03 sentyabr 2024 01:57
284

Öz gözlərində tiri görmürlər…

Mehriban qonşuluq siyasətinin formalaşdırılması, beynəlxalq ədalətin təmin olunması Azərbaycanın yürütdüyü xarici siyasətin əsas istiqamətləridir. Lakin, Azərbaycanın öz ərazi bütövlüyünü tam bərpa etməsini həzm edə bilməyən və dövlətimizin güclənməsi ilə barışa bilməyən bəzi qüvvələr ölkəmizlə bağlı  ən müxtəlif yalanlara, şər-böhtana əl atırlar. Bəzi Avropa təsisatları, o cümlədən Avropa Parlamenti, Avropa İttifaqı, həmçinin Fransa, Niderland, Almaniya və digərləri Ermənistanla sülh sazişinin imzalanmaması üçün əllərindən gələni edirlər. Təəssüf ki, müstəqil dövlət olduğunu unudan Ermənistan tərəfi də məhz bu güclərin diktəsi ilə oturub-durur.

ABŞ və Qərbi Avropa ölkələri (xüsusən Fransa, Almaniya) Azərbaycan əleyhinə atdığı addımlarla açıq şəkildə nümayiş etdirir ki, Cənubi Qafqaza sabitliyin, əmin-amanlığın gəlməsində maraqlı deyillər. Onlar regionda  sülhü bərpa etmək əvəzinə  müharibəni daha da alovlandırıb yeni savaşlar çıxarmaq istəyirlər. Ukraynanı sonu görünməyən bataqlığa qərq edən Qərb, eyni siyasəti Azərbaycan və  Ermənistan arasında da aparır. Onlar bu xalqlar arasında düşmənçılıyin sonsuzadək davam etməsində maraqlıdırlar. Əgər bunun əksi olsaydı, otuz il torpaqlarımızın işğalda qalmasına, bir milyona yaxın qaçqın, köçkün probleminə, ərazimizdə separatizmin mövcudluğuna göz yummazdılar. Azərbaycan torpaqları işğal altında olduğu illərdə də beynəlxalq vasitəçilər rəsmi İrəvanın törətdiyi əməllərə görə sanksiyalar tətbiq etməyiblər. Əksinə, müxtəlif məqsədlər adı altında işğalçıya maliyyə yardımları ediblər. 44 günlük müharibədən sonra məlum oldu ki, ermənilər həmin maliyyə yardımlarını işğal etdikləri Azərbaycan torpaqlarında hərbi istehkamlar tikməyə sərf ediblər.

Bu gün Qərb dövlətlərinin, həmçinin Hindistanın Ermənistanı sürətlə silahlandırmasının nəticəsidir ki, işğalçı konstruktiv mövqe ortaya qoymaqdan çəkinir. Sülh sazişini imzalamaq istəməyən Ermənistan indi də  konstitusiya dəyişikliyi adı altında vaxt qazanmaq, prosesi uzatmaq istəyir.  Sülh sənədinin  imzalanmaması isə ən çox İrəvanın özünə ziyandır. Çünki bu gün Ermənistan Qərblə Rusiya arasında faktiki olaraq siyasi poliqona çevrilib. Hər iki tərəf Ermənistan hakimiyyətinə təsir göstərməyə çalışır. Gələcəkdə Ermənistanın Ukraynanın taleyini yaşaması, Qərblə Rusiya arasında hərbi poliqona çevrilməsi ehtimalı da var.  

Öz gözündə tiri görməyən Ermənistanın baş naziri Nikol Paşinyan avqustun 31-də keçirdiyi mətbuat konfransında yenə də ağ yalanları ilə gündəmə  gəlib.  Öz havadarlarına arxayın olaraq yeni təxribatçı fikirlər səsləndirən Nikol Paşinyan göründüyü kimi, yenə də dar siyasi təfəkkürü ilə hərəkət edərək Azərbaycanla imzalanması nəzərdə tutulan sülh müqaviləsi və aparılan sülh danışıqlarını baltalamağa qərar verib. Gülünc mülahizələri ilə ölkəmizi ittiham edərək bildirib ki, Azərbaycan İtaliyadan silah-sursat alıb. Baş nazirin bu iddiası tamamilə yalandır. Çünki Azərbaycan İtaliyadan nəqliyyat xarakterli təyyarə alıb. Bu isə hərbi xarakterli və silah deyil. Bundan əlavə, yenə də  yalandan iddia edib ki, guya Azərbaycan ümumdaxili məhsulun həcminin 17 faizini hərbi məqsədlərə xərcləyir. Əslində isə bu rəqəm 4 faiz ətrafındadır. Ermənistanın isə xərcləri bundan artıqdır və rəsmi açıqlamalara əsasən, 6 faiz təşkil edib. Üstəlik, Ermənistan görünməyən büdcə vəsaitlərinə də malikdir. Məsələn, Fransa tərəfindən Ermənistanın “Bastion” çoxməqsədli zirehli avtomobilləri və “Sezar” özüyeriyən artilleriya qurğuları ilə təchiz edilməsi istiqamətdə atılan addımlar büdcədənkənar xərclərə aiddir. Bu il iyulun 22-də Avropa İttifaqı Şurası tərəfindən qəbul edilmiş qərara əsasən, “Avropa Sülh Fondu” çərçivəsində Ermənistana 10 milyon avro məbləğində hərbi yardım ayrılması nəzərdə tutulub. Bu, işğalçılığına görə ordusu darmadağın edilmiş bir ölkənin yenidən silahlanması üçün edilən məlum yardımdır. Müxtəlif layihələr, hərbi manevrlər və s. istiqamətlərdə Ermənistanın hərbi sahəsinə dəstək verildiyi də istisna olunmur. Bu isə ölkədə ÜDM 6 faizindən xeyli artığını təşkil etdiyini ehtimal etməyə əsas verir.  2024-cü il üçün Ermənistan müdafiə büdcəsi bir milyard 400 milyon dollardan artıq olub. Bu da 2023-cü ilin xərcləri ilə müqayisədə 7 faiz çoxdur. Ermənistanın baş naziri bildirib ki, Azərbaycan silahlandığı halda Ermənistan bunu niyə etməməlidir? Deyəsən, Paşinyan unudub ki, onun indi başçılıq etdiyi ölkə və mənsub olduğu etnik qrup Azərbaycan torpaqlarını 30 ilə yaxın işğal altında saxlayıb, 300 minə yaxın azərbaycanlını ölkədən qovaraq onları vətəndaşlıq hüququndan məhrum edib. Onun yenidən silahlanmasının region üçün təkrar faciələr yaşatmayacağına isə zəmanət verən yoxdur.  Təəssüflər olsun ki, hər zaman olduğu kimi, Ermənistanın silahlanmasına beynəlxalq ictimaiyyət göz yumur. Hətta ABŞ, Fransa, Avropa İttifaqı, Hindistan, İran və başqaları açıq-aydın onun silahlanmasına yardım edirlər. Göründüyü kimi, Avropa təsisatları ədalətli ola bilmirlər. Əksinə Avropa Şurası, Avropa Parlamenti, Avropa İttifaqı Fransanın oyunlarına ortaq olurlar. Ermənistanın silahlandıqdan sonra onun əldə etdiyi hərbi texnikanı yenidən işğalçılıq məqsədi ilə tətbiq etməyəcəyinə zəmanət verilmir. Ona görə də Azərbaycan vaxtilə təcavüzə məruz qaldığından özünü müdafiə və vətəndaşlarının təhlükəsizliyini təmin etmək məqsədilə silahlanmağa məcburdur. Çünki Azərbaycan ərazisindən beynəlxalq əhəmiyyətli marşrutlar keçir. Bu baxımdan onların təhlükəsizliyini terror və başqa hücumlardan qorumaq üçün də hərbi texnika, qurğulara ehtiyac var. Ölkəmizin silahlanma ilə bağlı fəaliyyəti şəffafdır. O, büdcədənkənar məlum olmayan yardımlarla ordu qurmur.

Şəmsiyyə Əliqızı, “İki sahil”