04 sentyabr 2024 00:58
494

İstisu qəsəbəsinin çal-çağırlı günləri başlayır

Xəbər verdiyimiz kimi, sentyabrın 2-də Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər rayonuna səfər ediblər. Səfər çərçivəsində dövlət başçımız Kəlbəcərin İstisu qəsəbəsində olub. Prezidentimiz bu səfəri ilə son qırx ildə qəsəbənin ilk ali qonağı olub.

Qeyd etməliyik ki, İstisu dünyanın nadir müalicə mərkəzlərindən biri sayılır. Yerin təkindən 90 dərəcə istiliklə qaynayıb çıxan bu mineral suyun dünyada analoqu yoxdur. Yalnız Çexiyada çıxan Karlovı-Varı suyunun tərkibi buna oxşar olsa da,  Kəlbəcərin isti suyu tərkibindəki mineralların zənginliyinə və müalicəvi əhəmiyyətinə görə ondan daha üstündür.

İstisu mədə-bağırsaq, maddələr mübadiləsi pozğunluqları, sinir sistemi, hərəkət orqanları, ginekoloji, uroloji xəstəliklərin müalicəsində effektlidir. Həmçinin istisudan alınan duzlar xronik qəbizlik, qaraciyər, böyrək, öd kisəsi, qastrit və s. xəstəliklərin müalicəsində faydalıdır. Kimyaçı alim E. Karstenski Kəlbəcər ərazisindəki mineral suları tədqiq etdikdən sonra İstisu bulağının müalicəvi əhəmiyyətinə görə hətta Çexiyadakı Karlovı Varı mineral suyundan da yüksək olduğunu bildirib. Akademik Mirəli Qaşqay isə  bildirib ki,  İstisu kimyəvi tərkibi və fiziki xüsusiyyətlərinə görə Karlovı Varı bulaqları ilə eyni, bəzi xüsusiyyətlərinə görə isə dünyada əvəzsizdir.

İstisu mineral suları ilə birlikdə yerin səthinə küllü miqdarda karbon qazı çıxır və bu qaz suların qablaşdırılması prosesində istifadə olunur. Suyun tərkibində karbon qazının çox olması onun başqa ölkələrə ixracına imkan verir.

Yeri gəlmişkən, hesablamalara görə, İstisu mənbələrindən hər il 3 milyard 963 milyon litr su çıxır. Sudoldurma  müəssisələri isə bunun cəmi 22 milyon litrini yığıb qablaşdıra bilir. Qalan 3 milyard 941 milyon 316 milyon litr boş yerə axıb gedir. Mütəxəssislər bildirirlər ki, axan sular yığılıb satılsa ildə ən azı 630 milyon manatdan çox gəlir əldə etmək olar.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev mətbuata açıqlamasında bildirib ki, Sovet dövründə  İstisuda qurulan kurort və sanatoriya kompleksində ildə 50 min insan müalicə olunurdu. Xidmət rəisi İstisu mineral suyunun büdcəyə böyük qazanc gətirəcəyini deyib. Onun sözlərinə görə,  burada termal suların mineral ehtiyat bazası ildə 5 milyard dollar (8,5 milyard manat) təşkil edir. Haşiyə çıxıb bildirək ki, Qarabağda axan 120 müalicəvi bulağın 63-ü Kəlbəcər bölgəsindədir.

Onların bir neçəsi İstisu qəsəbəsinə yaxın ərazilərdədir. Bununla bərabər, buranın ab-havası, flora və faunası digər bölgələrdən fərqlidir. İstisudan təxminən 1-1,5 kilometr aralıda böyük ayı mağarasının olması belə deməyə əsas verir. Sakinlər nəql edirdilər ki, 1960-cə illərə qədər bu mağarada altı ayı yaşayırmış. Canavarlar, ayılar, tülkülər, vaşaqlar, ceyranlar, marallar, donuzlar və bir çox vəhşi heyvanlar bu yerlərin saimi sakinləridir.

...Vaxtilə bu yerin əziz qonaqları çox olub. Kimisi İstisuya müalicə üçün gəlib, kimisi yayın qaynar günlərində məşhur "Taxta" yaylağında və obalarda alaçıq quraraq ailəlikcə dincəlib, kimisi də "Ceyran bulağı"nın buz kimi dişkəsən suyundan içmək, bu gözəl tarixi məkanı ziyarət etmək arzusu ilə səyahət edib. Sovet hakimiyyəti illərində Azərbaycan elitasının böyük bir hissəsini təmsil edən tanınmış dövlət xadimləri, görkəmli şairlər, yazıçılar, jurnalistlər, mədəniyyət və incəsənət adamları İstisuyun fəxri qonaqları olublar. Onu da vurğulamalıyıq ki, qəsəbə Ümumittifaq əhəmiyyətli müalicə ocağı sayılırdı. SSRİ-nin ən uzaq guşələrindən, Moskvadan, Leninqraddan (indiki Sankt-Peterburq), Maqadandan, Vladivostokdan, Çitadan, Permdən, müttəfiq respublikalardan buraya müalicəyə və istirahətə gəlirdilər.

İstisuyun şöhrəti onun qonaqları ilə də sıx bağlı idi. Azərbaycanın Xalq şairləri və yazıçıları Süleyman Rüstəm, Hüseyn Arif, Osman Sarıvəlli, Mirzə İbrahimov, Süleyman Rəhimov, Əli Vəliyev, İlyas Əfəndiyev, yazıçı-jurnalist Cahangir Gözəlov və bir çox başqaları buranın qonaqları olmuşlar. Xalq artisti, xanəndə  Əbülfət Əliyev İstisuda müalicədə olarkən tikintidə çalışan fəhlələr küçədə onu görürlər. Hamısı gəlib ehtiramla görüşürlər, ondan bir mahnı oxumağı xahiş edirlər. O da fəhlələrin sözünü yerə salmayaraq yolun qırağındakı bir yastı qaşın üstündə oturub çalğısız-musiqisiz gözəl bir mahnı ifa etmişdi. Ancaq İstisuyun ən sevimli qonaqlarından olan hamının sevimlisi, Xalq şairi Səməd Vurğunun "Taxta" yaylağında Aşıq Şəmşirlə görüşü və deyişmələri o dövrün mədəniyyət hadisəsinə çevrilmişdi. O zaman Səməd Vurğunun "Aşıq Şəmşir, Dəlidağdan keçəndə..." şerini əzbər bilməyən kəlbəcərli tapılmazdı. Şair sanki buralara bir də gəlməyəcəyini hiss edərək son sözlərini ifadə edir:

Bəxt məni bu yerə qonaq göndərdi,

Gedirəm, yamandı ayrılıq dərdi,

Demə Səməd Vurğun gəldi-gedərdi,

Unutmaz bu oba, bu mahal məni.

1955-ci ildə, yəni Səmədin vəfatından bir il əvvəl yazdığı bu məşhur şeir indi də sevilir, yaddaşlarda yaşayır.

O vaxt Azərbaycanda kimsənin ağlına gəlməzdi ki, qırx ildən sonra bu yerlər erməni işğalına məruz qalacaq, qəsəbənin sakinləri doğma yurd-yuvalarından didərgin salınacaqlar.

Lakin 1993-cü ildə İstisuyun növrağı pozuldu. Erməni quldur dəstələri Kəlbəcəri, o cümlədən İstisu qəsəbəsini işğal etdilər. İnsan cildinə bürünmüş şeytanlar abad qəsəbəni daşına-divarına qədər söküb Ermənistandakı xarabalarına daşıdılar. Müasir arxitektura üslubunda inşa edilmiş üçmərtəbəli hamam binasını və üç yüz nəfərlik müalicə korpuslarını, infrastuktura aid olan nə varsa hamısını dağıdıb viran qoydular. Deyilənlərə görə, haylar istisuyu yarım litrlik şüşə qablara yığaraq Avropa ölkələrində bir butulkasını 4 dollara sataraq yüz milyonlara sahib olublar. Bu murdarlıqlar iyirmi səkkiz il davam etdi. Ancaq 2020-ci ilin dekabrında erməni barbarları işğal etdikləri ərazilərimizdən, o cümlədən də İstisudan qovulub çıxarıldılar. Bu yerlərin əsl sahiblərinin yurd həsrəti bitdi. Artıq insanları sağaldan İstisuyun özünün "yaraları" sağalmaqdadır. Prezident İlham Əliyevin Kəlbəcərə səfəri çərçivəsində İstisuda olması, burada aparılan tikinti-quruculuq işləri ilə tanış olması, elektrik yarımstansiyasının açılışında iştirak etməsi onu göstərir ki, İstisu əvvəlkindən də abad bir vəziyyətə salınacaqdır. O dağlar, yamyaşıl çəmənliklər yazda-yayda yenə də elatı ağuşuna alacaq, aşıqların, xanəndələrin çal-çağır səsləri zirvələrdə əks-səda verəcəkdir. Yaylaqlarda çobanların tütəkdə ifa etdikləri həzin “Çoban bayatısı” dalğa-dalğa ətrafa yayılacaqdır. Aran elləri əvvəllər olduğu kimi, yaz-yay mövsümlərində alaçıq şəhərciklərində toy-büsat quracaq, mədəniyyət və incəsənət ustaları istirahətə gələnlərin qarşısında maraqlı konsert proqramları ilə çıxış edəcəklər. Bir sözlə, buranın qonaqları və yerli sakinləri nağılvari bir həyat yaşayacaqlar.

Vəli İlyasov, "İki sahil"