04 sentyabr 2024 01:58
291

Bakı Təşəbbüs Qrupu Mayot xalqına dəstək nümayiş etdirir

Müstəmləkəçi Qərb ölkələri demokratiyanı və insan hüquqlarının qorunmasını özlərinin fundamental prinsipləri kimi bəyan etsələr də təəssüf ki, neokolonializmi davam etdirməklə insan hüquq və azadlıqlarına, ümumiyyətlə, məhəl qoymurlar. Sirr deyil ki, neokolonializmin ən bariz nümunəsi Fransanın timsalında təzahür edir. Bu ölkədə insan hüquq və azadlıqlarına münasibət birmənalı şəkildə fərqli standartlara əsaslanır.

Fransanın Əlcəzairdə, Polineziyada, Korsikada, Melaneziyada törətdiyi soyqırımı aktları, Afrikada Cənub-Şərqi Asiyada, Sakit Okeanda, Latın Amerikasında onlarla ölkənin işğal edilməsi və insanların kütləvi şəkildə qətlə yetirilməsi, şəhər və kəndlərin xarabazarlığa çevrilməsi Fransanın dövlət siyasətinin əsası olub. Təkcə Əlcəzair Fransa müstəmləkəçiliyinə qarşı yüz ildən artıq döyüşüb. Əlcəzairdə bir milyondan çox insanın etnik təmizlənməyə məruz qalması, qətlə yetirilməsi, bu ölkədə nüvə silahlarının sınaqlarının keçirilməsi üçün ərazilərin çirkləndirilməsi və beş milyondan artıq minanın basdırılması məhz rəsmi Parisin bəşəri cinayətləridir. Həmin basdırılan minaların xəritəsi bu gün də Əlcəzair hökumətinə təqdim edilməyib. Baxmayaraq ki, Əlcəzair 60 ildən artıqdır ki, rəsmi Parisin müstəmləkəsindən azad olub. Son vaxtlar Əlcəzairlə Yeni Kaledoniya tarixində oxşar cəhətləri müqayisə edirlər. Belə ki, Yeni Kaledoniyanın azadlıq mücadiləsinə qarşı rəsmi Parisin aqressiv davranışı Əlcəzairdə törətdiyi qırğınlara bənzədilir.

Yeni Kaledoniya adası uzun illərdir ki, Fransanın müstəmləkəçilik siyasətindən əziyyət çəkir. Sahəsi 19 min kvadratkilometr olan ərazi Sakit okeanın cənub-qərb hissəsində adalardan ibarətdir. 268 min nəfərdən çox əhalisi olan ada 1853-cü ildən Fransanın müstəmləkəsi altındadır. Fransa digər ərazilərdə olduğu kimi, burada da insanların azadlıq çağırışına məhəl qoymur, onların haqlarını kobud şəkildə tapdalayır. Eyni zamanda, Fransa Mayot adasının işğalının beynəlxalq təşkilatlarda müzakirəsinə də imkan vermir.

Ancaq buna baxmayaraq,  müasir dövrdə kolonializm siyasətinə qarşı daha açıq, genişmiqyaslı, cəsarətli çıxışlar müşahidə olunmaqdadır. Xüsusilə də  son dövrlərdə Fransanın imperializm siyasətinə qarşı sistemli çıxışlar var. Fransa Mayot adasının işğal olunmasının beynəlxalq təşkilatlarda müzakirəsinə imkan verməsə də, Bakı Təşəbbüs Qrupu (BTQ) bu mövzunu yenidən gündəmə gətirdi və bundan sonra da Mayot xalqına dəstək nümayiş etdirəcək. Belə ki, BTQ-nin təşəbbüsü ilə sentyabrın 3-də Bakıda "Qəmər Adaları İttifaqının Mayot adasının Fransa tərəfindən qeyri-qanuni işğalı" adlı konfrans keçirilib. Konfrans çərçivəsində “Mayot mübarizəsi” adlı videomaterial nümayiş etdirilib. BTQ-nin icraçı direktoru Abbas Abbasov konfransda çıxış edərək bildirib ki, Qrup bu günə qədər dekolonializmə həsr olunmuş 16 beynəlxalq konfrans keçirib. Bu tədbirlər dünyadakı kolonializm siyasəti barədə beynəlxalq ictimaiyyətin məlumatlandırılmasına xidmət etdi. Qısa zamanda BTQ kolonial siyasət altında olan xalqların səsini dünyaya çatdıra bildi. O, xatırlatma edərək bildirib ki, 1975-ci ildə Qəmər Adaları müstəqilliyini elan etdikdən bir il sonra Fransa süni referendum keçirərək Mayotu işğal edib. Bundan sonra bütün beynəlxalq təşkilatlarda Mayotla bağlı məsələlər bloklanıb. Ancaq BMT-nin bu işğalla bağlı qətnamələri mövcuddur. BTQ məsələni yenidən gündəmə daşıyaraq beynəlxalq ictimaiyyətin diqqətini bu məsələyə çəkib. Bundan sonra da BTQ BMT qətnamələrinin icra olunması ilə bağlı tədbirlər keçirəcək. Biz beynəlxalq hüququn müddəalarını müdafiə edəcəyik.   A.Abbasov qeyd edib ki, BTQ ilə Maore Komitəsi arasında Əməkdaşlıq Memorandumu imzalanacaq. Bu sənəd gələcək əməkdaşlıq perspektivlərini müəyyən edəcək. Yəni, gələcəkdə iqtisadi, sosial siyasi məsələlərdə BTQ tərəfindən Qəmər Adalarına dəstək nümayiş olunacaq.

Qəmər Adaları İttifaqında hüquqşünas, konstitusiyaçı Mohamed Hassani Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilən "Qəmər Adaları İttifaqının Mayot adasının Fransa tərəfindən qeyri-qanuni işğalı" adlı konfransda “Mayotun Fransaya birləşdirilməsi və Qəmərlilərə vurulmuş ziyan” mövzusunda çıxış edərək bildirib ki, bu gün Mayotda qeyri-qanuni bir işğal var və bu işğal insanların taleyi ilə oynayır. Fransa işğalını qanuni hesab edir və Mayotu da öz ərazisi sayır. Ancaq ada insanları ilə davranışı tamam fərqlidir. İnsanlar bu siyasət nəticəsində əziyyət çəkirlər. Ona görə də Mayotda rahat yaşamaq üçün sadəcə müstəqillik tələb olunur.

Qəmər Adaları İttifaqının Birləşmiş Millətlər Təşkilatında sabiq səfiri Mohamed Tohiri konfransda “Qəmər adalarında Fransanın müstəmləkəçilik tarixinə baxış” mövzusunda çıxış edərək deyib ki, Mayot adasındakı insanların hüquqlarının bərpası üçün Konstitusiyada dəyişiklik edilməsi mütləqdir: “Fransa beynəlxalq hüququn prinsiplərini pozaraq ada vətəndaşlarının hüquqlarını tapdalayır. Fransanın kolonializm siyasəti Mayot adasında bir çox insanın ölümünə səbəb olur. Çünki insanlar təzyiqlə üzləşir, açıq şəkildə öz evlərindən qovulurlar”.

Üçüncü Yol Kollektivinin (C3V) Vətəndaş Cəmiyyətinin üzvü Tourqui Nadia ÜN“Qəmər adalarında Fransanın müstəmləkəçilik tarixinə baxış” mövzusunda çıxış edərək qeyd edib ki, bu gün biz sərhədlərin toxunulmazlığı prinsipindən danışmalıyıq: “Qəmər xalqı azad seçkilər tələb edir. Onlar bu gün fərqli statusla üzləşiblər. Mayot müstəmləkəyə çevrilib. Qəmər adasında müstəqillik tərəfdarlarını qovub, təhdid ediblər. Seçkilərdə saxtakarlıq, korrupsiya bu gün beynəlxalq ictimaiyyətə çağırışı da çətinləşdirib. Elit təbəqəyə qarşı sanksiyalar tətbiq olunur, ziyalı insanlar fikirlərini səsləndirə bilmirlər. Xalqın 80 faizi yoxsulluqla üzləşib. Onlar qida tapmaqda çətinlik çəkirlər. Korrupsiya yoxsulluğun genişlənməsinə səbəb olur. İş yerlərinin sayı daha da azalıb. Qida, səhiyyə, elektrik enerjisi baxımından böyük çətinliklər var. Həssas xalqın vəziyyəti çox pisləşib”.

Göründüyü kimi, Azərbaycanı “soyqırımı”, “sürgün” və “təcavüz” törətməkdə ittiham edən ölkələr uzun illərdir milyonlarla insanı qətlə yetirən, soyqırımları həyata keçirən, dövlətlərin daxili işlərinə qarışan, onları istismar edən, neokolonilizim siyasəti aparan Fransa kimi müstəmləkəçi dövlətlərdir. Biz bir daha Fransanı ölkəmizə qarşı əsassız iddiaları dayandırmağa çağırırıq. Çünki,  bu ölkənin “demokratiya dərsi” keçməyə, “demokratik tövsiyə”lər verməyə heç bir mənəvi haqqı yoxdur.

Şəmsiyyə Əliqızı, “İki sahil”