10 sentyabr 2024 08:40
274

İlham Zəkiyev: Medal qazanmaq möhtəşəm hissdir

"Paralimpiadada qazanılan hər bir medal qələbə deməkdir".

“İki sahil” xəbər verir ki, bu sözləri "Paris-2024" Yay Paralimpiya Oyunlarında paracüdo üzrə yarışlarda bürünc medal qazanmış Azərbaycan idmançısı İlham Zəkiyev jurnalistlərə açıqlamasında deyib.

O, yarışa istədiyi şəkildə hazırlaşa bilmədiyini söyləyib: "Buna baxmayaraq, medal qazanmaq möhtəşəm hissdir. Fransalı idmançıya qarşı birinci görüşdə haqsızlıq yaşasam da, ruhdan düşmədim. Bizi dəstəkləyən hər kəsə minnətdaram. Yaşım çox olsa da, əzm, iradə hesabına hər şeyə qalib gəlmək olar".

(J1, +90 kiloqram) kateqoriyasında mübarizə aparan İ.Zəkiyev bürünc yer uğrunda görüşdə Qanbat Daştserenə (Monqolustan) qalib gəlib.

Qeyd edək ki, “Paris-2024” Yay Paralimpiya Oyunlarında 7 idman növü üzrə 18 idmançı ilə təmsil olunan Azərbaycan 4 qızıl, 2 gümüş və 5 bürünc olmaqla ümumilikdə 11 medal qazanıb. Ölkəmiz medal sıralamasında 169 ölkə arasında 28-ci yeri tutub.