10 sentyabr 2024 00:14
284

Azərbaycan elminin dünya elm məkanına inteqrasiyası prioritetdir

Dövlət başçısı İlham Əliyev Bakıda keçirilən Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumunun iştirakçılarına müraciətində bir daha bildirdi ki, işğaldan azad edilmiş tarixi ərazilərimizin bərpası prosesinə alimlərimizin öz bilik və təcrübələri ilə töhfə verə bilmələri üçün faydalı əməkdaşlıq yolları müəyyən ediləcək

Dövlət başçısı  İlham Əliyev hər zaman bu çağırışı edir ki, əgər biz inkişaf etmiş ölkələrin tarixinə və bugünkü inkişaf dinamikasına nəzər salsaq əsas hərəkətverici qüvvənin təhsil, elm, texnologiyalar, innovasiyalar olduğunu görərik. Bu gün elm və təhsil təkcə inkişaf etmiş ölkələrin deyil, ümumilikdə dünyanın əsas prioritetlərinin tərkib hissələrindən biridir. Hazırda metodologiyalar və texnologiyalar kökündən dəyişməkdə, elm öz inkişafında böyük dəyişikliklərə məruz qalmaqdadır. Dövrün, zamanın tələbinə uyğun təkmilləşmə digər sahələr kimi, təhsildə də özünü qabarıq şəkildə göstərir. Təhsili millətin gələcəyi kimi dəyərləndirən Ulu Öndər Heydər Əliyev bildirirdi ki, təhsil həyatımızın ən gərəkli, mühüm sahəsidir. Ümummilli Liderin bu fikirlərinin davamı olaraq dövlət başçısı İlham Əliyev bildirir ki, o ölkələr yaxşı inkişaf edir ki, orada təhsil yüksək səviyyədədir. Bir sözlə, müasir dövrün sosial-siyasi reallıqlarının, dünyanın yeni çağırışlarının intellektual gənclik qarşısında qoyduğu mühüm vəzifələrin uğurlu icrası üçün zəruri addımlar atılır. Görülən işlərin, həyata keçirilən tədbirlərin bir məqsədi var: Yenilikçi, müasir düşüncəyə malik olan gənclərin yeni texnologiyaların öyrənilməsinə və tətbiqinə marağı artırılsın, ən əsası kadr hazırlığı iqtisadi inkişafın səviyyəsi ilə uyğunlaşdırılsın. Həmçinin məktəblərin kompyuterləşdirilməsi, gənclərin virtual dünyaya çıxışının təmin edilməsi, onların informasiya texnologiyaları ilə işləmək vərdişlərinə yiyələnmələri üçün atılan məqsədyönlü addımlar da bu tərkibdəndir.

Təbii ki, hər dövrün öz tələbləri vardır. Bu baxımdan qeyd olunur ki, təhsil hər bir ölkənin inkişaf səviyyəsinin müəyyənləşdirilməsində, yeni-yeni hədəflərə doğru inamla irəliləməsində əsas amillərdən biridir. Son 20 ildən artıq dövrdə Ulu Öndər Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyev ilk gündən “Neft kapitalını insan kapitalına çevirək!” tezisini irəli sürərək təhsilin, elmin və iqtisadiyyatın vəhdətinin yaradılması istiqamətində biri-birindən önəmli addımlar atır. Bu tezis, eyni zamanda, yeni texnologiyaların tətbiqini daha da aktuallaşdırdı, istər orta, istərsə də ali təhsil müəssisələrinin müasir dövrün tələblərinə cavab verməsi üçün infrastruktur daha da təkmilləşdirildi, yeniləşdi və bu proses hazırda uğurla davam etdirilir. Cənab İlham Əliyevin bütün çıxışlarında, gənclərlə görüşlərində hər bir ölkənin bu günü və gələcəyinin təhsillə bilavasitə bağlı olduğu önə çəkilərək ölkəmizdə təhsilin və elmin  inkişafı istiqamətində atılan addımlardan bəhs edilməklə yanaşı, hədəflər də açıqlanır. Günümüzün əsas tələbi təhsildə və elmdə  islahatların daha da dərinləşdirilməsi, elmi axtarışların davam etdirilməsidir. Azərbaycan hər zaman dünya elminə verdiyi töhfələri ilə diqqətdə olub.

Dövlətimizin başçısı İlham Əliyevin sərəncamlarına uyğun olaraq təsdiqlənən “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı»nda,  həmçinin “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya»da ali təhsil sisteminin rəqabətliliyinin artırılması, beynəlxalq əlaqələrin inkişafı, dünya təhsil sisteminə, elm məkanına inteqrasiyanın sürətləndirilməsi bir tələb kimi ortaya qoyulur.

Xaricdə təhsil prioritet məsələlər sırasındadır. Bununla bərabər təhsil alan gənclərin Vətənə dönərək əldə etdikləri təcrübəni ölkəmizdə tətbiq etmələri əsas çağırışlardandır. Dövlətimizin başçısı məhz bu məqamı önə çəkərək bildirir ki, Azərbaycanda elə bir şərait yaratmalıyıq ki,  onlar özləri qayıtsınlar. Artıq bu gün dünyada mövcud olan və fəallaşan Azərbaycan icmaları ölkəmizə də dəstəkdir. Gənclərin xarici ölkələrdə təhsili ilə paralel olaraq növbəti bir təşəbbüs irəli sürüldü. Aparıcı xarici ali təhsil ocaqlarının Azərbaycanda filiallarının yaradılması məsələsi gündəlikdə oldu. Artıq qısa müddətdə ölkəmizdə bu filiallar yaradılıb. Cənab İlham Əliyev böyük əminliklə qeyd edir ki, onların sayı daha da çox ola bilər. Bu müzüm məqamı da xüsusi qeyd etməliyik ki, Azərbaycanın müxtəlif  ölkələrlə  ikitərəfli əlaqələrinin inkişafında təhsil xüsusi yer tutur. Bu sırada ölkəmizdə Türkiyə-Azərbaycan  Universitetinin yaradılmasını qeyd edə bilərik. Belə ki, cənab İlham Əliyevin bu ilin 7 fevral tarixində  keçirilən növbədənkənar prezident seçkilərində inamlı qələbəsindən sonra ilk olaraq qardaş Türkiyəyə səfəri zamanı imzalanan sənədlər sırasında Türkiyə-Azərbaycan Universitetinin yaradılmasına dair Anlaşma Memorandumu oldu. Dövlət başçısı İlham Əliyev həmin səfər çərçivəsində mətbuata bəyanatında bildirdi ki,  təhsillə bağlı önəmli anlaşma imzalanmışdır. Bu, gələcəyə yönəlmiş təşəbbüsdür. Çünki bizim gənc nəslimiz həm Türkiyədə, həm Azərbaycanda qardaşlıq, müttəfiqlik, ortaq dəyərlər prinsipləri əsasında tərbiyə almalıdır,  milli-mənəvi dəyərlərimizə sadiq, yad təsirdən uzaq, bilikli, savadlı vətənpərvər insanlar olmalıdır. Bu gün Türkiyə-Azərbaycan Universitetinin yaradılması, sadəcə olaraq, təhsil məsələsi deyil. Bu, bizim birliyimizin növbəti rəmzidir: «Əminəm ki, yaxın gələcəkdə bu universitet nəinki Azərbaycanda, bölgədə ən aparıcı ali məktəblərdən birinə çevriləcəkdir.» Bu kimi mühüm addımların davamı olaraq dövlət başçısı İlham Əliyevin bu günlərdə İtaliyaya işgüzar səfəri zamanı “Dünya, Avropa və İtaliya haqqında bilgilər” mövzusuna həsr olunmuş Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyada çıxışı zamanı səsdəndirdiyi fikirlər də diqqətdən kənarda qalmadı. «Bizim ikitərəfli əlaqələrimiz əlbəttə ki, enerji və ticarətlə məhdudlaşmır. Biz hazırda humanitar məsələlər üzərində fəal şəkildə işləyirik» söyləyən cənab İlham Əliyev bildirdi ki,  artıq İtaliya-Azərbaycan Universiteti fəaliyyətə başlayıb və bu, bizim əməkdaşlığımızın şaxələndirilməsinin gözəl nümunəsidir. İtaliyanın beş aparıcı universiteti – Luiss, Sapienza, Bolonya, Milan və Turin universitetləri və onların Azərbaycandan olan tərəf-müqabilləri bu müştərək təsisatı yaradıb. Bu, bizim gələcək əməkdaşlığımız üçün mühüm əhəmiyyət kəsb edəcək: «Çünki orada bu gün təhsil alan və gələcəkdə təhsil alacaq tələbələr İtaliya ilə təbii bağlantı rolunda çıxış edəcəklər. Onlar italyan dilində səlis danışacaq, italyan mədəniyyətini və italyan xalqının geniş tarixi irsini daha yaxından tanıyacaqlar.»

İkitərəfli əməkdaşlıqda diqqət çəkən bu  məqamları xeyli sayda qeyd edə bilərik. Bu, ondar irəli gəlir ki, Azərbaycan dünya elminə inteqrasiyanın prioritet məsələ kimi öndə saxlayır. Bunu sentyabrın 9-da öz işinə başlayan Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumu da təsdiqləyir. Dövlət başçısı İlham Əliyevin Forumun iştirakçılarına müraciəti, həmçinin çıxışlarda səsləndirilən fikirlər Azərbaycanın innovasiyalar ölkəsi olduğunu, daim yeniliyə, təkmilləşməyə maraq göstərdiyini  nümayiş etdirir. 

Əvvəldə də qeyd etdiyimiz kimi, hər dövrün öz tələbləri vardır. Bu gün ölkəmiz elə sürətlə inkişaf edir ki, kadr hazırlığı əsas məsələ kimi öndə dayanır. Dövlət başçısı İlham Əliyevin mühüm çağırışları sırasında bu hədəf xüsusi yer alır ki, kadrlarımız yetişsin, həm Azərbaycanda, həm də başqa ölkələrdə azərbaycanlı kadrlar yüksək vəzifələrdə işləsinlər. Sözügedən Forumda da qeyd edildi ki, xaricdə yaşayan Azərbaycan alimlərinin iştirakı ilə elmimizin səviyyəsinin artırılması, yeni dövrün tələblərinə uyğun kadrların yetişdirilməsi zamanın tələbidir.

Hər bir  ölkə o zaman güclü, qüdrətli, insanların rifah halı yüksək olur ki, zəngin idarəçilik təçrübəsinə malik rəhbəri vardır. Bu fikir beynəlxalq səviyyəli tədbirlərdə də xüsusi qeyd olunur ki, yoxsul deyil, yaxşı idarə olunmayan ölkələr vardır. Azərbaycanın inkişaf modeli beynəlxalq səviyyədə təqdir olunursa, bu, təkmil islahatlara əsaslanan davamlı inkişafın nəticəsidir. Yüksək ixtisaslı gənc kadrların yetişdirilməsi və dövlət idarəçiliyində təmsil olunmaları onların potensial imkanlarını düzgün istiqamətləndirmələrində əhəmiyyətli rol oynayır. Dövlətimizin başçısı İlham Əliyev daim bu çağırışı edir ki, yeniliklər, müsbət təcrübə, dünyada mövcud olan ən mütərəqqi yanaşma Azərbaycanda tətbiq edilməlidir.

Qeyd etdiyimiz kimi, Azərbaycan yeni dövrə qədəm qoyub. 30 illik işğala son qoyulub, ərazi bütövlüyümüz və suverenliyimiz tam bərpa edilib. Son dörd ilə yaxın  dövrdə işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işləri geniş vüsət alıb. Bu torpaqlarımız müasir tələblər səviyyəsində yenidən qurulur. Cənab İlham Əliyev bərpa işlərinə başlandığı gündən qarşıya bu vəzifəni qoydu ki, bütün yeniliklər bərpa-quruculuq işlərində öz əksini tapmalı, keçmiş məcburi köçkünlərin yüksək rifah şəraitində yaşamaları üçün bütün imkanlar yaradılmalıdır. Dünyaya Azərbaycan brendi kimi səs salan «ASAN xidmət», DOST mərkəzlərinin də bu ərazilərdə yaradılması prioritet məsələlər sırasındadır. Dövlət başçısı İlham Əliyevin Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumunun iştirakçılarına müraciətində belə bir əminlik ifadə edildi ki, tədbir  Azərbaycanda elmin dayanıqlı və innovativ inkişafı naminə ətraflı fikir mübadiləsi və dolğun müzakirələr şəraitində keçəcək, işğaldan azad edilmiş tarixi ərazilərimizin bərpası prosesinə alimlərimizin öz bilik və təcrübələri ilə töhfə verə bilmələri üçün faydalı əməkdaşlıq yollarını müəyyən edəcək.

Belə bir fakt xüsusi vurğulanmalıdır  ki, işğaldan azad edilmiş ərazilərdə  əsas diqqət göstərilən məsələlərdən biri müasir tələblərə cavab verən təhsil müəssisələrinin yaradılmasıdır. Diqqət yetirsək dost, qardaş ölkələrin işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işlərinə dəstəklərində də məktəb tikintisinin xüsusi yer tutduğunu görərik. Ötən ilin avqustunda Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, xanımı Ziroatxon Mirziyoyeva Füzulidə inşa olunan Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin açılış mərasimində iştirak etdilər. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən özbək xalqı adından hədiyyə olaraq Füzulidə inşa edilən məktəb 960 şagird yerlikdir. 2022-ci ildə başlanılan tikinti işləri yüksək keyfiyyətlə həyata keçirildi. Bu il isə Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılışı diqqətdə oldu. Martın 12-də Azərbaycan Prezidenti İlham Əliyev və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Füzuli şəhərində inşa olunan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılış mərasimində iştirak etdilər. Prezident Kasım-Jomart Tokayevin təşəbbüsü ilə inşa olunan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi qardaş qazax xalqının Azərbaycan xalqına hədiyyəsidir. Təməli 2023-cü ilin martında qoyulan Mərkəz 1,5 hektar ərazidə yaradılıb.  İkimərtəbəli binada 600 uşağın bir neçə növbədə məktəbdənkənar təhsil alması üçün hər cür şərait yaradılıb.

Təhsilin inkişafına yönələn addımlar sırasında cənab İlham Əliyevin «Qarabağ Universitetinin yaradılması haqqında» Sərəncamını və bu sənədə əsasən atılan mühüm addımı  qeyd edə bilərik. Əhalinin dayanıqlı məskunlaşması və ərazilərin iqtisadi fəaliyyətə reinteqrasiyası istiqamətində müəyyənləşdirilmiş hədəflərin reallaşdırılmasında nəzərdə tutulan müasir yanaşmalar, o cümlədən qabaqcıl standartların, yüksək texnologiyaların tətbiqi və hər bir rayonun ixtisaslaşma sahəsinə müvafiq inkişafı yüksəkixtisaslı kadrların cəlb edilməsini şərtləndirir. Sərəncamda qeyd olunduğu kimi,  Qarabağ regionunda ali təhsil ənənəsi tarixən mövcud olmuşdur. Burada ilk ali təhsil ocağı 1969-cu ildə Azərbaycan Pedaqoji İnstitutunun filialı kimi qurulmuş, 1973-cü ildən 1988-ci ilədək ali təhsil müəssisəsi kimi fəaliyyət göstərmiş, ərazilərimizin işğalı dövründə isə fəaliyyətini dayandırmışdır. İşğaldan azad edilmiş ərazilərin iqtisadi potensialı, aparılan bərpa-quruculuq işləri, eləcə də əmək bazarının tələbləri regionda yüksək ixtisaslı kadrların hazırlığını həyata keçirən ali təhsil müəssisəsinin təşkili zərurətini meydana çıxarmışdır. Qarabağ Universiteti regionun sosial-iqtisadi ehtiyaclarına uyğun yüksək ixtisaslı kadr tələbatının ödənilməsi və tarixən mövcud olmuş təhsil ənənələrinin yaşadılması məqsədilə yaradılır.

Göründüyü kimi, təhsilin inkişafı prioritet məsələlər sırasındadır. Yeni texnologiyaların inkişaf etdiyi hazırkı dövrdə bu vəhdəti qorumaqla yüksək nəticələr əldə edə bilərik. «Ağıllı şəhər» və «ağıllı kənd» layihələri çərçivəsində yenidən qurulan torpaqlarımızda müasir tipli məktəblərin, universitetlərin yaradılması gələcək üçün yüksəkixtisaslı kadrların yetişdirilməsinə böyük stimuldur.

Dövlət başçısı İlham Əliyev  Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumunun iştirakçılarına müraciətində onu da bildirir ki,  xaricdə yaşayan həmvətənlərimizin sıralarında elm xadimlərinin geniş yer tutması Azərbaycan diasporunun inkişafına böyük imkanlar yaradır. Diasporumuzun fəaliyyətinin sistemliliyinin təmin edilməsi məqsədilə elm sahəsində çalışan soydaşlarımızla daha sıx münasibətlər qurulması, milli maraqlarımıza xidmət göstərən müxtəlif proqram və layihələrdə onların yaxından iştirakının dəstəklənməsi istiqamətində ötən müddət ərzində təqdirəlayiq işlər görülmüşdür: «Forumun dünyanın müxtəlif ölkələrində məskunlaşmış azərbaycanlı alimlərin şəbəkələşməsi, onların elm və təhsil ocaqlarımızla əlaqələrinin dərinləşməsi, qazanılan müştərək nailiyyətlərdən yararlanmaqla ölkəmizin qlobal hədəflərə sürətlə yaxınlaşması, habelə Azərbaycan elminin dünya elm məkanına inteqrasiyası baxımından son dərəcə səmərəli olacağına əminəm.»

Dünya azərbaycanlılarının birliyi, həmrəyliyi bütün dövrlər üçün aktuallığını qoruyur. Son illərin, yəni tarixi Zəfərimizdən ötən  4 ilə yaxın dövrün qürurverici hadisələri sırasında  dünya azərbaycanlılarının 30 ildən sonra azad Şuşada bir araya gəlib V Qurultayın-Zəfər Qurultayınının keçirilməsini qeyd edə bilərik. Cənab İlham Əliyev bu məkandan belə bir  reallıqları diqqətə çatdırdı ki,  Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə ilk qurultay 2001-ci ildə keçirilmişdir. Ümummilli Lider həmin qurultaydakı   dərin məzmunlu çıxışında Qarabağ problemi ilə bağlı öz fikirlərini bildirmişdir. Qeyd etmişdi ki,  Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək, işğal altında olan torpaqlar işğaldan azad ediləcək və Azərbaycan xalqı öz dədə-baba torpaqlarına qayıdacaqdır. Biz - Ulu Öndərin davamçıları bu sözləri gerçəyə çevirdik: «V qurultaya hazırlıq işləri başlayarkən mənə məruzə edildi və mən dedim ki, bu qurultay mütləq Şuşada keçirilməlidir. Əminəm ki, qurultay iştirakçıları da buna çox müsbət yanaşıblar və böyük həvəslə Şuşaya, qədim Şuşaya, bizim mədəniyyətimizin paytaxtı olan Şuşaya gəlmişlər. Şuşa da öz doğmalarını bax, belə günəşli hava ilə qarşılayır və bu, bir daha onu göstərir ki, bura bizim tarixi torpağımızdır. Hətta təbiət, günəş də bizimlə həmrəydir.»

Bu mühüm məqama da xüsusi diqqət yönəldildi ki, xaricdə fəaliyyət göstərən diaspor təşkilatları Azərbaycan ilə daim təmasdadırlar. Müxtəlif ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatları arasında koordinasiya da təkmilləşir. Bu da çox vacibdir: «Əlbəttə, biz hamımız - Azərbaycanda yaşayan azərbaycanlılar istəyirik ki, xaricdə yaşayan azərbaycanlılar öz tarixi Vətəni ilə sıx bağlı olsunlar. Heç olmasa, ildə bir dəfə hər bir azərbaycanlı öz ailəsi ilə Azərbaycana gəlsə, çox yaxşı olar - xüsusilə azad edilmiş torpaqlara getmək üçün. İndi bu gün biz qurultayı Şuşada keçiririk. Ancaq azad edilmiş ərazilər 10 min kvadratkilometrdən çoxdur və indi marşrutlar da açılır, aeroportlar da tikilir. Ona görə gəliş-gediş çox rahat olacaq.» Çağırışlar sırasında o da qeyd edildi ki, ikinci, üçüncü nəsil azərbaycanlıların öz mədəniyyətinə bağlı olmasını istəyirik. Burada onlar, ilk növbədə, Azərbaycan dilini bilməlidirlər. Burada, əlbəttə, təkcə ailələrdə Azərbaycan dilini yaşatmaq mümkündür. Ancaq kifayət deyil. Ona görə Azərbaycan məktəblərinin, bazar günü məktəblərinin açılması istiqamətində də  hər zaman kömək göstərməyə hazırıq. Bunu edirik. Bəlkə də bunu daha da təşkilatlanmış şəkildə etmək lazımdır. Çünki Ana dili əsas amildir. Ana dili bütün Azərbaycan vətəndaşlarını birləşdirir: «Bizim xaricdə yaşayan gənc azərbaycanlılarımız həm İkinci Qarabağ müharibəsinin tarixini yaxşı bilməlidir, həm də bu həqiqətləri öz dostlarına çatdırmalıdırlar. Yəni, bir sözlə, xaricdə yaşayan azərbaycanlılar böyük qüvvədir. Onların fəaliyyəti ölkəmiz üçün çox önəmlidir. Onların fəallığı və Azərbaycan həqiqətlərinin çatdırılması, Azərbaycan maraqlarının müdafiə edilməsi, əlbəttə ki, bizim dövlətimizi daha da gücləndirir. Biz Azərbaycan dövləti olaraq öz fəaliyyətimizdə həmişə xaricdə yaşayan azərbaycanlıların yaşayışı ilə maraqlanırıq, təmaslar qururuq. Dövlətlərarası münasibətlər müstəvisində bu, önəmli bir amildir.»

Bakıda öz işinə başlayan  Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumu bu kimi hədəflərə öz töhfələrini verəcək. Diasporla İş üzrə Dövlət Komitəsinin, Elm və Təhsil Nazirliyinin dəstəyi, Dünya Azərbaycanlı Alimlər Dərnəyinin təşkilatçılığı ilə baş tutan,  üç gün davam edəcək və  23 ölkədən 80-dən çox azərbaycanlı alimin, ümumilikdə 200-ə yaxın elm xadiminin iştirak etdiyi  Forumun məqsədi müxtəlif ölkələrdə yaşayan azərbaycanlı alimləri bir araya gətirmək, yerli alimlərlə görüşdürmək, bilik və təcrübə mübadiləsi aparmaq, dünya azərbaycanlı elm adamlarının şəbəkələşməsinə töhfə verməkdir. Forum çərçivəsində tədbir iştirakçıları işğaldan azad edilmiş ərazilərin bərpası prosesində alimlərimizin bilik və təcrübəsindən yararlanmaq məqsədilə Şuşa və Xankəndi şəhərlərində olacaq, Qarabağ Universitetinin müəllim heyəti ilə müzakirələr aparacaqlar.

Keçirilən beynəlxalq konfranslar, forumlar müxtəlif mövzuları əhatə etsə də hər zaman olduğu kimi, yenə də həqiqətlərimizin təbliğində əhəmiyyətli rola malikdirlər. Hazırda yeni dövrə uğurla  qədəm qoyan  Azərbaycanın reallıqlarının beynəlxalq ictimaiyyətə çatdırılmasında bu tədbirlərin rolu daha böyükdür. Belə ki, tədbir iştirakçılarına işğaldan azad edilmiş ərazilərimizə  səfərlər edib burada aparılan işlərlə bağlı, eyni zamanda, enrmənilərin törətdikləri vəhşiliklər barədə məlumatların əldə edilməsinə imkanlar yaranır. Tarixi Zəfərimizin, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsi fonunda bu gün Şuşanın və Xankəndinin daim xarici qonaqları qarşılaması harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlını qürurlandırır.

Yeganə Əliyeva, «İki sahil»