21 avqust 2024 01:27
376

"Məktub yetişmədi..."

Ara Abramyanın niyyəti gözündə qaldı

Görünməmiş həyasızlığın ən çirkin nümunəsi olan haylaq sanki it əli-ayağı yeyiblər. Bunlar dayanmaq, durmaq bilmir, hətta günahkar olduqlarına baxmayaraq haqq etdikləri cəzadan da yayınmağa can atırlar.   Mətbuatın yazdığına görə, Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Bakıya səfəri ərəfəsində bu ölkədəki erməni diasporunun nümayəndələri ona xahiş məktubu hazırlayıblar.

Xəbər verilir ki, onlar Vladimir Putindən İlham Əliyevlə görüşü zamanı Azərbaycanda saxlanan Qarabağ separatçılarının azad edilməsi məsələsini qaldırmasını istəyiblər. Ermənilərin adından məktubu Rusiyadakı erməni birliyinin rəhbəri, iş adamı, milyarder Ara Abramyan yazıb.

Xatırladaq ki,  Ara Abramyan vaxtilə Nikol Paşinyana qarşı mübarizə aparmadığına görə özünü qınayıb: “Mən Ermənistana gedəcəyəm və növbədənkənar seçkilərdə fəal iştirak edəcəyəm. Mən özümü günahkar sayıram, çünki mübarizə aparmadım, soruşmadım ki, o kimdir, haradan gəlib, niyyəti nədir?”.

Ara Abramyan deyib ki, tezliklə növbəti seçkilərlə bağlı öz proqramını açıqlayacaq, seçkilərə hansı qüvvə ilə gedəcəyini elan edəcək. Komandasının kimlərdən ibarət olacağını bildirəcək. O, Ermənistanın indi olduqca acınacaqlı vəziyyətdə olduğunu, belə vəziyyətdə seçkilərin keçirilməsinin yersiz olduğunu qeyd edib. “Paşinyanın seçkilərdə iştirak etmək üçün mənəvi haqqı yoxdur. Əminəm ki, o heç bir səs də qazana bilməz, çünki bizim xalq müdrikdir. Sadəcə olaraq xalqa situasiyanı düzgün izah etmək lazımdır”,- Abramyan deyib. Artıq hamı bilir ki, Bakıda həbsdə olan daşnakların azadlığına nail olmaq Ara Abramyana siyasi dividendlər qazanmaq üçündür. O, Ermənistanda hakimiyyətə gəlmək üçün əvvəlcədən özünün şəxsində "vətənpərvər" obrazı yaratmaq niyyəti güdür.

Ara Abramyanı Nikol Paşinyan üçün gözlənilməz rəqib də hesab etmək olar. Çünki o, indiyədək Ermənistandakı rusiyameylli qüvvələrə fəal dəstək versə də özü siyasətə birbaşa qarışmırdı. Lakin indi Abramyan şəxsən seçkilərə qatılacağını deyir və belə görünür ki, o hansısa koalisiyaya rəhbərlik edəcək. İri kapitala malik olan Abramyan Ermənistan siyasətində bu baxımdan yeni fiqur hesab edilə bilər və əgər o, öz milyonlarını seçkilərdə gen-bol xərcləsə Paşinyanın hakimiyyəti əldə saxlaması çətinləşəcək.

Abramyan ikinci Qarabağ müharibəsi zamanı öz kapitalını Ermənistan ordusu üçün Rusiyadan silah-sursat alıb göndərməyə sərf edirdi. O zaman Azərbaycan tərəfi bununla bağlı bütün məlumatları əldə etmişdi. Prezident İlham Əliyev Rusiyadakı erməni milyarderlərinin Ermənistana silah alıb göndərdiyi barədə öz çıxışlarında da demişdi. İstisna deyil ki, keçmiş prezidentlərdən Serjik Sarkisyan və partiyası da Abramyanla ittifaqa girə bilər. O cümlədən seçkilərdə şansı çox aşağı dəyərləndirilən Robert Koçaryanın da oliqarxa dəstək verməsi mümkündür. Ekslərin hər biri Paşinyanı "aşırmaq" üçün şeytanla da işbirliyinə getməyə hazırdırlar.

Qeyd edək ki, separatçı-terrorçu rejimin cani liderləri Azərbaycanda həbsdədirlər. Onların arasında Ruben Vardanyan, Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutyunyan, David Babayan, David İşxanyan, David Manukyan və Levon Mnatsakanyan var. Onlar Azərbaycanın Qarabağ iqtisadi rayonunda 2023-cü ilin sentyabrında keçirdiyi lokal antiterror tədbirlərindən sonra saxlanılıblar. Şahidlərin gətirdikləri dəlil-sübutlarda göstərilir ki, bu adamlar Birinci və İkinci Qarabağ müharibələri zamanı azərbaycanlıların kütləvi qırğınlarında qanunsuz yaraqlı dəstələrə başçılıq etmişlər. Eyni zamanda, onlar şəxsən qocalara, qadınlara, uşaqlara görünməmiş işgəncələr vermişlər. Döyüş zonasından aralı şəhər və kəndlərin top və raketlərlə dağıdılmasına əmr vermişlər. İndi haylar bu cür əli qanlı cəlladların azadlığa buraxılmasını istəyirlər. Şübhəsiz ki, Azərbaycanın hüquq-mühafizə orqanları müharibə canilərini layiq olduqları cəzalalara məhkum edəcəkdir.

Xatırladaq ki, ermənilər rəsmi Moskvadan separatçıların keçmiş “dövlət naziri” milyarder Ruben Vardanyanın azad edilməsinə köməklik göstərməsini istəsə də, Kreml Rubenin Rusiya vətəndaşı olmadığını diqqətə çatdırmışdı. Bu, mədəni şəkildə haylara "von otsuda" demək idi. Əlbəttə, Vardanyanın və digərlərinin barbar üsullarla törətdikləri cinayətləri bağışlana bilməz. Deməli, "məktub yetişmədi."

Vəli ilyasov, "İki sahil"