03 sentyabr 2024 12:15
468

Dövlətçilik tariximizin mühüm səhifəsi: 3 sentyabr 1991-ci il

1990-1993-cü illər Ulu Öndər Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan dövrü hesab edilir. Həmin illər Naxçıvanda vəziyyət çox ağır idi. Blokada şəraiti, sosial-iqtisadi problemlər, hakimiyyətin muxtar respublika üzərində oynadığı oyunlar Naxçıvanda həyatı mürəkkəbləşdirmişdi. 1991-ci il sentyabrın 3-də Ulu Öndər Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçilməsindən sonra muxtar respublikada sabitlik təmin edildi. Ulu Öndərin düşünülümüş siyasəti və gərgin əməyi nəticəsində sosial-iqtisadi vəziyyət yaxşılaşmağa başladı. Ulu Öndər Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan dövrünə nəzər yetirdikdə görürük ki, Azərbaycanın müstəqilliyinin bərpası üçün real işlər görülmüş, əməli addımlar atılmışdır. Xalqın istəyi, iradəsi məhz Naxçıvandan gerçək olmağa başlamışdı.

Hələ 1990-cı il noyabrın 17-də Ulu Öndər Heydər Əliyevin sədrliyi keçirilən Naxçıvan parlamentinin ilk sessiyasında Naxçıvan MSSR adından “Sovet” və “Sosialist” sözlərinin çıxarılması, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət bayrağının Naxçıvan Muxtar Respublikasının Dövlət bayrağı olaraq təsdiq edilməsi dahi şəxsiyyətin təşəbbüsü idi və ümumilikdə Azərbaycanın müstəqilliyinə, suverenliyinə hesablanmışdı.

Dahi şəxsiyyət yalnız Azərbaycanda xalqın birliyini düşnmür, eyni zamanda, dünya azərbaycanlılarının birliyinə nail olmaq üçün çalışırdı. Məhz bu baxımdan Ulu Öndər Heydər Əliyevin “Dünya Azərbaycan Türklərinin Həmrəylik və Birlik Günü”nün təsis olunması kimi təşəbbüsünün müstəsna tarixi əhəmiyyəti vardır.

1990-1993-cü illərdə Ulu Öndər Heydər Əliyev Naxçıvanda gördüyü mühüm işlərlə Muxtar Respublikanın dirçəlişinə nail oldu. Həyata keçirilən düşünülmüş xarici siyasət nəticəsində İran və Türkiyə ilə münasibətlər quruldu ki, bu da Naxçıvanda sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılmasına hədəflənmişdi.

Zamanın tələbi, xalqın təkidi ilə Ulu Öndərin Naxçıvanda gördüyü mühüm işlər bir müddət sonra Azərbaycan miqyasında genişləncək və bütün ölkəni əhatə edəcəkdi. Məhz bu baxımdan 1991-ci il sentyabrın 3-də Ulu Öndər Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçilməsi müasir müstəqil Azərbaycanın dövlətçilik tarixinin ən mühüm səhifələrindən biridir.

Anar Şahmuradov,

YAP Ağdaş rayon təşkilatının ideoloji işlər üzrə məsləhətçisi