20 avqust 2024 08:37
402

Azərbaycan və Rusiya müttəfiqlər, dostlar, yaxın tərəfdaşlar və qonşular kimi fəaliyyət göstərir

Dövlət başçısı İlham Əliyev ölkəmizdə rəsmi səfərdə olan Rusiya Prezidenti Vladimir Putin ilə mətbuata birgə bayanatında onu da bildirdi ki, Cənubi Qafqazda sabitlik və təhlükəsizlik bir çox hallarda Rusiya ilə Azərbaycan arasında sıx qarşılıqlı fəaliyyətdən asılıdır

Dövlətimizin başçısı İlham Əliyev Azərbaycanın xarici siyasət uğurlarından bəhs edərkən bu mühüm məqamı xüsusi qeyd edir: “Bizim xarici siyasətimiz çoxşaxəlidir və bizimlə əməkdaşlıq edən ölkələrin sayı gündən-günə artır. Əlbəttə, hesab edirəm ki, biz, ilk növbədə, qonşularımızla əlaqələrimizi daha yüksək pilləyə qaldıra bilmişik... Hər bir ölkə üçün onun qonşuları ilə yaxşı münasibətlərin qurulması çox vacib amildir… Həm regional təhlükəsizliyin inkişafı, eyni zamanda, nəqliyyat, energetika, ticarət məsələlərinin uğurla həlli, o cümlədən qonşularımızla münasibətlərdən asılıdır.”

Xarici siyasətində iki və çoxtərəfli əməkdaşlığa xüsusi önəm verən dövlətimizin təkcə cari ilin ötən dövründə bu istiqamətlərdə əldə etdiyi uğurlara diqqət yetirmək kifayətdir. Tarixi Zəfərimizdən sonra Azərbaycanın istər ikitərəfli, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində əlaqələri daha yüksələn xətlə inkişaf edir. Buna əsas verən amillərdən biri dövlətimizin xarici siyasətinin prinsiplərinin dəyişməzliyidir. Böyüklüyündən, kiçikliyindən asılı olmayaraq bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı maraq və hörmət prinsipləri əsasında münasibətləri inkişaf etdirən Azərbaycanın qonşu dövlətlərlə əlaqələrin müxtəlif istiqamətlər üzrə genişləndirilməsinə göstərdiyi maraq atdığı davamlı addımlardan daha aydın görünür. Bu gün Azərbaycan-Rusiya münasibətlərinin timsalında qonşuluq münasibətlərinin inkişafının prioritetliyini daha gaydın görmək mümkündür. Rusiya Prezidenti Vladimir Putinin avqustun 18-də ölkəmizə dövlət səfəri, imzalanan sənədlər, Prezidentlərin məhdud və geniş tərkibdə keçirdikləri görüşdə, həmçinin mətbuata bəyanatlarında səsləndirdikləri fikirlər iki dost ölkənin mümasibətlərinin dünəninə, bu gününə və gələcəyinə işıq saldı. Qarşılıqlı səfərlər fonunda bu əlaqələr daha da möhkəmlənir, yeni çalarlar əlavə olunur.

Azərbaycan və Rusiya Prezidentlərinin mətbuata birgə bəyanatlarında “Azərbaycan və Rusiya müttəfiqlər, dostlar, yaxın tərəfdaşlar və qonşular kimi fəaliyyət göstərir” söyləyən dövlət başçısı İlham Əliyev onu da bildirdi ki, Prezident Vladimir Putinin Azərbaycana dövlət səfəri xüsusi xarakter daşıyır. Bütün sahələrdə müsbət dinamika görürük. Həqiqətən də müzakirə, qarşılıqlı fəaliyyət üçün çoxlu mövzular var və qarşılıqlı fəaliyyətimizin əhatə dairəsi ildən-ilə genişlənir. Bütün sahələrdə qarşılıqlı fəaliyyətimizi gücləndirmək əzmindəyik. Səfər ölkələrimizi və xalqlarımızı bir-birinə daha da yaxınlaşdırmaq istiqamətində növbəti mühüm addım olacaq.

Qeyd edək ki, Rusiya regionun böyük ölkələrindən biridir, Azərbaycanla tarixən sıx iqtisadi-ticarət, siyasi, humanitar əlaqələrə malikdir. Rusiya dünyanın aparıcı dövlətləri sırasına daxildir, BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biridir və çoxqütblü dünya nizamında öz yerini qoruyub saxlayır. Azərbaycan-Rusiya əlaqələri dövlətlərin müstəqilliyi, ərazi bütövlüyü, bərabərhüquqluq və bir birinin daxili işlərinə müdaxilə etməmək prinsipləri əsasında qurulub və inkişaf edir. Rusiya Prezidentinin ölkəmizə səfərində bu kimi reallıqlara bir daha aydınlıq gətirildi. İki ölkə arasında iqtisadi əlaqələrin inkişafına gəldikdə, 2023-cü ilin nəticələrinə görə 2022-ci illə müqayisədə ticarət dövriyyəsi 17 faiz artaraq 4.5 milyard dollar səviyyəsinə yüksəlmiş, 2024-cü ildə daha yüksək nəticənin əldə ediləcəyi gözlənilir. Burada sənaye, kənd təsərrüfatı, turizm və tranzit axını, yük daşımalarının həcminin artmasını xüsusi qeyd etməliyik. İqtisadi-ticarət əlaqələrinin yüksəlməsi iki ölkənin mövcud potensialına əsaslanır.

Cənab İlham Əliyevin çıxışlarında qeyd etdiyi kimi, artıq çoxdan strateji tərəfdaşlıq səviyyəsinə çatmış bu münasibətlər həyatımızın demək olar ki, bütün sahələrini əhatə edir. Keçirilən görüşlər, müzakirə olunan məsələlər uğurla davam edən ikitərəfli münasibətlərimizin inkişafına yaxşı impuls verir. İki ölkə arasında imzalanan sənədlər arasında “Rusiya-Azərbaycan əməkdaşlığının başlıca istiqamətlərinin inkişafı üzrə Fəaliyyət Planı” və “Azərbaycan Respublikası hökuməti ilə Rusiya Federasiyası hökuməti arasında 2024-cü ilədək Əməkdaşlıq Proqramı” kimi sənədlər həm kəmiyyət, həm də keyfiyyət göstəriciləri baxımından mühüm önəm daşıyır.

İki ölkə arasında fəal siyasi dialoq mövcuddur, Azərbaycan və Rusiya prezidentləri arasında mütəmadi görüşlər münasibətlərin çoxvektorluluğunu təyin edir və bütün sahələrdə qarşılıqlı əlaqələrin inkişafına təkan verir. Qeyd etdiyimiz kimi, Azərbaycan ilə Rusiyanın qədim və möhkəm dostluq, mehriban qonşuluq ənənələri ilə bağlı olması dövlətlərarası əlaqələrin genişlənməsi üçün yeni imkanlar yaradır. “Rusiya-Azərbaycan əməkdaşlığının başlıca istiqamətlərinin inkişafı üzrə Fəaliyyət Planı” iki ölkə arasında siyasi dialoqu, ticari-iqtisadi inkişafı, investisiya qoyuluşu məsələlərini, yeni nəqliyyat dəhlizlərinin yaradılması, mədəni, humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi və digər sahələr üzrə yol xəritələrini özündə əks etdirir. Dövlətimizin başçısı İlham Əliyev qarşılıqlı səfərlər zamanı keçirdiyi görüşlərdə bu məqamı daim böyük əminliklə ifadə edir ki, “Yol xəritələri”nin reallaşdırılması əlbəttə, daha sıx qarşılıqlı fəaliyyətə, bütün sahələrdə inteqrasiyaya və əməkdaşlığa gətirib çıxaracaq. Rusiya Azərbaycanın ticarət tərəfdaşlarından biridir, qeyri-neft məhsullarının idxalına görə birinci yeri tutur. İstər keçirilən görüşlərdə, istərsə də mətbuata birgə bəyanatlarında Azərbaycanın tolerantlıq təcrübəsi, multikultural dəyərlərin inkişafına verdiyi töhfələr də müzakirə olunan məsələlər sırasında olub. Müxtəlif mədəniyyətlərin, dinlərin qovuşağında yerləşən Azərbaycan daim ölkələr, xalqlar arasında dostluq körpüsü kimi dəyərləndirilir. Azərbaycan bu gün beynəlxalq aləmdə artıq dinlərarası, millətlərarası, mədəniyyətlərarası dialoqun möhkəmlənməsinə yönəlmiş çoxsaylı beynəlxalq tədbirlərin keçirildiyi tanınmış məkana çevrilib. Azərbaycan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumlarına, humanitar Forumlara, dini sammitlərə ev sahibliyi etməklə dünyaya birlik, həmrəylik, ən əsası sülh, əmin-amanlıq mesajları ünvanlayır. Rusiya Prezidenti Vladimir Putin rus dilinə göstərilən diqqətə görə azərbaycanlı həmkarı İlham Əliyevə təşəkkürünü bildirdi və qeyd etdi ki, Azərbaycanda rus dilindən hər yerdə və sərbəst istifadə olunur. Azərbaycan rəhbərliyi bu tendensiyanı hərtərəfli şəkildə dəstəkləyir. Bakıda Rusiya-Azərbaycan Universitetinin yaradılması təşəbbüsünün müzakirə olunduğunu vurğulayan Vladimir Putin onu da əlavə etdi ki, Azərbaycan Prezidenti bu təşəbbüsü dəstəklədi. Biz onu kifayət qədər tez həyata keçirəcəyik.

Daim sülhün, bütün münaqişəli məsələlərin beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinin tərəfdarı olan Azərbaycan 30 il dünya dövlətlərindən, beynəlxalq təşkilatlardan hazırda tarixə qovuşan Qarabağ münaqişəsinin həllində ədalətli yanaşma gözlədi. Münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirmək məqsədilə yaradılan, hazırda tarixin arxivinə atılan ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərindən biri kimi Rusiyanın mövqeyi daim diqqətdə olub. 44 günlük İkinci Qarabağ münaqişəsində Azərbaycanın hərbi-siyasi Qələbəsinin, Ermənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın imzalanmasında üçüncü tərəf məhz Rusiyadır. Prezident İlham Əliyevin beynəlxalq arenada yürütdüyü siyasət, məharətli diplomatiyası, həm də Rusiya ilə qurulmuş düzgün münasibətlər nəticəsində Azərbaycan qarşısında duran tarixi vəzifələri həllinə nail oldu, öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdi. Təsadüfi deyil ki, ukraynalı ekspertlər də Azərbaycanın yürütdüyü müdrik siyasəti nümunə gətirir və Prezidenti İlham Əliyevin səyləri nəticəsində Azərbaycanın Qərblə Rusiya arasında münaqişə arenasına çevrilmədiyini və öz milli məqsədlərinə nail olduğunu qeyd edir, bunu yüksək qiymətləndirirlər. Azərbaycan dünyada dialoq məkanı kimi tanınır, həm Rusiya, həm də Ukrayna ilə yaxşı münasibətləri olan ölkə kimi Rusiya-Ukrayna qarşıdurmasının sülh yolu ilə həllində onun imkanlarından istifadə oluna bilər.

Tarixi Zəfərimizdən sonra Azərbaycanın Ermənistana təklif etdiyi sülh müqaviləsinin imzalanması istiqamətində aparılan danışıqların təşəbbüskarları sırasında Rusiya var. Rusiya Prezidenti Vladimir Putin mətbuata bəyanatında onu da qeyd etdi ki, Rusiya gələcəkdə də Azərbaycan-Ermənistan qarşılıqlı fəaliyyətinin normallaşdırılmasına və 2020-2022-ci illərdə Rusiya, Azərbaycan prezidentləri və Ermənistanın baş naziri arasında əldə olunmuş məlum üçtərəfli razılaşmalar əsasında sülh sazişinin bağlanmasına hərtərəfli kömək göstərəcək: “Biz, həmçinin hələ Sovet İttifaqı vaxtından bizdə qalan müvafiq sənədləri nəzərə almaqla sərhədlərin delimitasiyası və demarkasiyasına, transsərhəd marşrutlarının açılmasına, humanitar təmasların yaradılmasına kömək etməyə hazırıq.”

Ölkələr arasında əlaqələrin inkişafında qarşılıqlı səfərlərlə yanaşı, imzalanan sənədlər də əhəmiyyətli rol oynayır. Rusiya Prezidentinin ölkəmizə səfəri çərçivəsində də müxtəlif istiqamətləri əhatə edən sənədlər imzalandı. Bu sənədlər münasibətlərimizin gələcək inkişafında hüquqi bazadır. Azərbaycan Prezidenti İlham Əliyev ilə Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin birgə qəbul etdikləri dövlət başçılarının Birgə Bəyanatı da münasibətlərimizin dünəninə və gələcəyinə işıq saldı. Ümumilikdə hər bir səfər əlaqələrin yeni prioritetlər üzrə inkişafında yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilir.

Səfər çərçivəsində günümüzün reallıqları fonunda belə bir əminlik də ifadə edildi ki, Cənubi Qafqazda sabitlik bütün dövlətlərin və region xalqlarının köklü maraqlarına tam cavab verir. “Bütün Cənubi Qafqaz regionunda sabitlik və təhlükəsizlik bir çox hallarda Rusiya ilə Azərbaycan arasında sıx qarşılıqlı fəaliyyətdən asılıdır” söyləyən cənab İlham Əliyev bildirdi ki, məhdud tərkibdə görüşdə regional təhlükəsizliklə bağlı məsələləri geniş müzakirə etdik. Ötən ilin sentyabrından sonra regionda tamamilə yeni şərait yaranıb. Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü tam şəkildə bərpa edib. Təbii ki, yeni şərait Cənubi Qafqazda möhkəm və uzunmüddətli sülhün bərqərar olması üçün yeni imkanlar açır. Bütün Cənubi Qafqaz regionunda sabitlik və təhlükəsizlik bir çox hallarda Rusiya ilə Azərbaycan arasında sıx qarşılıqlı fəaliyyətdən asılıdır. Rusiyanın dövlət başçısı Azərbaycana səfərinin yekunlarından məmnunluğunu ifadə etdi. Vladimir Putin aparılan danışıqların və əldə olunan razılaşmaların Rusiya-Azərbaycan strateji tərəfdaşlığının gələcəkdə də möhkəmlənməsinə xidmət edəcəyinə əminliyini bildirdi. Rusiya Prezidenti paytaxt Bakı ilə bağlı təəssüratlarını belə bölüşdü: “Bakıda olmağıma, şəhərə bir daha tamaşa etməyimə şadam. Şəhər inkişaf edir, uğurla inkişaf edir, deyərdim ki, bir növ regionun oazisinə çevrilir.”

Münasibətlərimizin dünəninə baxış əsasında bu qənaət səsləndirilir ki, Rusiya-Azərbaycan münasibətlərinin bundan sonra da davamlı inkişafı regional sabitliyin və təhlükəsizliyin qorunub saxlanılması, Cənubi Qafqazda sülhün və qarşılıqlı anlaşmanın dəstəklənməsi, xalqlarımızın əsaslı maraqlarının reallaşması üçün xüsusi əhəmiyyət kəsb edir. Hazırda ölkələrimiz arasında münasibətlər öz tarixi ərzində ən yüksək səviyyədədir.

Yeganə Əliyeva, “İki sahil”