19 avqust 2024 12:31
338

Azərbaycan idmançılarının uğuru

Köksümdə tufanlar gəldim irəli,

Öpüm kölgən düşən mübarək yeri!

Allahın yıldızı, o gözəl pəri,

Sığınmış qoynunda Aya, bayrağım! (Ə.Cavad)

Bayrağımızın ən ucada dalğalanması xalqımızın qürur mənbəyidir. 2024-cü il Paris Yay Olimpiadası Azərbaycanın bu vaxta kimi iştirak etdiyi olimpiadalar tarixində bir sıra özəllikləri ilə yadda qaldı. Bu olimpiada ərazi bütövlüyümüz tam bərpa edildikdən sonra qatıldığımız ilk mötəbər yarış idi.Düşünürük ki, idmançılarımız ölkəmizi layiqincə təmsil etdilər. Ümumilikdə Azərbaycanın 48 idmançısı yarışlara qatılıb. Ölkəmiz 15 növ üzrə 17 proqramda təmsil olunurdu. 48 idmançıdan yeddisi isə Fransa paytaxtında mükafat qazanıb. Bu isə o deməkdir ki, yarışlarda Azərbaycan adı ən az 48 dəfə çəkilib, bayrağımız 7 dəfə ən yüksəkdə dalğalanıb, himnimiz səslənib.

Bu yarışlarda ilk qızıl medalçımız Hidayət Heydərov oldu. İyulun 29-u xalqımız onun  təmkinli, səbirli qələbələri ilə sevinc göz yaşlarına boğuldu. Zalda bayrağımızın açılmasına qısqanclıqla yanaşanlar sonda onu ən yüksəkdə dalğalanan gördü.  Daha sonra cüdoçumuz Zelim Kotsoyevin də qızıl medal qazanması Azərbaycan cüdo tarixində bir ilk oldu. Çünki ilk dəfə idi ki, Azərbaycan Olimpiada cüdö üzrə iki medal qazanırdı. Olimpiya cədvəlində cüdo üzrə sıralamada da ikinci yerdə dayandıq. Prezident İlham Əliyev qızıl medalçılarımızın Olimpiya Oyunlarının ilk günlərində qələbə sevincini xalqımıza yaşatmasını xüsusi qeyd edib: “Xüsusilə qızıl medalçılarımızı – Hidayəti və Zelimi ürəkdən təbrik etmək istəyirəm. Onlar Olimpiya Oyunlarının ilk günlərində bu qələbə sevincini xalqımıza bəxş etmişlər. Onların həm peşəkarlığı, həm idmandakı uğurları və eyni zamanda, davranış qaydaları, əlbəttə ki, hər birimizi ürəkdən sevindirdi. Onlar uzun illər ərzində öz çəki dərəcələrində liderliyi qoruyublar və bu liderliyi Olimpiya Oyunlarında bir daha təsdiq etmişlər. Onların məşqçilərini təbrik edirəm, Cüdo Federasiyasının rəhbərliyini təbrik etmək istəyirəm. Federasiyada işlər, təlim-məşq prosesi düzgün qurulanda, ab-hava gözəl olanda nəticə də əlbəttə ki, göz qabağındadır”.

Azərbaycan ilk dəfə 1996-cı ildə müstəqil bir dövlət kimi Olimpiya Oyunlarına  qatılıb  və  o  gündən  bu yana  hər Olimpiya Oyunlarına  idmançı göndərib. 1996-cı ilin iyulunda Birləşmiş Ştatların Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bu Azərbaycanın olimpiadalarda debütü idi. Azərbaycan Atlanta Olimpiadasında 23 idmançı ilə 9 idman növü üzrə təmsil olundu. Azərbaycan Milli Olimpiya Komandasında Olimpiya çempionu, cüdoçu Nazim Hüseynov və Avropa  çempionu,  sərbəst  güləşçi  Namiq Abdullayev  medala  əsas  iddialı  idmançılar idilər. Olimpiadanın açılış mərasimi zamanı Azərbaycan bayrağını Olimpiya çempionu, cüdoçu Nazim Hüseynov apardı. Azərbaycan Atlanta Olimpiadasını 1 gümüş medalla başa vurdu. Sonrakı illərdə idmana göstərilən diqqət və qayğı öz bəhrəsini verdi.

Müstəqillik dövründə idmançılarımız iştirak etdiyi 8 Yay Olimpiya Oyunları üzrə 9 qızıl, 16 gümüş və 31 bürünc olmaqla cəmi 56 medal əldə ediblər. Bu medalların tən yarısını güləşçilər qazanıb və medal sayına görə güləş idman növü ilk sırada qərarlaşıb. İndiyədək idmançılarımız Yay Olimpiya Oyunlarında güləş üzrə 28 medal əldə edib ki, bunun da 4-ü qızıl, 8-i gümüş, 16-sı isə bürünc olub.

Ən çox qızıl medal cüdo idman növü üzrə əldə edilib. Cüdoçularımız Yay Olimpiya Oyunlarında 3 dəfə fəxri kürsünün ən yüksək zirvəsinə qalxıblar. Lakin medalların sayına görə sıralamada cüdo idman növü üçüncü sırada yer alıb. Ümumilikdə cüdo üzrə 3 qızıl, 2 gümüş, 2 bürünc olmaqla 7 medal qazanılıb.

İkinci sırada isə 10 medal ilə boks idman növü qərarlaşıb. Boksçularımız indiyədək Yay Olimpiya Oyunlarında 2 gümüş və 8 bürünc medal qazanıblar. Cənubi Qafqaz ölkələrinin Yay Olimpiya Oyunlarında təmsil edən idmançıların müstəqillik dövründə qazandıqları ümumi medal sayını müqayisə etsək, Azərbaycanın 56 medal ilə ilk sırada yer aldığını görə bilərik. Bütün bunlar Azərbaycanın güclü idman dövləti olduğunun göstəricisidir.

Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev avqustun 14-də XXXIII Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarını və onların məşqçilərini qəbul edib. Xalqımıza uaşatdığı sevincə görə onları təbrik edib.

O, çıxışında qeyd edib ki,  idmanla məşğul olmaq üçün indi ölkəmizin hər bir yerində gözəl şərait var. İdmana rəhbərlik edən qurumlar arasında koordinasiya işləri düzgün qurulub, federasiyalar, klublar uğurla fəaliyyət göstərir. Nəzərə alsaq ki, hər bir Olimpiya Oyunlarından sonra, xüsusilə ölkəmiz üçün uğurlu Oyunlardan sonra idman bölmələrinə uşaqların, yeniyetmələrin axını müşahidə olunur, mən əminəm, növbəti Olimpiya Oyunlarına hazırlıq prosesi də ardıcıl aparılacaq.

 Azərbaycan idmançıları həm peşəkarlığı, həm də idmanda göstərdiyi yüksək mədəniyyətə görə daha yüksək adlara layiqdirlər. Onlarla görüş zamanı Azərbaycan Prezidenti qeyd etdi ki, xüsusilə Olimpiya Oyunlarında qazanılan qələbə idmanda da, məişətdə də, həyatda da idmançının üzərinə böyük məsuliyyət qoyur. İdmançılarımızın yalnız məharətləri ilə deyil, həm də yarış zamanı layiqli davranışları ilə seçildiklərini vurğulayan dövlətimizin başçısı dedi ki, bu, onların yüksək mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi. Prezident İlham Əliyev uzun illər Olimpiya Oyunlarında, dünya və Avropa çempionatlarında ölkəmizin adını ucaldan veteran idmançılara minnətdarlığını ifadə etdi.

Şəfəq Kəsəmənli,
​R.Məmmədov adına 269 nömrəli məktəbin müəllimi,
YAP Xətai rayon təşkilatının üzvü