08 sentyabr 2024 16:52
424

Formula 1 ilə əlaqədar paytaxtda nəqliyyatın hərəkət məhdudiyyəti 3 zonada tətbiq ediləcək

Sentyabrın 13-15-də keçiriləcək Formula 1 Qatar Airways Azərbaycan Qran-Prisi ilə əlaqədar logistik əməliyyatların həyata keçirilməsi məqsədilə sentyabrın 7-si gecə saat 01:00-dan etibarən Puşkin küçəsinin Üzeyir Hacıbəyli küçəsi və Neftçilər prospekti ilə kəsişməsindən olan hissəsi nəqliyyatın hərəkəti üçün məhdudlaşıb.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən “İki sahil”ə verilən məlumata görə, məhdudiyyət tədbirin sonunadək davam edəcək.

Xatırladaq ki, Nəqliyyatın İdarəetmə Planına əsasən, Bakı Şəhər Halqasının keçdiyi küçələr və trekin əhatə etdiyi ərazilər sentyabrın 9-u gecə saat 01:00-dən etibarən nəqliyyatın hərəkəti üçün bağlı olacaq.

Hərəkət sentyabrın 17-si səhər saat 8:00-dan etibarən bərpa olunacaq.

Nəqliyyatın hərəkət məhdudiyyəti 3 zonada tətbiq ediləcək. Birinci zona yarış halqasının əhatə etdiyi İçərişəhər ərazisi, ikinci Azadlıq meydanı və onun yaxınlığında yerləşən digər küçələr, üçüncü zona isə BMT-nin 50 illiyi küçəsinin keçdiyi ərazidir. Yarışın keçirildiyi müddətdə qeyd olunan ərazilərə nəqliyyatın giriş-çıxışı üçün “Yaşayış yerinə giriş icazəsi” veriləcək. Qeyd olunan sənədi paylanma məntəqələrinə yaxınlaşaraq həftənin bazar ertəsindən cümə gününə kimi, saat 10:00-dan 17:00-dək əldə etmək mümkündür. Bunun üçün vətəndaşlar zonalar üzrə aşağıdakı müvafiq idarələrə müraciət etməlidirlər:

- Zona 1 – İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi

- Böyük Qala küçəsi 41, keçmiş ensiklopediya binası, 4-cü mərtəbə

Tel: (012) 497-35-89

- Zona 2 – Mənzil-Kommunal və İstismar İdarəsi № 4

- Xəqani küçəsi 26/32

Tel: (012) 498 88 06

- Zona 3 – Mənzil-Kommunal və İstismar İdarəsi № 58

- İstiqlaliyyət küçəsi 5

Tel: (012) 492 41 85

Qeyd edək ki, “Yaşayış yerinə giriş icazəsi”nin paylanması avqust 29-dan sentyabrın 13-dək davam edəcək. Hər il olduğu kimi, bu il də Formula 1 Qatar Airways Azərbaycan Qran-Prisi müddətində piyadaların hərəkətinə heç bir məhdudiyyət qoyulmayacaq.