03 sentyabr 2024 13:11
275

İtaliya nümayəndə heyəti COP29-un uğurlu olması üçün tam dəstək göstərəcək - Xüsusi nümayəndə

İtaliya nümayəndə heyəti COP29-da Bakıdakı iqlim zirvə toplantısının uğurla keçirilməsi üçün əlindən gələni edəcək.

“İki sahil” xəbər verir ki, bu barədə İtaliyanın iqlim dəyişmələri məsələləri üzrə xüsusi nümayəndəsi, professor Françesko Korvaro Bakıda keçirilən "İqlim Şəffaflığının Artırılması: Genişləndirilmiş Şəffaflıq Sistemində (ETF) Ümumi İştirakın Təşviqi" adlı yüksək səviyyəli dialoqda bildirib.

"Mən inanıram ki, BMT-nin Paris Sazişi çərçivəsində iştirakçı ölkələr arasındakı əməkdaşlıq, iqlim dəyişikliklərinin qarşısını almağa yönəlmiş mümkün həll yollarının tapılmasına gətirib çıxaracaq ki, bu da gələcək üçün çox önəmlidir", - o qeyd edib.

Onun sözlərinə görə, iqlim sahəsində şəffaf addımların olması məqsəd qoyulan hədəflərə çatmaq üçün vacibdir.

"Hamı bilir ki, COP29-da iqlim maliyyələşdirilməsi müzakirə olunacaq, və bunun üçün milli səviyyədə BTR - 2 illik şəffaflıq hesabatları və kollektiv səylər önəmlidir. Heç bir ölkə təkbaşına iqlim dəyişiklikləri ilə mübarizə apara bilməz. Biz həmişə iqlim və sülhün əhəmiyyətini xatırlamalıyıq", - o əlavə edib.