03 sentyabr 2024 16:45
396

Misilsiz tarixi xidmət nümunəsi

Naxçıvan parlamentinin yeni tərkibdə keçirilən ilk sessiyası deputatların istəyi və böyük təkidi nəticəsində Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə öz işinə başlamışdı. Sessiyada gündəliyə çıxarılan məsələlər və qəbul edilən tarixi qərarlar, ümumilikdə, Azərbaycanın müstəqilliyinə və suverenliyinə hesablanmışdı. Fenomen şəxsiyyət Naxçıvanda milli qurtuluşun, milli dövlət quruculuğunun təməllərini özünün zəngin təcrübəsinə və burada daim yaşadılan qədim dövlətçilik ənənələrinə əsaslanaraq atıb.

1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinin fövqəladə sessiyasında deputatların və iclas zalının qarşısına toplaşan minlərlə insanın təkidli tələbi ilə ümummilli lider Heydər Əliyev yekdilliklə sədr seçilib. Bu tarixi hadisə Azərbaycanın müstəqillik yolunun əsasını qoyub. Ulu Öndər Heydər Əliyevin gərgin fəaliyyəti, böyük iradəsi ilə qəbul olunmuş qərarlar müstəqillik tariximizin parlaq səhifələrini təşkil edir. Dahi şəxsiyyətin qədim diyardan Naxçıvan MR Ali Məclisinə və Azərbaycan Respublikasının Ali Sovetinə deputat seçilməsi böyük təcrübəyə malik olan görkəmli siyasətçinin ölkənin ictimai-siyasi həyatında yaxından iştirak etməsinə meydan açıb. Naxçıvan MR-in xilası və dirçəlişi məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Liderin həm SSRİ dönəmində, həm də müstəqillik illərində ölkəmizə rəhbərliyi dövründə xalqın rifah halının daha da yaxşılaşdırılması, respublikamızın tərəqqisinin təmin olunması və digər istiqamətlərdə tarixi əhəmiyyətə malik olan misilsiz işlər görülüb.

Ulu Öndər Heydər Əliyevin ən böyük xidmətlərindən biri Azərbaycan dövlətçiliyinin xilası və bunun sayəsində ölkənin siyasi tarixində yeni bir mərhələnin açılmasıdır. 1990-cı ildə Azərbaycan olduqca mürəkkəb situasiya qarşısında idi. SSRİ-nin dayaqlarının sarsıldığı bir dövrdə keçmiş ittifaq miqyasında baş alan hərc-mərclik ölkələrin daxili həyatına da sirayət etmişdi. İdarəetmə potensialı aşağı olan respublikalarda çox mürəkkəb siyasi-hüquqi kataklizmlər cərəyan etməkdə idi. Həmin dövrdə Naxçıvan MR-in blokada şəraitində olması, sosial-iqtisadi durumunun bərbadlığı, hakimiyyətin oyunları muxtar respublikanın vəziyyətini olduqca mürəkkəbləşdirmişdi. Ümummilli Lider Heydər Əliyevin gərgin fəaliyyəti və səyləri sayəsində həyata keçirdiyi islahatlar, gördüyü tədbirlər sayəsində Naxçıvan MR-də sabitlik, tərəqqi və həmrəylik təmin olundu.

Dahi şəxsiyyətin təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli dövlət bayrağı Naxçıvan MR Ali Məclisinin 1990-cı il noyabrın 17-də keçirilən sessiyasında Naxçıvan Muxtar Respublikasının Dövlət bayrağı olaraq təsdiq edilmişdir. Ali Məclis Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırmışdır. 1991-ci il fevral ayının 5-də həmin vəsatət təmin edilmiş, Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul etmişdir. Sonralar Ümummilli Lider bu barədə deyirdi: “Mən belə fikirdəyəm ki, Naxçıvan MR Ali Məclisinin qəbul etdiyi qərarlar Azərbaycan Respublikasının işinə çox təsir etdi və Azərbaycan rəhbərliyi bir neçə belə qərarın qəbul edilməsində məcburiyyət qarşısında qaldı. Naxçıvan MR-in üzərində bu bayraq 1990-cı il noyabrın 17-də, Azərbaycan Respublikasında isə 1991-ci il fevralın 5-də dalğalandı”.

Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvan MR-də sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılması və tərəqqinin əldə olunması üçün əhəmiyyətli tədbirlər görüldü. Aqrar islahatlar, infrastrukturun inkişafı yönündə xüsusi işlər həyata keçirildi. Türkiyə və İranla qarşılıqlı əməkdaşlığa və tərəfdaşlığa əsaslanan ilk rəsmi təmaslar oldu. Blokada şəraitində olan muxtar respublikanın inkişafı və sabitliyinin davamlılığını təmin etmək üçün regional və beynəlxalq əlaqələrin formalaşdırılması, eləcə də inkişafı yönündə mühüm addımlar atıldı. Ümummilli Liderin Ali Məclisin Sədri vəzifəsində işləyərkən dünya azərbaycanlılarını bir ideya ətrafında – Vətənə və xalqa xidmət uğrunda birləşməyə səsləməsi və 1991-ci il dekabrın 16-da Ali Məclis tərəfindən “31 Dekabr – Dünya Azərbaycan Türklərinin Həmrəylik və Birlik Günü haqqında” Qərarın qəbul edilməsi xüsusi əhəmiyyətə malikdir.

Ulu Öndər Heydər Əliyevin bu sözləri onun Azərbaycan xalqını və dövlətini hətta öz canından da çox sevdiyini göstərir: “Bu zamanın, bu dəqiqələrin, bu saatın hökmünü nəzərə almaya bilməzdim... Xalqın bu əhval-ruhiyyəsini, tələblərini nəzərə alaraq bütün məsələləri götür-qoy etdim. Mən öz taleyimi xalqa tapşırmışam və xalqın iradəsini, yəqin ki, indi bu müddətdə, bu çətin dövrdə yerinə yetirməliyəm”.

Meydanəli Yolçiyev,
YAP Daşkəsən rayon təşkilatının sədri