10 sentyabr 2024 11:20
283

Teymur Rəcəbov: Şahmat Olimpiadasında layiqli çıxış etməyə çalışacağıq

"Layiqli çıxış etməyə çalışacağıq."

“İki sahil” xəbər verir ki, bunu kişi şahmatçılardan ibarət Azərbaycan millisinin kapitanı Teymur Rəcəbov Şahmat Federasiyasının mətbuat xidmətinə açıqlamasında bildirib.

Qrossmeyster bu gün Macarıstanın paytaxtı Budapeştdə baş tutacaq 45-ci Ümumdünya Şahmat Olimpiadasının açılış mərasimindən öncə yarışla bağlı qısa fikirlərini söyləyib:

“Komanda olimpiadaya hazırlığı davam etdirir. Şahmatçılar yaxşı mübarizə nümayiş etdirməyə hədəflənib. Ümumdünya Şahmat Olimpiadası çətin yarışdır".

Kişi şahmatçılardan ibarət Azərbaycan millisində Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Nicat Abasov, Aydın Süleymanlı və Məhəmməd Muradlı çıxış edəcək. Kişi şahmatçılardan ibarət komanda reytinqə əsasən 12-ci yerdədir.

Qadın şahmatçılardan ibarət milli komandada isə Günay Məmmədzadə, Gövhər Beydullayeva, Xanım Balacayeva, Ülviyyə Fətəliyeva və Gülnar Məmmədova medallar uğrunda mübarizə aparacaqlar. Kapitan Mixail Şereşevski olacaq. Komanda reytinqə əsasən 6-cı pillədədir.

Qadın şahmatçılardan ibarət millinin kapitanı Mixail Şereşevski olimpiadayla bağlı fikirlərini bildirib:

“Ümumdünya Şahmat Olimpiadası gərgin yarışlardan biridir. Reqlament hər tura ciddi yanaşmağa məcbur edir. Olimpiadada dünyanın ən güclü şahmat heyətləri mübarizə aparacaq. Biz də yaxşı çıxış etmək üçün çalışacağıq”.

Qeyd edək ki, Şahmat Olimpiadası sentyabrın 23-dək davam edəcək. Yarışda ilk turun partiyaları sentyabrın 11-də keçiriləcək. Kişilərin mübarizəsində 197, qadınların yarışında isə 184 ölkənin komandası mübarizə aparacaq.