04 sentyabr 2024 11:20
328

Bugünkü qalib, bütövləşən, yeni Azərbaycan Ulu Öndərin görmək istədiyi Azərbaycandır   

Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövləti, xalqı qarşısındakı xidmətlərinin miqyası ölçüyəgəlməzdir. Təkcə onun siyasi fəaliyyətinin Naxçıvan mərhələsində gördüyü işlərə, qəbul etdiyi qərarlara diqqət yetirmək kifayətdir. 1990-1993-cü illər dahi şəxsiyyətin siyasi fəaliyyətində  mühüm yer tutur. Həmin dövr Ulu Öndər Heydər Əliyevin siyasi irsinin Naxçıvan dövrü kimi adlandırıla bilər. Məhz həmin illər onun böyük siyasətə, hakimiyyətə qayıdış dövrü oldu. Naxçıvan parlamentinin yeni tərkibdə 1990-cı il noyabrın 17-də keçirilən ilk sessiyası deputatların istəyi və böyük təkidi nəticəsində Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə işinə başlamışdı. Milli dövlətçiliyə yeni nəfəs vermiş Naxçıvan parlamentinin ilk sessiyasında gündəliyə çıxarılan məsələlər və qəbul edilən tarixi qərarlar, ümumilikdə, Azərbaycanın müstəqilliyinə və suverenliyinə hesablanmışdır. Fenomen şəxsiyyət Naxçıvanda milli qurtuluşun, milli dövlətçilik quruculuğunun təməllərini özünün zəngin təcrübəsinə və Naxçıvanda daim yaşadılan qədim Azərbaycan dövlətçilik ənənələrinə əsaslanaraq atıb. Görkəmli dövlət xadiminin 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən fövqəladə sessiyada deputatların və iclas zalının qarşısına toplaşan minlərlə insanın təkidi ilə  Ali Məclisin sədri seçilməsi Azərbaycanın müstəqillik yolunun əsasını qoyub.

 Naxçıvan Muxtar Respublikasının xilası və dirçəlişi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurcusu, milli həmrəylik və bütövlüyü təmin edən azərbaycançılıq ideologiyasının banisi, xalqımızın və dövlətimizin xilaskarı, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətləri misilsizdir. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət bayrağı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1990-cı il noyabrın 17-də keçirilən sessiyasında Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü Naxçıvan Muxtar Respublikasının Dövlət bayrağı olaraq təsdiq edilmişdir.  Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırmışdır. 1991-ci il fevral ayının 5-də həmin vəsatətə baxılmış və Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edərək onu yenidən Dövlət bayrağı elan etmişdir. Görülən işlər, qəbul edilən qərarlar davamlılığı ilə diqqətdədir. Naxçıvan MSSR adından “Sovet” və “Sosialist” sözləri çıxarıldı. SSRİ-nin mövcud olduğu bir dövrdə belə bir qərarın qəbul və icra edilməsi olduqca yüksək siyasi səriştə və cəsarət tələb edirdi ki, Ulu Öndər Heydər Əliyev bunu nümayiş etdirdi. Eyni zamanda, Naxçıvanda Kommunist Partiyasının fəaliyyəti dayandırıldı və Sovet ordusu birlikləri Naxçıvan MR ərazisindən çıxarıldı.

Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvan MR-də sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılması və tərəqqinin əldə olunması üçün əhəmiyyətli tədbirlər görüldü. Aqrar islahatlar reallaşdırıldı, infrastrukturun inkişafı yönündə xüsusi işlər həyata keçirildi.  Blokada şəraitində olan Muxtar Respublikanın inkişafı və sabitliyinin davamlılığını təmin etmək üçün regional və beynəlxalq əlaqələrin formalaşdırılması, eləcə də inkişafı yönündə mühüm addımlar atıldı. Türkiyə və İranla qarşılıqlı əməkdaşlığa və tərəfdaşlığa əsaslanan ilk rəsmi təmaslar təşkil olundu. Muxtar Respublikanın inkişafı və sabitliyinin davamlılığını təmin etmək üçün regional və beynəlxalq əlaqələrin formalaşdırılması, eləcə də inkişafı yönündə mühüm addımlar atıldı.

Ulu Öndər Heydər Əliyevin 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçilməsi müasir müstəqil Azərbaycanın dövlətçilik tarixinin ən mühüm səhifələrindən birini təşkil edir. O,  gördüyü işlər, atdığı tarixi əhəmiyyətli addımlarla Muxtar Respublikanın qurtuluşunu, dirçəlişini və həmrəyliyini təmin etmiş oldu. Ulu Öndərin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisində Muxtar Respublikanın dövlət quruculuğu, müdafiə və hərbi quruculuq məsələləri, hakimiyyət və idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi, iqtisadi və siyasi böhranın aradan qaldırılması, iqtisadi islahatların keçirilməsi, xarici iqtisadi əlaqələrin yaradılması, həmsərhəd xarici dövlətlərlə - Türkiyə və İranla mehriban qonşuluq münasibətlərinin qurulması və kütləvi tədbirlərə aid məsələlər müzakirə edildi, müvafiq qərarlar qəbul olundu. Ümummilli Liderin  “Dünya Azərbaycan Türklərinin Həmrəylik və Birlik Günü”nün təsis olunması kimi təşəbbüsünün də tarixi əhəmiyyəti var. Ulu Öndərin Ali Məclisin sədri vəzifəsində işləyərkən dünya azərbaycanlılarını bir ideya ətrafında – Vətənə və xalqa xidmət uğrunda birləşməyə səsləməsi və 1991-ci il dekabrın 16-da Ali Məclis tərəfindən “31 Dekabr Dünya Azərbaycan Türklərinin Həmrəylik və Birlik Günü haqqında” Qərarın qəbul edilməsi sonrakı dövrdə dünya azərbaycanlılarının birliyinin, həmrəyliyinin daha da möhkəmləndirilməsində əhəmiyyətli rol oynadı.

1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ölkəmizin həyatında yeni bir mərhələnin başlanğıcı oldu. Həmin ilin 3 oktyabr tarixində ölkədə keçirilən prezident seçkilərində böyük səs çoxluğu ilə Prezident seçilən Ulu Öndər Heydər Əliyevin  düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində  Azərbaycanın bu günü və gələcəyi üçün möhkəm baza formalaşdı.   Milli ideologiyanın yaradılması da Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət quruculuğu siyasətinin mühüm tərkib hissəsindən biridir. Ümummilli Liderin müəllifi olduğu azərbaycançılıq ideologiyası təkcə bu dövlətin ərazisində yaşayan şəxsləri yox, eyni zamanda, bütün dünyada məskunlaşan azərbaycanlıları əhatə edən, dünya azərbaycanlılarını vahid ideologiya ətrafında birləşdirən milli məfkurəyə çevrildi. Milli ruhun yüksəlməsi, milli özünüdərkin inkişafı və xalqın tarixi yaddaşının özünə qaytarılması kimi fundamental prinsip və vəzifələrə xidmət edən azərbaycançılıq məfkurəsi dövlətin qüdrətinin artırılmasını şərtləndirdi. Ulu Öndər Heydər Əliyev ilk gündən bu çağırışı etdi: “Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycanın dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq.” Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız bir amal-azərbaycançılıq məfkurəsi ətrafında sıx birləşdi. Tarixi Zəfərimizdə bu birlik əhəmiyyətli rol oynadı.

Reallıq budur ki, Azərbaycan Ulu Öndər Heydər Əliyevin düşünülmüş və gələcəyə hesablanmış siyasəti nəticəsində Zəfərlərə doğru inamla irəliləyir. Prezident İlham Əliyevin son 20 ildən artıü dövrdə Azərbaycanın bu günü və gələcəyi üçün atdığı addımlar hər birimizdə böyük qürur hissi yaradır. Hazırda Prezident İlham Əliyev Ümummilli Liderin görmək istədiyi  qalib, bütövləşən, yeni  Azərbaycanı dünyaya təqdim edir. Belə güclü, qüdrətli, qalib Azərbaycanın vətəndaşı olmaq hər birimizi qürurlandırır, gələcəyə daha böyük inamla addımlamağa stimul verir.  Heydər Əliyev siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən,  Zəfərimizin  memarı, Prezident İlham Əliyev  Ümummilli Liderin 1 oktyabr 2003-cü ildə xalqa tarixi müraciətində ifadə etdiyi inamı və etimadı layiqincə doğruldaraq bütün dünyaya güclü Azərbaycan modelini təqdim edir. Müzəffər Ali Baş Komandan İlham Əliyev  Ulu Öndərin  axıra çatdıra bilmədiyi taleyüklü məsələləri, planları reallaşdırdı, xalqın arzularını gercəkləşdirərək torpaqlarımızın xilaskarı kimi adını tarixə qızıl hərflərlə yazdı. Bu gün azad Qarabağımızda və Şərqi Zəngəzurumuzda tətbiq edilən   təkmil dirçəliş modeli  dünyanın diqqətindədir.

Gülər Kərimova,
YAP Şabran rayon təşkilatının məsləhətçisi