29 avqust 2024 01:25
369

Konfrans çərçivəsində 60 sənədin qəbul olunması nəzərdə tutulur - COP29

Respublikamızın dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-a ev sahibliyi üçün seçilməsi Azərbaycan Prezidentinin beynəlxalq aləmdə getdikcə artan nüfuzunun növbəti göstəricisidir. Belə bir tədbirin ölkəmizdə keçirilməsinin siyasi əhəmiyyəti kifayət qədər böyükdür. Bu, bütün dünya ictimaiyyətinin Azərbaycana öz dəstəyini ifadə etdiyini bir daha təsdiqləyir. Bakıda COP29 konfransının keçirilməsi ilə bağlı qərarın qəbul edilməsi beynəlxalq aləmin hər bir üzvünün razılığı ilə mümkün olub. Yəni, burada yekdil mövqe ortaya qoyulub. Bütün bunlar o anlama gəlir ki, Azərbaycanın ölkə daxilində və regionda yaratdığı yeni reallıqlar BMT səviyyəsində qəbul olunur.

COP29-a ev sahibliyi hüququnun qazanılması həm də ölkəmizin “yaşıl” gündəliyə münasibətinin ifadəsidir. Son illər Xəzər regionunun Avropanın enerji keçidinin əsas mərkəzlərindən birinə çevrilməsi təsadüfi deyil. Çünki dünyada neft-qaz ölkəsi kimi tanınan Azərbaycan Avropa İttifaqının prioritet elan etdiyi “yaşıl keçid” platformasının reallaşmasına da mühüm töhfələr verməyə çalışır. Heç şübhəsiz, bu da ölkəmizə olan inamı bir qədər də artırır. Elə COP29 kimi böyük bir tədbirə ev sahibliyinin Azərbaycana həvalə olunması da məhz bu inamdan irəli gəlir.

Ümumiyyətlə, Azərbaycan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına tərəf olmaqla qlobal iqlim dəyişmələrinə qarşı mübarizəyə qoşulub. Ölkəmiz 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının miqdarını 35 faiz azaldılmasını hədəfləyir. 2030-cu ildən sonra isə daha iddialı hədəf müəyyən edilib ki, bu da 2050-ci ilə qədər istixana qazlarının miqdarının 40 faiz azaldılmasından ibarətdir. Bundan başqa, erməni faşizminin işğal dövründə xarabalığa çevirdiyi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları dövlətimizin başçısı tərəfindən “Yaşıl enerji zonası” elan edilib. Eyni zamanda, həmin ərazilərin dayanıqlı kənd təsərrüfatı, ekoloji cəhətdən təmiz nəqliyyat, “ağıllı” şəhərlər, “ağıllı” kəndlər kimi innovativ yanaşmalara əsaslanmaqla və minlərlə hektar sahədə meşələri bərpa etməklə 2050-ci ilədək “Netto sıfır emissiya” zonasına çevrilməsi nəzərdə tutulur.

COP29 ölkəmiz üçün təkcə iqlim sahəsində deyil, həm də beynəlxalq əlaqələrin inkişafı baxımından böyük bir fürsət sayılır. Bu kontekstdə avqustun 27-də Şəki şəhərində "Ətraf mühitin gücləndirilməsi: Maarifləndirmə və hüquq mühafizə tədbirlərinin rolu" mövzusunda keçirilən elmi-praktiki konfransda çıxış edən baş prokuror Kamran Əliyev deyib ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının – COP29 kimi mötəbər tədbirin Azərbaycanda keçirilməsi ölkəmizin tarix kitabına qızıl hərflərlə yazılacaq. Baş prokuror qeyd edib ki, beynəlxalq ictimaiyyətin bu barədə yekdil qərarını verməsi dünyada Azərbaycana böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsidir. Təbii ki, bu etimadın əsas səbəbkarı - bu tarixi nailiyyətin ərsəyə gəlməsi üçün yorulmadan çalışan Prezident İlham Əliyevə xalqımızın dəstəyi də misilsizdir.

Bəli, Bakı bu tədbir vasitəsilə dünya liderlərinin, iqlim üzrə mütəxəssislərin, qeyri-hökumət təşkilatlarının diqqətini cəlb edəcək və qlobal səviyyədə vacib qərarların qəbul edilməsinə zəmin yaradacaq. Konfransın keçirilməsi üçün müasir infrastruktur və logistik imkanların təmin edilməsi ilə yanaşı, ölkə daxilində iqlim mövzusunda maarifləndirmənin gücləndirilməsi də əsas hədəflər arasındadır. Azərbaycan COP29 vasitəsilə iqlim dəyişikliklərinə qarşı qlobal səylərə öz töhfəsini verməyə hazır olduğunu nümayiş etdirməkdədir.

Azərbaycanın bu konfransa ev sahibliyi etməsi və sədrliyi ilə bağlı formalaşdırdığı yeni konsepsiya beynəlxalq arenada ölkəmizin mövqeyini daha da gücləndirməyi hədəfləyir. Bu baxımdan COP29-un baş danışıqçısı, xarici işlər nazirinin müavini Yalçın Rəfiyevin fikirləri də önəm daşıyır. Y. Rəfiyev “29 İqlim Söhbəti: COP29-a gedən yol” adlı media seminarında jurnalistlərə açıqlama verərək tədbirin əhəmiyyətini vurğulayıb və proqramının detalları barədə məlumat verib. O, COP29 çərçivəsində 60-dan çox sənədin qəbul edilməsinin planlaşdırıldığını qeyd edib. COP29-un böyük miqyaslı qlobal proses olduğunu diqqətə çatdıran Yalçın Rəfiyev BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının proqramını açıqlayıb.  

Belə ki, rəsmi açılış mərasimindən sonra noyabrın 12-13-də hökümət rəsmilərinin sammiti keçiriləcək. Noyabrın 14-dən 22-dək isə tematik günlərdə iqlim dəyişikliyi ilə bağlı müxtəlif mövzular, xüsusilə kənd təsərrüfatı, ərzaq təhlükəsizliyi, enerji, texnologiya və digər sahələrə dair müzakirələr aparılacaq. Bu müddət ərzində rəsmi və qeyri-rəsmi platformalar yaradılacaq, nümayəndələr arasında müzakirələr davam etdiriləcək.

Yalçın Rəfiyev COP29-un beynəlxalq ictimaiyyət üçün əhəmiyyətli bir mərhələ olduğunu və bu sessiyada qəbul olunacaq sənədlərin son 5 Tərəflər Konfransı arasında ən yüksək sayda olacağını vurğulayıb. Bu tədbir çərçivəsində 20-dən çox rəsmi nümayəndə enerji, kənd təsərrüfatı, texnologiya və digər vacib mövzularda əhəmiyyətli qərarlar qəbul edəcək.

Maliyyələşmə məsələsi də COP29-un gündəmində əsas yerlərdən birini tutur. Yalçın Rəfiyev “Yeni Kollektiv Cəmiyyət Hədəfi” adlı maliyyə sənədinin qəbul olunmasının əhəmiyyətini vurğulayaraq bu sənədin qəbul olunması halında inkişaf etməkdə olan ölkələrin iqlim dəyişikliyinə qarşı mübarizədə zəruri maliyyə dəstəyi ilə təmin ediləcəyini bildirib. Hədəf 1,5°C temperatur artımının qarşısını almaqdır ki, bu da emissiyaların azaldılması və digər ambisiyalı tədbirlərin həyata keçirilməsini tələb edir.

Nəticə etibarilə COP29 konfransının Azərbaycanda keçirilməsi ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunun və iqlim dəyişikliyi mövzusunda qlobal səylərə verdiyi əhəmiyyətin təzahürüdür. Göründüyü kimi, Azərbaycanın iqlim dəyişiklikləri ilə mübarizədəki fəal rolu və “yaşıl” gündəliyə olan bağlılığı beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilib. Beləliklə, COP29 kimi mühüm bir tədbirin ev sahibliyini qazanmaq ölkəmizin regional və qlobal arenada mövqeyini daha da gücləndirmək üçün böyük bir fürsət yaradır.

Nigar Orucova, “İki sahil”