Bütün dünyaya “demokratiya dərsi” keçən Makron hakimiyyəti hazırda Fransanı avtoritar metodlarla idarə edərək diktatutaya doğru yaxınlaşdırır
“Teleqram” sosial şəbəkəsinin yaradıcısı Pavel Durovun avqustun 24-də Parisin Le Burje hava limanında saxlanılması neçə gündür ki, dünya gündəmini zəbt etməkdədir. Fransada axtarışda olan şəxslər siyahısına daxil edilən Durov bir sıra cinayətlərdə, o cümlədən terrorizm, narkotik ticarəti, dələduzluq və çirkli pulların yuyulmasında, qanunsuz əməliyyatlara şərait yaratmaqda, məlumat verməkdən imtinada, cinayət sövdələşmələrində iştirakda və s. ittiham olunur. Məlumata görə, ona qarşı cinayət işi iyulun 8-də açılıb. Saxlanmasına dair order Fransa məhkəmə polisi tərəfindən ilkin istintaqa əsasən verilib. Hazırda Durovun saxlanılmasının əsl səbəbləri beynəlxalq mediada ciddi müzakirə mövzusudur. Bir sıra tanınmış şəxslər, siyasətçilər Fransanı sərt tənqid edir, onun azadlığa buraxılmasını tələb edirlər.
Qeyd edək ki, Durov “Teleqram” layihəsini 2013-cü ilin avqustunda işə salıb. Bu, açıq mənbəli və xüsusi şifrələmə sisteminə malik pulsuz bir messencerdir. Sosial şəbəkənin təşviqində şəxsi məlumatların və yazışmaların təhlükəsizliyi əsas diqqət mərkəzində olub. Durov dəfələrlə rəqiblərini istifadəçilərin şəxsi məlumatlarını izləməkdə və yaymaqda günahlandırıb. O, ilk dəfə 2016-cı ildə "Forbes"in ən zəngin ruslar siyahısına daxil olaraq, 0,6 milyard dollar xalis sərvəti ilə 135-ci yeri tutub. İki il sonra “Teleqram”ın yaradıcısının sərvəti 1 milyard dolları keçərək 1,7 milyard dollar təşkil edib. 2018-ci ildə "Fortune" jurnalı onu biznesdəki ən nüfuzlu gənclər siyahısına daxil edib. “Teleqram”ın ilk dəfə öz istiqrazlarını buraxması və bazarda 1 milyard dollar cəlb etməsi səbəbindən qiymətləndirmə artıb. 2022-ci ildə Durov ilk dəfə Rusiyanın ən varlı adamları siyahısında üçüncü yerə yüksəlib, onun sərvəti 15,1 milyard dollar qiymətləndirilib. Bir il sonra "Forbes" Durovu Rusiyanın ən yoxsul milyarderi adlandırdı. Çünki bir il ərzində o, 3,6 milyard dollar itirib, sərvəti 11,5 milyard dollara düşüb və "Forbes"in ən varlı adamları reytinqində 148-ci olub. 2024-cü ildə “Teleqram”ın qurucusu Rusiyada sıralamada onuncu yerdən səkkizinci yerə yüksəlib. Onun sərvəti 4 milyard dollar artaraq 15,5 milyard dollara çatıb.
Hazırda Fransada saxlanılan və barəsində ağır ittihamlar irəli sürülən Durovla bağlı bir çox siyasətçilər, iş adamları azadlıq çağırışları edirlər. Onun saxlanılması söz azadlığına növbəti hücum kimi qiymətləndirilir. Amerikalı milyarder İlon Mask "FreePavel" həştəqi ilə Pavel Durovun azadlığa buraxılmasına çağıran sosial şəbəkə istifadəçilərini dəstəkləyib. Fransanın Vətənpərvərlər Partiyasının lideri Florian Filippo isə bildirib ki, Fransa “Teleqram”ın təsisçisi Pavel Durovu Paris hava limanında saxlamaqla özünün tiran mahiyyətini bütün dünyaya nümayiş etdirdi: "Bu, çox ciddi məsələdir. Fransa dünyaya özünün tiran mahiyyətini nümayiş etdirdi. Avropa İttifaqının Rəqəmsal Xidmətlər Senzurası Qanunu (DSA) Fransada söz azadlığının getdikcə daha amansız repressiyaya məruz qalmasına təkan verir. Görəsən, "X" sosial şəbəkəsinin sahibi İlon Mask da Fransaya gəlsə, eyni şəkildə saxlanılıb həbs oluna bilərmi?" ABŞ-ın Milli Təhlükəsizlik Agentliyinin keçmiş əməkdaşı Edvard Snouden “Teleqram”ın təsisçisi Pavel Durovun Parisdə saxlanmasını söz azadlığı hüququna qəsd, Fransa və bütün dünya üçün rüsvayçılıq adlandırıb: "Durovun həbsi əsas insan hüquqlarına, söz və birləşmək azadlığına hücumdur. Fransa Prezidenti Emmanuel Makronun şəxsi mesajlara çıxış yolu kimi girov götürmə səviyyəsinə enməsi məni təəccübləndirir və dərindən kədərləndirir. Bu, təkcə Fransa üçün deyil, bütün dünya üçün rüsvayçılıqdır".
Yeri gəlmişkən, Prezident Emmanuel Makron Pavel Durovun saxlanılmasının siyasi olmadığını iddia edir: "Mən burada Pavel Durovun saxlanılmasından sonra Fransa ilə bağlı yalan məlumat oxuyuram... “Teleqram” rəhbərinin Fransa ərazisində saxlanılması davam edən hüquqi araşdırma çərçivəsində baş tutub. Bu, heç bir halda siyasi qərar deyil. Qərar vermək hakimlərin işidir". İstənilən halda Durovun həbsinin siyasi olduğu gün kimi aydındır. Belə ki, Pavel Durovun həbsdən bir müddət öncə Fransa kəşfiyyatının “Teleqram”da yazışmalara çıxış kodlarını tələb etməsinə imtina cavabı verdiyi barədə məlumatlar mövcuddur.
Gecə-gündüz dünyada ədalətdən, demokratiyadan, söz və ifadə azadlığından dəm vuran ölkələr Fransa hakimiyyətinin son qərarına səssizliklə yanaşırlar. Hansı ki, 2018-ci ildə Rusiya məhkəməsi “Telegram”la bağlı işə baxanda “Human Rights Watch”, “Amnesty İnternational”, “Freedom House”, “Sərhədsiz Reportyorlar”, “Jurnalistləri Müdafiə Komitəsi” daxil olmaqla 26 beynəlxalq təşkilat bəyanat verərək faktı pisləmişdilər. Rusiyanı ifadə azadlığını pozmaqda ittiham etmişdilər. İndi Fransa hökuməti daha sərt addım atıb, “Telegram”ın qurucusunu həbs edib. Beynəlxalq QHT-lər niyə susurlar? Avropa İttifaqı, ABŞ Dövlət Departamenti bəyanat vermək üçün niyə gecikirlər? Qərb özünün bəyan etdiyi prinsiplərə niyə etinasız yanaşır? Yeri gəlmişkən qeyd edək ki, 2017-ci ildən, yəni Emmanuel Makronun hakimiyyətə gəldiyi ildən etibarən Fransada mürtəce xarakterli qanunların qəbul edilməsi sistemli hal alıb. 2018-ci ildə “Yalan məlumatlara qarşı mübarizə ilə bağlı 799 saylı təklif” (Təkliflər paketi) Milli Assambleyada müzakirəyə çıxarılıb. Bu təkliflər ölkədə informasiya dövriyyəsinə aidiyyatı olan qanunların dəyişdirilməsini nəzərdə tutur. “Rabitə haqqında 1986-cı il tarixli Qanun”, “Rəqəmsal iqtisadiyyat haqqında 2004-cü il tarixli Qanun”, “Audiovizual yayım haqqında Qanun”, “Mətbuat azadlığı haqqında 29 iyul 1881-ci il tarixli Qanun”, Seçki Məcəlləsi və digər hüquqi aktlar bu təkliflər paketinə uyğun olaraq dəyişdirilib və mürtəce hala salınıb. Məsələn, Seçki Məcəlləsinin 112-ci və 163-1-ci maddələri dəyişdirilərək yeni redaksiyada verilib. Mahiyyəti budur ki, “seçki prosesində dezinformasiya xarakterli məlumatların yayılmasına görə bir il həbs və ya 75.000 avro məbləğində cərimə ilə cəzalandırma” nəzərdə tutulur. Amma yuxarıda qeyd etdiyimiz kimi, dəyişdirilən qanunlarda “dezinformasiya” ilə “tənqidi fikrin” sərhədləri müəyyən edilməyib.
Müxalif düşərgənin lideri Jan-Lyuk Melanşon Prezident E.Makronu “avtokrat” adlandırmaqla yanaşı, Fransanı ölkədaxili xaosa sürükləmədə suçlayıb. Bu, o deməkdir ki, Fransada Makron hakimiyyətinə qarşı etiraz dalğası yaxın vaxtlarda kütləvi hal ala bilər. Halbuki, Fransa cəmiyyətində Makron hakimiyyətinə qarşı sosial-iqtisadi narazılıqlar onsuz da təhlükəli həddə çatıb. Bütün dünyaya “demokratiya dərsi” keçən Makron hakimiyyəti hazırda Fransanı avtoritar metodlarla idarə edərək diktatutaya doğru yaxınlaşdırır. Bəzi Qərb ekspertləri hesab edirlər ki, əgər belə davam edərsə Fransa dərin siyasi xaosla üzləşərək iflasa məhkum olacaq.
Sevinc Azadi, “İki sahil”