03 sentyabr 2024 00:11
347

Kəlbəcərin xoşbəxt günləri başlayır

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın bölgələrə vaxtaşırı səfərləri, eyni zamanda, dövlət başçısının quruculuq işlərinə özünün şəxsən nəzarət etməsi işğaldan azad olunmuş ərazilərə diqqət və qayğısının təcəssümüdür

Füsunkar təbiətə, zəngin mədəni irsə malik olan Kəlbəcər rayonu 4 ilə yaxındır ki, öz azadlığına qovuşub. 1993-cü il aprel ayının 2-də erməni silahlı birləşmələri tərəfindən işğala məruz qalan Kəlbəcərin 27 il sonra geri qaytarılması Müzəffər Ali Baş Komandan İlham Əliyevin hərbi-siyasi liderliyi və Azərbaycan Ordusunun göstərdiyi şücaətin təcəssümüdür. 2020-ci il sentyabrın 27-də Silahlı Qüvvələrimizin Ermənistan ordusuna qarşı başladığı uğurlu hərbi əməliyyat nəticəsində ümumilikdə 300-dən çox yaşayış məntəqəsi, eləcə də Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəkliklər işğaldan azad edildi. 44 günlük Vətən müharibəsinin hər gününü tarixə çevirən igid Azərbaycan oğulları noyabrın 8-də Şuşanı azad etməklə düşməni kapitulyasiya aktına imza atmağa məcbur etdilər. Noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladıqları üçtərəfli Bəyanatın 6-cı bəndinə əsasən Kəlbəcər rayonu Azərbaycanın nəzarətinə keçdi. Razılaşmaya görə, düşmən qüvvələr Kəlbəcəri noyabr ayının 15-dək tərk etməli olduqları halda, Rusiya vasitəsilə dövlətimizdən əlavə 10 gün vaxt istədilər. Humanizm prinsiplərini əsas götürən rəsmi Bakı qarşı tərəfin istəyini qəbul etdi və 2020-ci il noyabrın 25-də Kəlbəcər rayonu boşaldıldı. Bununla da Azərbaycan İkinci Qarabağ müharibəsində qazandığı Zəfərlə BMT Təhlükəsizlik Şurasının daha bir qətnaməsi - bütün işğalçı qüvvələrin Kəlbəcər rayonundan dərhal çıxarılmasını tələb edən 822 saylı qətnaməni də həyata keçirdi. Beləliklə, dövlət başçımız döyüş meydanında qazanılmış qələbəni diplomatik masada davam etdirərək, daha bir rayonumuzu bir güllə atılmadan, itki vermədən ölkəmizin nəzarətinə qaytarmağı bacardı. Bütün azərbaycanlıları, ələlxüsus da kəlbəcərliləri qürurlandıran tarixi anlardan biri 2021-ci ilin 17 avqustuna təsadüf edib. Müzəffər Ali Baş Komandan həmin tarixdə Kəlbəcərdə dövlət Bayrağını ucaldıb.

Kəlbəcər Azərbaycanın böyük və strateji əhəmiyyət kəsb edən rayonlarından biridir. İşğaldan əvvəl 3054 kv.km ərazisi olan rayonda 1 şəhər, 1 qəsəbə, 145 kənd və 55 inzibati ərazi dairəsi mövcud idi. İşğal nəticəsində 511 dinc sakin öldürüldü, 321 nəfər əsir götürüldü və itkin düşdü. Kəlbəcərin 60 min nəfər əhalisi respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur oldu. BMT-nin və ATƏT-in prinsiplərinə zidd olaraq 1999-cu ildən Kəlbəcər rayonu ərazisində ermənilərin məskunlaşdırılmasına başlanıldı.

Kəlbəcər işğaldan azad ediləndən sonra 2021-ci il avqustun 16-da və 2022-ci il iyunun 26-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər rayonunda səfərdə oldular. Ölkə başçısının rəhbərliyi ilə işğaldan azad edilən bütün ərazilərdəki kimi, Kəlbəcər rayonunda da böyük quruculuq işləri aparılır. Bu işlər nəticəsində Kəlbəcərin əvvəlki şöhrəti özünə qaytarılacaq. Bu gün işğaldan azad olunmuş ərazilərdə fərqli təyinatlı infrastruktur layihələri reallaşdırılır. 2021-ci ilin 16 avqust tarixində dövlətimizin başçısı və birinci xanımın iştirakı ilə  Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində Murovdağda inşa olunacaq tunelin təməli qoyulub. Bununla da Göygöl və Kəlbəcər rayonlarını yeni yol birləşdirəcək. Həmin gün 110/35/10 kilovoltluq “Kəlbəcər” yarımstansiyasının açılışı və Kəlbəcər-Laçın avtomobil yolu üzərində inşa olunacaq tunelin təməli qoyulub. 2022-ci il iyunun 26-da baş tutan səfər zamanı isə ölkə başçısının iştirakı ilə “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyasının, Kəlbəcər rayonunda hərbi hissələrin açılışı, İşğal və Zəfər muzeyləri kompleksinin, Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin, Kəlbəcərdə “İstisu” mineral su zavodunun və “İstisu” sanatoriyasının təməlqoyma mərasimləri keçirilib, Kəlbəcər-Laçın avtomobil yolunun inşası, Kəlbəcər şəhərinin Baş planı və Kəlbəcərdə “Çıraq-1” Kiçik Su Elektrik Stansiyasında tikinti işlərinin gedişi ilə tanışlıq olub. 2023-cü il avqustun 26-da ölkə rəhbəri İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcərdə “Soyuqbulaq” Kiçik Su Elektrik Stansiyasının, “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin “Çıraq-1” və “Çıraq-2” Kiçik Su Elektrik stansiyalarının açılışında,  Zar kəndinin təməlqoyma mərasimində iştirak ediblər və “İstisu” mineral sudoldurma zavodunun tikintisi və “İstisu” Müalicə-İstirahət Kompleksində görülən işlərlə tanış olublar. Həmçinin 2023-cü il noyabrın 7-də Kəlbəcər rayonunun Vəngli kəndinə səfər ediblər. Kəlbəcər şəhərinin Baş planı bölgənin təbii gözəlliyini özündə ehtiva edir. Plana uyğun olaraq müfəssəl layihələndirmə aparılıb və artıq yaşayış binaları, məktəb, xəstəxananın inşasına başlanılıb. Yeni yaradılan hərbi hissələr, ictimai yerlər artıq fəaliyyət göstərir.

Qeyd etmək lazımdır ki, Kəlbəcərin çox zəngin təbii enerji potensialı vardır. Xarici şirkətlər tərəfindən Kəlbəcər və Laçın rayonlarında külək elektrik stansiyalarının tikintisi ilə bağlı müraciətlər olmuşdur. Ən çətin relyefə malik olan Kəlbəcər dağlarından elektrik xətləri çəkilir, hazırda “Kəlbəcər-1” Kiçik Su Elektrik Yarımstansiyasının inşası başa çatıb, 110/35/10 kilovoltluq “Kəlbəcər” yarımstansiyası da istifadəyə verilib.

Xəbər verildiyi kimi, sentyabrın 2-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva növbəti dəfə Kəlbəcərdə səfərdə olublar. Dövlət başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər rayonunda Tərtər çayı üzərində yerləşən “Azərenerji” ASC-nin 22,5 MVt gücündə olan “Yuxarı Vəng” Su Elektrik Stansiyasının açılışında iştirak ediblər, həmçinin Xudavəng monastır kompleksində olublar. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər rayonunun Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu layihəsi çərçivəsində inşa olunan 4-cü tuneldə və bu yolun 15,2 kilometrlik hissəsində görülən işlərlə tanış olublar. Eləcə də dövlət başçısı Kəlbəcər şəhərində ikinci yaşayış kompleksinin və inzibati binanın təməlini qoyub, Şəhər Təhsil Kompleksində aparılan işlər və bu il açılması planlaşdırılan modul tipli məktəbin layihəsi, həmçinin Kəlbəcər şəhərində 524 ailəlik yaşayış kompleksinin tikintisi ilə tanış olublar.

Xatırladaq ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1 may 2024-cü il tarixli, 235 nömrəli Qərarına əsasən, “Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Planı” təsdiq edilib. Baş Plana əsasən, Kəlbəcər şəhəri mövcud məskunlaşma ərazisini və yaxınlığındakı Boyaqlı kəndini əhatə edəcək. Şəhərin şimal-şərq istiqamətindəki əsas girişindən başlayaraq cənub-qərb istiqamətində uzanan baş küçəsi planlaşdırma strukturunun əsasını təşkil edir. Küçənin başlanğıc nöqtəsində şəhərin sənaye və istehsalat zonası, orta hissəsində şəhər mərkəzi, bitiş nöqtəsində isə turizm və sosial xidmət obyektləri nəzərdə tutulub.

Şəhərin işğala qədərki (1969-cu ildə tərtib edilən) son Baş planında ərazisi 130 ha, əhalisinin sayı isə 7500 nəfər təşkil etdiyi halda, 2040-cı ilədək inkişaf konsepsiyasına uyğun olaraq bu rəqəmlər iki dəfədən çox artacaq (290 hektara yaxın ərazi, 17000 nəfər əhali). Şəhərin mərkəzi ortamərtəbəli çoxmənzilli və inzibati binalardan ibarət olacaq. Ətrafda isə fərdi yaşayış evlərinin tikintisi aparılacaq. Şəhərin ümumi yaşayış fondu 488 min kvadrat metr təşkil edəcək ki, bunun da böyük hissəsi (421 min kvadrat metr) fərdi yaşayış evlərinin, 46 min kvadrat metri isə ortamərtəbəli yaşayış binalarının payına düşəcək. Ümumən 2040-cı ilədək əhalinin 4250 mənzillə (adambaşına 25 kvadrat metr) təmin olunması nəzərdə tutulub. Şəhərdə həmçinin 4 məktəb (960 şagird yerlik), 4 uşaq bağçası (520 yerlik), 2 xəstəxana (160 çarpayılıq), 1 reabilitasiya mərkəzi (150 çarpayılıq), İşğal və Zəfər muzeyləri, mehmanxanalar, müxtəlif ictimai-iaşə obyektləri və idman meydançalarının tikintisi planlaşdırılır.

Baş plana əsasən, şəhər ərazisinin 22 faizi yaşıllıqlardan ibarət olacaq, yəni 60 ha sahədə fərqli yaş və sosial qruplar üçün yaşıllıq zolaqları yaradılacaq. Beləliklə, ölkənin digər şəhərlərində ümumi istifadədə olan yaşıllıq sahəsinin adambaşına düşən norması 7-10 kvadrat metr nəzərdə tutulduğu halda, Kəlbəcər şəhərində bu göstərici 33 kvadrat metr təşkil edəcək. Baş plana uyğun olaraq, şəhərin yol infrastrukturu da müasir standartlar tətbiq edilməklə qurulacaq. Əhali uzunluğu 27 km-dən artıq olan avtomobil, 22 km olan velosiped yollarından rahat şəkildə istifadə edə biləcək.

Prezident İlham Əliyevin Qarabağ və Şərqi Zəngəzurun “yaşıl enerji” zonasına çevrilməsi ilə bağlı tapşırığına uyğun olaraq, şəhərin enerji təminatı bərpaolunan enerji potensialından istifadə edilməklə həyata keçiriləcək. Əhalinin içməli su təminatı isə Ağçayın su mənbələri hesabına ödəniləcək. Kəlbəcər şəhərinin iqtisadi inkişafında xidmət (xüsusən turizm) və kənd təsərrüfatı sektorları böyük rol oynayacaq. Şəhər yenidən qurulan “İstisu” sanatoriyasına yaxın ərazidə yerləşdiyindən burada müalicəvi turizmin inkişafına təkan verəcək obyektlər də inşa olunacaq. Bütün bunlar isə əhalinin dayanıqlı məşğulluğuna əlverişli zəmin yaradacaq.

Sevinc Azadi, “İki sahil”