04 sentyabr 2024 03:02
275

Hayastan yenidən illüziya burulğanında

Azərbaycanla şərti sərhəddə canlı qüvvə və hərbi texnika cəmləməsi, hərbi hissə inşa etməsi açıq-aşkar rəsmi İrəvanın təxribatçılıq niyyətindən xəbər verir

Ermənistanın Vətən müharibəsindən sonra da ölkəmizə qarşı həm hərbi, həm də siyasi-informasiya müstəvisində təxribatları davam etdirdiyi hər kəsə məlumdur. Bu da məlumdur ki, Ermənistan və onun havadarları belə təxribatlarla sülh sazişinin imzalanmasını əngəlləməyə, regionda yeni bir gərginlik yaratmağa çalışırlar. Ölkəmizə qarşı təxribatlarda digər bir məqsəd isə Azərbaycanı hərbi müstəvidə konkret addımlar atmağa, cavab tədbirləri görməyə sövq etmək, bununla da ölkəmizin aqressiv dövlət obrazını formalaşdırmaqdır. Mümkün təxribatlarla bağlı Azərbaycan Respublikasının Müdafiə Nazirliyi dəfələrlə rəsmi açıqlamalar verib, habelə düşmənin şərti sərhəddə möhkəmlənmək cəhdlərinin əks olunduğu görüntüləri paylaşıb. Bütün bu faktlar aydın şəkildə Ermənistanın təxribat hazırlığında olduğunu göstərir. Ermənistan bu ittihamla razılaşmayaraq, bunu müdafiə xarakterli mühəndislik, möhkəmləndirmə və tikinti işləri adlandırıb. Göründüyü kimi, rəsmi İrəvan sülh haqqında deyil, yeni qarşıdurmalar haqqında düşünür.

Bu günlərdə Ermənistan silahlı qüvvələrinin Azərbaycanla şərti sərhəddə daha bir hərbi hissə inşa etdiyi məlum olub. Bu barədə “Bez Tormozov” “Teleqram” kanalı məlumat yayıb. Hərbi hissənin Kəlbəcər istiqamətində şərti şərhəd yaxınlığında tikildiyi bildirilir. Ərazinin koordinatları da təqdim edilib: 39°49'20"N 45°40'09"E. Ermənistan hökuməti, sözsüz ki, sərhədləri daxilində istənilən ərazidə hərbi hissə tikə bilər. Amma yazılmamış hərbi qanunlara görə, sərhədin o hissəsində qoşun cəmləşdirilir ki, həmin hissədə qarşı tərəfdən təhdid və ya təhlükə gözlənilir. Hazırda Ermənistanin inşa etdiyi hərbi hissə Kəlbəcər istiqamətində olsa da Laçın rayonunda tikilən mülki aeroporta daha yaxındır. Üstəgəl, Azərbaycan həmin istiqamətdə heç bir qoşun toplamaya bənzər hərəkət və aktivlik nümayiş etdirmir. Ona görə də Ermənistanın bu addımı Azərbaycanı narahat etməyə bilməz. Bir məsələni də vurğulayaq ki, 2020-ci ildən başlayaraq Ermənistan hər ilin sentyabr ayında sərhəddə müxtəlif taxribatlara əl atır. Yenə sentiyabr ayının ilk günləridir, artıq Ermənistan bir addım atıb - sərhəddə hərbi hissə tikir, bu o deməkdir ki, bədnam qonşularımız sərhədə qoşun toplayır.

Bir müddət əvvəl Ermənistan özü təklif vermişdi ki, ağır silahları və qoşunu ikitərəfli qaydada sərhəddən geri çəkək. Həmin vaxt Ermənistan rəhbərliyi sülh müqaviləsini bağlamağa meyilli idi və sülh müqaviləsinin şərtlərini ictimailəşdirmirdi. Son bir neçə ay ərzində isə Qərb və ABŞ-dan göstərilən yardımlar hesabına Fransa və Hindistandan öldürücü silahların tədarükünə başlaması Paşinyanı deyəsən fikrindən döndərib. Əvvəl sülh müqaviləsini qarşıdakı iki il ərzində bağlamağın mümkün olacağını dilə gətirən baş nazir indi də 2027-ci ili gözləməli olacağını vurğulayır.

Çox maraqlıdır ki, Ermənistan sərhədə açıq şəkildə qoşun, ağır texnika yığır, müharibəyə hazırlıq görür və bütün bunlar videokadrlarla sübuta yetirilir, ancaq güya sərhəddə monitorinq missiyasını üzərinə götürən Avropa Müşahidə Missiyasının səsi çıxmır. Bütün bunlar Missiyanın gözü qarşısında yaşansa da,  onlar belə faktın olmadığını deyirlər. Baş verənlərə Missiyanın səsinin çıxmaması, onların əslində funksiyasının heç də obyektiv monitorinq olmadığını sübut edir. Ermənilər isə yenə də illüziyaya qapılırlar. İrəvan 2020-ci il müharibəsindən sonra ortaya çıxan reallıqları qəbul etmək istəmir. Normallaşma prosesi davam etdiyi bir vaxtda Ermənistan öz öhdəliklərini yerinə yetirmir və bununla da gərginlik yaratmaqla diqqəti yayındırmağa, bununla da normallaşma prosesinə xələl gətirməyə çalışır. Ermənistanı destruktuv mövqedən çəkilməsinə də ABŞ və Qərbin səsləndirdiyi vədlər mane olur. Ermənistanı dəstəkləyən Qərb ölkələri də gözəl anlayırlar ki, Cənubi Qafqaz regionunda sabitlik və əməkdaşlıq mühitinin yaradılması, münaqişələrin və təhdidlərin aradan qaldırılması üçün Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması vacibdir. Bu məsələ müxtəlif görüşlərdə müzakirə olunur. Ancaq Qərb Ermənistanın bu gün regional proseslərə təsir etmək və bölgədəki geostrateji reallıqları dəyişmək imkanının olmadığını anlasa da, İrəvanı öz maraq orbitinə daxil etməyə çalışmaqla və müxtəlif yardımlar vəd etməklə regional barışıq prosesini təhlükə altına atır.

“Böyük şahmat lövhəsi”ndə qurbanlıq piyadaya çevrilmiş Ermənistan region dövlətləri, xüsusilə də Azərbaycan və Türkiyə ilə münasibətlərini normallaşdırmaq əvəzinə, minlərlə kilometr uzaqda yerləşən ölkələrə bel bağlamağa can atır. Xüsusilə də ABŞ və Fransadan Ermənistana dəstək İrəvanı revanşizmə sövq edən mühüm addımlardan biridir. Ermənistan rəsmiləri Fransa və Hindistandan müasir silahlar, hərbi texnika aldıqlarını bildirir, silah aldıqları başqa dövlətlərin də olduğunu açıq şəkildə bildirirlər. Əlbəttə, bu bəyanatlar bir daha təsdiqləyir ki, Ermənistan sülhə yox, müharibəyə hazırlaşır və bu məsələdə ermənipərəst beynəlxalq qüvvələrin imkanlarından istifadə edir.

Sevinc Azadi, “İki sahil”