19 avqust 2024 22:16
386

Azərbaycan idmançıları bütün xalqı sevindirib

Fransanın paytaxtı Parisdə keçirilmiş XXXIII Yay Olimpiya Oyunlarında ölkəmizi 15 idman növü üzrə 48 idmançı, 17 proqramda təmsil etmişdir. Azərbycan idmançıları ikisi qızıl, ikisi gümüş, üçü bürünc olmaqla ümumilikdə 7 medal vətənə gətirdilər. Bu Olimpiya Oyunları ölkəmiz müstəqillik əldə etdikdən sonra iştirak etdiyi sayca 8-ci oyunlar olmuşdur.  Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti cənab İlham Əliyev avqustun 14-də XXXIII Paris Yay Olimpiya Oyunlarında medal almış Azərbaycan idmançılarını və onların məşqçilərini qəbul edərək idmançılarımızı qazandıqları qələbələr münasibətilə təbrik etmişdir. Cənab Prezident İlham Əliyev qızıl medalçılarımızı – Hidayəti və Zelimi xüsusi təbrik etdi və onların Olimpiya Oyunlarının ilk günlərində bu qələbə sevincini xalqımıza bəxş  etdirdiklərini bildirdi. Cənab Prezident İlham Əliyev çıxışında qeyd etdi ki, ölkəmizin uğurlu Oyunlarından sonra, idman bölmələrinə uşaqların, yeniyetmələrin axını müşahidə olunur, mən əminəm, növbəti Olimpiya Oyunlarına hazırlıq prosesi ardıcıl aparılacaq. Həm cüdo, həm də digər idman növləri  ilə məşğul olmaq istəyən uşaqlarımızın sayı çox olacaq və bunu arzulayıram. Bu nailiyyətlər medallar qazanmış idmançıların məsuliyyətini də artırır. Dövlətimizin Başçısı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında idmançılarımızın   zəhməti, istedadı, peşəkarlığı sayəsində qazandıqları qələbənin bütün xalqımıza sevinc bəxş  etdiyini dedi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev qeyd etdi ki, idmançılarımız təkcə məharətləri ilə deyil, həm də yarış zamanı layiqli davranışları ilə seçilmişlər, bununla da, yüksək mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdilər.

Qürurla deyə bilərik ki, Azərbaycanın idman sahəsindəki uğurları beynəlxalq strukturlar tərəfindən də yüksək qiymətləndirilir. Bu gün dövlətimiz üçün prioritet məsələ idmançılara qayğı göstərməklə yanaşı, onların sosial şəraitinin yaxşılaşdırılmasıdır. Azərbaycan idmançıları müxtəlif beynəlxalq yarışlarda ölkəmizi layiqincə təmsil edirlər. İdmanla məşğul olmaq üçün lazımi şəraitin yaradılması məqsədilə dövlət vəsaiti hesabına respublikanın rayonlarında onlarla müasir Olimpiya idman kompleksləri tikilib, Bakıda ən müasir idman infrastrukturu fəaliyyət göstərir. Prezident İlham Əliyevin rəhbərliyi altında idman, şübhəsiz ki, Azərbaycanda təbii milli qürur mənbəyinə çevrilib. Bunun nəticəsidir ki, ölkəmizdə fəaliyyət göstərən idman strukturları – dövlət başçı¬sının rəhbərlik etdiyi Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, federasiyalar, idman cəmiyyətləri vahid siyasət çərçivəsində ümumi işə xidmət edirlər.

Nəcibə İsmiyeva,
264 saylı məktəb-liseyin tarix müəllimi,
YAP Xətai rayon təşkilatının üzvü