02 sentyabr 2024 09:06
419

“Nəzakətli” oğru girdiyi evi təmizləyib, ev sahibinin paltarlarını qatlayıb

ABŞ-ın paytaxtı Vaşinqtonda “nəzakətli” oğru evə pəncərəni sındıraraq daxil olub, axşam yeməyi bişirib, qab-qacaq yuyub, duş qəbul edib və qeyd qoyub.

“İki sahil” xəbər verir ki, Vaşinqtonda baş verən maraqlı oğurluq hadisəsi həm polisi, həm də məhəllə sakinlərini təəccübləndirib.

Oğurluq hallarının adətən əşyalar yoxa çıxması ilə diqqət çəkdiyi məlum olsa da, bu dəfə oğru ev sahiblərindən fərqli olaraq evi təmizlik edərək tərk edib.

Eddi Andujonun evinə mətbəxin pəncərəsini sındıraraq daxil olan oğru əvvəlcə özü üçün yemək bişirib, sonra qabları yuyub, hətta Andujonun paltarlarını qatlayıb.

Bildirilib ki, oğru heç nə oğurlamadan evdən çıxıb, ancaq arxasında üzrxahlıq məktubu qoyub: "Yemək lazım idi. Evinizə girdim. Məni bağışlayın. Yeməyinizi yedim, paltarımı yudum və duş aldım".

Oğru işləməyən popkorn maşını haqqında məlumatlı qeyd də qoyub.

Bölgədə analoji halların artması ilə əlaqədar olaraq polis K9 itləri ilə şübhəli şəxsi axtarsa ​​da, nəticəsi olmayıb.

Qeyd edək ki, belə “oğrular” haqqında əvvəllər də məlumat verilib. 2019-cu ildə Bostonda bir oğru evi təmizlədi və tualet kağızından qızılgül düzəldərək oranı tərk etdi.

Məhərrəm Ağalaroğlu, “İki sahil”