19 avqust 2024 23:31
465

Azərbaycan idmanın inkişaf səviyyəsinə görə dünyada aparıcı ölkələrdən biridir

Bugün Azərbaycan idmanın inkişaf səviyyəsinə görə dünyada aparıcı ölkələrdən biri kimi tanınır. İdmançılarımızın müxtəlif idman növlərində əldə etdikləri uğurlar Azərbaycanın idman ölkəsi kimi qazandığı beynəlxalq statusu daha da möhhkəmləndirmişdir.

Prezident İlham Əliyevin uğurla davam etdirdiyi inkişaf strategiyasının məntiqi nəticəsi olaraq ölkəmiz bir çox sahələrdə regionun lider dövlətinə çevrilmişdir. Dövlətimizin iqtisadi qüdrətinin ildən-ilə artması idmanın tərəqqisinə də müsbət təsir göstərmişdir. Hazırda nəyin ki paytaxtımız Bakıda, eləcə də regionlarda da bir çox Olimpiya Kompleksləri, müasir idman qurğuları istifadəyə verilmiş, maddi-texniki baza möhkəmləndirilmişdir. Bütün bu işlər, əlbəttə ki, idmançılarımızın yerli və beynəlxalq turnirlərdə uğur qazanmalarında müstəsna rol oynamışdır. Dövlət başçısının bu sahəyə diqqətlə yanaşması, idmançıların qayğı və problemləri ilə yaxından maraqlanması ölkədə idmanın inkişafına, gənc nəslin bu sahəyə sürətli axınına şərait yaradıb. Azərbaycanın idman sahəsində qazandığı nailiyyətlər, dünya və Avropa Çempionatlarında, Olimpiya Oyunlarında idmançılarımızın qazandığı medallar və mükafatlar ölkəmizin beynəlxalq idman təşkilatlarında da mövqeyinin xeyli güclənməsinə səbəb olub və Azərbaycanı dünyaya əsl idman ölkəsi kimi tanıdıb.

Bir neçə gün əvvəl başa çatmış XXXIII Paris Yay Olimpiya Oyunlarında idmançılarımız ölkəmizi ləyaqətlə təmsil edərək 2 qızıl, 2 gümüş və 3 bürünc medal qazanıb. Ölkəmiz bu oyunlarda dünyanın ən güclü 30 ölkəsinin arasında yer alıb. Həmçinin Olimpiyadada iştirak edən və 57 dövlətin üzv olduğu İslam Əməkdaşlıq Təşkilatı ölkələri arasında Azərbaycan III yerdə qərarlaşıb. Təbii ki, bu, dövlətimiz, millətimiz üçün sevindirici və qürurverici bir haldır.

Prezident İlham Əliyev Paris Yay Olimpiya Oyunlarında uuğurla çıxış etmiş idmançıları qəbul etmiş və bildirmişdir ki, Azərbaycan idmançıları bütün xalqı sevindirib. İdmançılarımız Yay Olimpiya Oyunlarında ölkəmizi ləyaqətlə təmsil edib və Azərbaycan bayrağını ucaldıb.

Azərbaycan, eyni zamanda, bir sıra nüfuzlu idman tədbirlərinə də ev sahibliyi etmişdir. Biz bu tədbirlərə 2015-ci ildə keçirilmiş Avropa Oyunları, 2017-ci ildə keçirilən İslam Həmrəyliyi Oyunları, Şahmat üzrə Dünya Kuboku, Formula-1 yarışları və digər nüfuzlu idman tədbirlərini nümunə göstərə bilərik.

Dövlət başçısının idmanın inkişafı üçün göstərdiyi səylər və qəbul etdiyi qərarlar göstərir ki, qarşıdakı illərdə də Azərbaycan idmanı yeni zirvələri fəth edəcək, Azərbaycan idmançıları bayrağımızı daima zirvələrdə ucaldacaqlar.

Aysel Əliyeva,
264 nömrəli məktəb liseyin müəllimi,
YAP Xətai rayon təşkilatının üzvü