü ildə dövlət büdcəsinin xərcləri 39 milyard 667 milyon manat proqnozlaşdırılır. Bunun 24 milyard 957 milyon manatı və ya 63 faizi cari xərclərə, 12 milyard 310 milyon manatı və ya 31 faizi əsaslı xərclərə, 2 milyard 399 milyon manatı və ya 6 faizi dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə yönəldiləcək.

İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışın təmin edilməsi üçün şəhər və kəndlərin yenidən qurulması və bərpası, həmin ərazilərdə müasir infrastrukturların yaradılması (elektrik enerjisi, təbii qaz, su, rabitə, yol, təhsil, səhiyyə, mədəniyyət, mənzil-kommunal və digər zəruri infrastrukturların və mədəni-tarixi abidələrin bərpası və yenidən qurulması, yaşayış evlərinin tikintisi və s.) məqsədilə 2025-ci ilin dövlət büdcəsindən 4 milyard manat vəsait nəzərdə tutulub.

Digər bir məsələ isə sosial iqtisadi inkişaf strategiyasıdır. Məhz bu strategiyaya uyğun olaraq 2025-ci ilin dövlət büdcəsindən 6,5 milyard manat məbləğində vəsait ayrılıb. Bunun da əsasən əmək haqları, pensiya təminatı və digər sosial ödənişlərin artırılmasına xidmət edəcəyi gözlənilir. Başqa xərc istiqamətləri üzrə isə səhiyyə, o cümlədən də icbari tibbi sığortanın maliyyə təminatını göstərmək olar. Təhsil xərcləri, o cümlədən də dövlət sifarişi ilə ali təhsil alanların təqaüd sayının artırılması, tələbə kreditlərinin maliyyələşdirilməsi, ərzaq təhlükəsizliyi və sair istiqamətləri qeyd etmək yerinə düşər.

Praktiki olaraq bu, məhz Azərbaycanda son 15 ildə həyata keçirilən sosial siyasətin növbəti illərdə də davam etdirilməsi, daha da təkmilləşdirilməsi, əlçatanlığın genişləndirilməsi və sosial proqramlardan faydalananların sayının artmasında özünü göstərəcək.

Cavid Əkbər, “İki sahil”