03 sentyabr 2024 14:36
286

Bakı Qlobal İqlim Şəffaflığı Platforması (BTP) inkişaf edən ölkələrin tələblərinə cavab verir – Andre Korrera

Azərbaycan tərəfindən sentyabrın 3-də COP29-a sədrliyinin təşəbbüsü kimi təqdim olunan "Bakı Qlobal İqlim Şəffaflığı Platforması (BTP)" inkişaf edən ölkələrin ehtiyaclarını qarşılayır və güclü şəffaflıq sistemlərinin yaradılmasına yönəlib.

“İki sahil” xəbər verir ki, bu barədə Braziliyanın ekologiya və iqlim dəyişikliyi üzrə nazir müavini Andre Korrera Bakıda keçirilən iqlim şəffaflığı məsələlərinə dair yüksək səviyyəli dialoqda onlayn çıxışında bildirib.

"Bu fürsətdən istifadə edərək, potensial və texniki ehtiyaclarda olan boşluqları aşkar etmək və aradan qaldırmaq, eyni zamanda, qarşılıqlı etimadı və əməkdaşlığı gücləndirmək lazımdır", - o qeyd edib.

Onun sözlərinə görə, qlobal şəffaflıq sisteminin qəbul edilməsi iqlim dəyişikliyi ilə mübarizədə yeni bir dövrün başlanğıcıdır.

"Bu dəyişiklik transformasiya xarakterlidir və ölkələr arasında əməkdaşlığı ön planda tutmağı təşviq edir", - Korrera əlavə edib.

Qeyd edək ki, 29-cu BMT İqlim Dəyişiklikləri Konfransının (COP29) sədri olaraq Azərbaycan bu gün "Bakı Qlobal İqlim Şəffaflığı Platforması"nı (Baku Global Climate Transparency Platform/BTP) təqdim edib.