20 avqust 2024 01:59
331

Əsilsizlərin şərəfli tarixi ola bilərmi?

Haylar yaşadıqları Azərbaycan torpağını kupçalaşdırmaq üçün saxtakarlığa qurşanıblar

Ayaqları torpağımıza dəyən gündən bizləri düşmən elan edən haylar o qədər qudurblar ki, hətta tarix boyu onlara kömək edənlərlə, yəni havadarları ilə də "soyuq müharibə" aparmağa başlayıblar. Son üç ildə Ermənistanın Rusiyaya qarşı açıq və gizli mübarizəsini birtəhər həzm edən sonuncu artıq əks-həmləyə keçməli olub. Nəhayət, görünməmiş erməni həyasızlığı və tarixi tam saxtalaşdırması artıq "müttəfiq"i Rusiyanı belə hövsələdən çıxarıb. Necə çıxarmasın, axı, haylar rusları işğalçı adlandırıblar. Özü də harada? Özlərinin quraşdırdıqları tarix dərsliklərində.

Təbii ki, iki yüz əvvəl xarici ölkələrdə səfil həyatı sürən hayları yığışdıraraq öz pulu hesabına Azərbaycan torpaqlarında yerləşdirən və ona dövlət quran Rusiya belə xəyanətə dözməz. Belə ki, Rusiya Xarici İşlər Nazirliyi Ermənistanda orta məktəb dərsliyindəki tarixi saxtalaşdırmaya qəti şəkildə etiraz edib: “Moskva Ermənistan hakimiyyətinin XVIII əsrin sonu və XIX əsrin əvvəllərində Cənubi Qafqazda baş verən hadisələri təhrif edən VIII siniflər üçün tarix dərsliyinin məktəblərə verilməsinə icazə verməyəcəyini gözləyir”.

Bildirilir ki, bu dərsliyin fəsillərindən birində “Şərqi Ermənistanın zorla Rusiyaya birləşdirilməsi” başlığı altında 1826-1828-ci illər Rusiya-İran müharibəsinin nəticələrinə dair qiymətləndirmələrə yenidən baxılıb. Orada hay ideoloqları Türkmənçay sülhünü “Şərqi Ermənistanın ilhaqı” adlandırılıblar. Bəyanatda deyilir: “Ümid edirik ki, Ermənistan hakimiyyəti bu cür dərsliyin məktəblərə paylanmasına imkan verməyəcək, həmçinin ümumi keçmişimizi təhrif etmək üçün bu cür qeyri-təbii cəhdlərə göz yummayacaq”.

Rusiya Xarici İşlər Nazirliyi qeyd edib ki, ciddi mənbələri, o cümlədən erməni mənbələrini oxusanız, yaxın vaxtlara qədər respublika dərsliklərində “erməni dövlətçiliyinin gələcək bərpası üçün çox böyük əhəmiyyətə malik” kimi qiymətləndirilən 1828-ci il sülh müqaviləsinə tamamilə fərqli yanaşmalar görə bilərsiniz: “Bu halda söhbət ümumi tariximizi yenidən yazmaq üçün növbəti həyasız cəhddən gedir. Qərb təbliğatının və siyasi mühəndisliyinin ən yaxşı ənənələrində ağı ayrı-ayrı erməninin “yüngül əli” ilə qara adlandırırlar - xüsusilə canfəşanlıqla öz sponsorlarının rəğbətini qazanmağa çalışan fiqurlar.

Bu cür formulaların tətbiqi Ermənistan rəhbərliyinin tarixi yaddaşın qorunması sahəsində üzərinə götürdüyü öhdəliklərə birbaşa ziddir. Belə ki, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanın 19 aprel 2022-ci il tarixli birgə bəyanatında deyilir: “Tərəflər ümumi keçmişə ümumi yanaşmaları saxlamaqla, İkinci Dünya müharibəsinin nəticələrinə yenidən baxılmasına və tarixin saxtalaşdırılmasına qarşı mübarizəni davam etdirmək niyyətindədirlər”.

Qeyd edək ki, 1828-ci ilə qədər Cənubi Qafqazda ümumiyyətlə erməni dövlətçiliyi olmayıb. Türkmənçay sülh müqaviləsinə Rusiya imperiyası ermənilərin İrandan və Türkiyədən köçürülməsi bəndini salıb və 1829-cu ildən başlayaraq, erməniləri İrəvan və Qarabağ xanlığının ərazisinə kütləvi şəkildə köçürməyə başlayıb. Rusiya imperiyasının məqsədi Azərbaycanla Türkiyə arasında “bufer-zona” – özünə sadiq xristian erməni muxtariyyəti qurmaq olub və yüzillərlə davam edən bu niyyətini Türkmənçay müqaviləsi ilə rəsmiləşdirərək həyata keçirib.

Alban kilsələrinin qriqoryanlaşdırılması, ermənilərə verilməsi, etnik xristian albanların erməniləşdirilməsi prosesini də sərəncam və qanunlarla “tənzimləyən” Rusiya imperiyası XIX əsrin sonunda artıq ermənilərə dövlət yaratmaq yolunda əhəmiyyətli irəliləyiş əldə etmişdi.

Nəticə etibarilə Sovet Rusiyası Azərbaycanın qərb torpaqlarında Ermənistan adlı dövlətin yaradılmasını təşkil edib və bu zaman təpədən dırnağa qədər silahlandırdığı ermənilərin dinc azərbaycanlılara qarşı qətliam və soyqırımlarına gen-bol şərait yaradıb. Bolşevik hökuməti 1918-20-ci illərdə 9 min kvadratkilometr ərazidə qurulan Ermənistanı daha sonra Azərbaycan torpaqları hesabına böyüdərək, İranla sərhədə qədər genişləndirib və Zəngəzuru da qopararaq, ermənilərə bağışlayıb.

Çar və bolşevik imperiyaları uzun onilliklər ərzində qurduqları qondarma, yalançı erməni dövlətinə “tarix yazmağı” da unutmayıb və ermənilərin onillərlə tarixi saxtalaşdıraraq, bu ərazilərin “qədim xalqı” olduğu nağıllarını əsaslandırmalarına yardım edib. Bunlar bəs etməyib hayların tarix, mədəniyyət, mətbəx, musiqi – hər bir şeyi oğurlamasına can-başla dəstək verib.  İndi bu qondarma, Rusiyanın imperiya maraqlarının xidmətçisi olaraq yaradılan Ermənistan artıq müasir Rusiyanı 1828-ci ildə “Şərqi Ermənistanı işğal edən” ölkə kimi göstərir. Saxtalaşdırma dərsi keçən ermənilər indi Rusiyanın üzünə dururlar və Rusiya bunu yalnız indi öz adı ilə - “həyasızlıq” adlandırır. Halbuki bu həyasızlıq, saxtakarlıq və tarixi saxtalaşdırma 200 ildir davam edir və erməniləri buna Rusiya imperiyası, Sovet Rusiyası öyrədib. Xatırladaq ki,  bir vaxtlar Dəli Pyotrun qazdığı quyulara indi onun nəvə-nəticələri düşürlər. Daim tasmasını tutduqları Hayastan Rusiyanın ağır günlərində xəncərini onun kürəyinə saplamağa hazırdır. Tarix boyu bərkə düşən "dostlarını" qurban verən əsilsiz haylar bu xəyanətlərini iyirmi birinci əsrdə də göstərirlər.

Haylar saxta tarix yazmaqla Azərbaycanın, Türkiyənin, Rusiyanın və Gürcüstanın bir çox əraziləri barədə iddiaya əsas yaratmaq istəyirlər. Bu, gicbəsərlikdən başqa bir şey deyil, qonaq gəldiyi evin kupçasını öz adına keçirməyə oxşayır. Hayastanın bu hərəkətləri superhəyasızlıqdan və namərdlikdən başqa heç nə deyil. Yaranışdan qaraçı həyatı sürən, dövləti, mədəniyyəti, əsli-kökü olmayan haylar görəsən hansı şərəfli tarix yazacaqlar?!

Vəli İlyasov, “İki sahil”