05 sentyabr 2024 19:37
294

COP29 ərəfəsində Afrikada iqlim dəyişmələri ilə mübarizənin maliyyələşdirilməsi məsələsi müzakirə olunur

Qlobal istiləşmənin təsiri Afrika ölkələrinin iqtisadiyyatına ümumi ÜDM-in 5 faizinə başa gəlir.

“İki sahil” xəbər verir ki, bu barədə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stil bu gün Afrika ölkələrinin ətraf mühit nazirlərinin Abidcanda (Kot-d'İvuar) keçirilən görüşündə bildirib. O, iqlim dəyişmələrinə uyğunlaşmaq üçün investisiyaları artırmağa çağırıb.

Afrika ölkələrinin hökumətləri və onların iqlim müzakirəçiləri noyabr ayında Azərbaycanda keçiriləcək COP29 ərəfəsində hazırlıq iclasında iqlim dəyişmələri ilə mübarizə və onun nəticələrinin maliyyələşdirilməsi ilə bağlı müxtəlif strategiyaları müzakirə etmək üçün Abidcanda toplaşıblar.

Sənaye cəhətdən inkişaf etmiş dünya ilə müqayisədə daha az çirkləndirici maddələr istehsal etməsinə baxmayaraq, iqlim dəyişikliyinin ən ağır yükünü üzərinə götürən 54 ölkədən ibarət Afrika qitəsi illik qlobal iqlim maliyyəsinin yalnız 1 faizini alır.

"İqlim böhranı iqtisadi artımın sürətini sovuran iqtisadi çuxurdur", - deyə Saymon Stil Afrika ölkələrinin ətraf mühit nazirlərinin görüşündə bildirib.

Qeyd edib ki, qitə son illərdə iqlim dəyişmələrinin nəticələrinin yumşaldılması və ona uyğunlaşma layihələrinə yeni investorlar cəlb etsə də, qlobal miqyasda mövcud olan 100 milyard dollarlıq maliyyə vəsaitinin yalnız bir hissəsini alır. Bu, tələb olunan 1,3 trilyon dollarla müqayisədə dənizdə bir damcı deməkdir.

"Afrikanın iqlim problemləri üzrə həllərin təşviqində nəhəng potensialı maliyyə çatışmazlığı səbəbindən boşa çıxır", - deyə o bildirib.

Onun sözlərinə görə, zəruri investisiyalara istixana qazları emissiyalarına töhfə verən odun kimi ənənəvi yanacağın istifadə edilməsindən qitədə imtina olunması üçün ildə 4 milyard dollar daxildir. İqlim dəyişmələri Afrikada ərzaq istehsalına təsir edən, əmtəə qiymətlərinin artmasına gətirən və aclıq problemini gücləndirən uzun sürən quraqlıq və fəlakətli daşqınlara səbəb olub.

Stil qeyd edib ki, ölkələrin yeni beynəlxalq maliyyələşdirmə hədəfləri ilə bağlı konsensus axtaracaqları Bakıda keçiriləcək COP29 ərəfəsində Afrikaya daha çox iqlim maliyyəsi cəlb etmək çağırışları artıb.