24 avqust 2024 11:28
343

COP29 rəsmisi: COP-lar BMT çərçivəsində ən inklüziv tədbirlərdəndir

COP-lar BMT çərçivəsində ən inklüziv tədbirlərdəndir.

“İki sahil” xəbər verir ki, bunu COP29-un baş danışıqçısı Yalçın Rəfiyev deyib.

Onun sözlərinə görə, bu il Bakıda keçiriləcək COP29-dan əsas gözlənti kollektiv cəmiyyət hədəfinin müəyyənləşdirilməsidir.

"Bu nə deməkdir? 2009-cu ildə Kopenhagendə keçirilən COP zamanı qəbul edilən qərara görə, illik əsasda inkişaf etmiş dövlətlər iqlim dəyişikliyi ilə mübarizədə inkişaf etməkdə olan dövlətlərə 100 milyard dollar yardım etməlidir. Bunlar da qrantlar və təmənnasız yardımlar şəklində olmalıdır. Bu il Bakıda keçiriləcək COP-dan əsas gözlənti bu 100 milyard dollarlıq yardımın yuxarı həddini müəyyənləşdirməkdir. Çünki, artıq illər keçib, dünya iqtisadiyyatı dəyişib, tələblər və ehtiyaclar artıb, ölkələrin də buna uyğun ehtiyacları dəyişib", - Y.Rəfiyev qeyd edib.

O əlavə edib ki, Bakıda keçiriləcək COP-da artıq qərar verilməlidir; bundan sonra inkişaf etmiş ölkələr inkişaf etməkdə olan ölkələrə nə qədər yardım etməlidir?!

"Bu istiqamətdə ilin əvvəlindən dünya ölkələri ilə işləyirik. Hazırda danışıqlar prosesinə hazırlıq gedir. Mövqelərdə aydınlıqlar var. Bunu ortaq nöqtəyə gətirib konsensusa çatmaq üçün strategiyanın üzərində çalışırıq", - baş danışıqçı vurğulayıb.