07 sentyabr 2024 09:30
216

ABŞ qoşunları 2026-cı ilin sonuna qədər İraqdan çıxarılacaq?

ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrinin İraqdan çıxarılması ilə bağlı Vaşinqton və Bağdad arasında ilkin razılaşmalar əldə edilib.

“İki sahil”in “Reuters”ə istinadən verdiyi məlumatına görə, qoşunların çıxarılması bir neçə mərhələdə və ümumilikdə - 2026-cı ilin sonuna qədər baş verməlidir.

Qərb kəşfiyyat orqanlarının mənbələrinə görə, plan birinci ildə yüzlərlə ABŞ hərbçisinin çıxarılmasını nəzərdə tutur (son tarix gələn ilin sentyabr ayıdır), qalan qüvvələr isə 2026-cı ilin sonuna kimi çıxarılacaq.

Qeyd edilir ki, razılaşdırılmış plan bütövlükdə hələ də hər iki paytaxtın yekun təsdiqini tələb edir və elanın tarixi məsələsi açıq qalır.

ABŞ-ın adı açıqlanmayan yüksək rütbəli məmuru “Reuters”ə deyib: "Bizim razılığımız var, indi bunu nə vaxt elan etmək qalır".

O, rəsmi açıqlamanın əvvəlcə bir neçə həftə əvvəl planlaşdırıldığını, lakin İsrailin Qəzza zolağında hərbi əməliyyatları ilə bağlı regional eskalasiya və Qərb mediası mənbələrinə görə bəzi təfərrüatları dəqiqləşdirmək üçün təxirə salınıb.

Bundan əlavə, “Reuters” yazır ki, Birləşmiş Ştatlar və İraq da yeni məşvərət əlaqələri qurmağa can atırlar ki, bunun sayəsində Amerika qoşunlarının bir hissəsi geri çəkildikdən sonra İraqda qala bilər.

“Mənbələr arasında beş ABŞ rəsmisi, digər koalisiya ölkələrindən iki rəsmi və üç İraq rəsmisi var ki, onların hamısı məsələni açıq müzakirə etmək səlahiyyəti olmadığı üçün anonimlik şərti ilə danışıblar”, - “Reuters” yazıb.

İraqın baş nazirinin xarici işlər üzrə müşaviri Fərhad Alaaldin bildirib ki, koalisiyanın ixtisarı ilə bağlı Vaşinqtonla texniki danışıqlar başa çatıb. Lakin o, planın təfərrüatlarını açıqlamayıb.

Məhərrəm Ağalaroğlu, “İki sahil”