“Çox sevinirəm ki, Tokiodakı nəticəni təkrarladım”.
“İki sahil” xəbər verir ki, bu sözləri "Paris-2024" Yay Paralimpiya Oyunlarında paraatletika üzrə yarışlarda qızıl və gümüş medal qazanmış Azərbaycan idmançısı Lamiyə Vəliyeva jurnalistlərə açıqlamasında deyib.
O, qazandığı uğura görə xoşbəxt olduğunu bildirib: "Hisslərimi sözlə ifadə etmək çətindir. Azərbaycan Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, Gənclər və İdman Nazirliyinə və Milli Olimpiya Komitəsinə təşəkkür edirəm. Dəstəyə görə hər kəsə minnətdaram. Onların inamı bizə stimul verirdi".
Lamiyə Vəliyeva T13 kateqoriyasında 100 metr məsafəyə qaçışda qızıl, 400 metr məsafəyə qaçışda isə gümüş medal qazanıb.
Qeyd edək ki, “Paris-2024” Yay Paralimpiya Oyunlarında 7 idman növü üzrə 18 idmançı ilə təmsil olunan Azərbaycan 4 qızıl, 2 gümüş və 5 bürünc olmaqla ümumilikdə 11 medal qazanıb. Ölkəmiz medal sıralamasında 169 ölkə arasında 28-ci yeri tutub.