24 avqust 2024 12:48
382

Yalçın Rəfiyev: İqlim dəyişikliyinə dövlətlərin münasibəti fərqlidir

COP29-la bağlı bütün dövlətlərin konstruktiv yanaşmasını müşahidə edirik.

“İki sahil” xəbər verir ki, bunu COP29-un baş danışıqçısı Yalçın Rəfiyev “29 İqlim Söhbəti: COP29-a gedən yol” adlı tədbir çərçivəsində COP29 üçün effektiv kommunikasiya strategiyalarına dair media seminarında deyib.

Onun sözlərinə görə, beynəlxalq münasibətlərdə danışıqlar prosesi onsuz da mürəkkəb şəraitdə davam edir:

"İqlim məsələsi isə fərqli bir mürəkkəbliyə malikdir. İqlim dəyişikliyinə dövlətlərin münasibəti də fərqlidir. Hətta bu il bir az daha mürəkkəbdir. Çünki maliyyə mövzusunda danışırıq. Maliyyə ilə bağlı qərar qəbul etməyə çalışırıq. İqlim və maliyyənin bir araya gəlməsi isə onsuz da çətin olan danışıqlar gündəliyimizi daha da mürəkkəbləşdirir. Lakin dövlətlərin münasibətinə toxunsaq, deyə bilərik ki, indiyə qədər biz bütün dövlətlərin konstruktiv yanaşmasını müşahidə edirik. Hər hansısa dövlətdə çətinlik və ya problem müşahidə edilməyibsə, bu, müsbət bir amildir. Hazırda dövlətlər arasında bir-birinə doğru addım atmaq meyilləri müşahidə edilir. Ancaq nəzərə alınmalıdır ki, bu il dünyada seçkilər ilidir. Dünyada 4 milyarddan çox insan səsvermədə iştirak edəcək. 60-dan çox dövlətdə seçkilər keçirilir".