06 sentyabr 2024 13:30
221

“Vüqar Həşimov Memorialı”nın iştirakçıları bəlli olub

Şahmat üzrə “Vüqar Həşimov Memorialı”nın iştirakçıları bəlli olub.

“İki sahil” xəbər verir ki, bu barədə turnirin direktoru Anar Allahverdiyev mətbuat konfransında məlumat verib.

Xatirə turnirində Azərbaycanı üç şahmatçı təmsil edəcək. Bunlar milli komandanın üzvləri Şəhriyar Məmmədyarov, Rauf Məmmədov və Aydın Süleymanlıdır.

Eyni zamanda Nodirbek Abdussatorov (Özbəkistan, 2766), şahmat tacı uğrunda görüşdə iştirak edən Yan Nepomnyaşi (FIDE, 2755), Riçard Rapport (Macarıstan, 2766), yarışın son qalibi Vidit Santoş Qucrati (Hindistan, 2720) kimi tanınmış qrossmeysterlər mübarizə aparacaqlar.

Yarışda 10 şahmatçının iştirakı planlaşdırılır. İştirakçıların tam siyahısı yaxın günlərdə dəqiqləşəcək.

10-cu dəfə keçiriləcək "Vüqar Həşimov Memorialı"nın baş hakimi müstəqil Azərbaycanın ilk çempionatının qalibi Rauf Hacılıdır.

Qeyd edək ki, yarış sentyabrın 25-30-u aralığında Şuşada gerçəkləşəcək. Memorialın açılış mərasimi və ilk turun partiyaları sentyabrın 26-da baş tutacaq. Turnir “Şuşa” otelində təşkil ediləcək.