19 avqust 2024 12:30
326

Qazanılan parlaq qələbələr

Bu günlərdə keçirilən XXXIII Paris Yay Olimpiya Oyunları bir daha Azərbaycanın idman ölkəsi olduğunu təsdiqlədi. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan gənclər və idman siyasəti öz nailiyyətləri ilə bu gün ölkəmizi bütün beynəlxalq arenalarda uğurla təmsil edir. Son illərdə bu istiqamətdə dövlət investisiyası hesabına bir çox müasir Olimpiya idman qurğuları tikilib. Təkcə onu qeyd etmək kifayətdir ki, Azərbaycanın bölgələrində 50-dən çox müasir standartlarla ayaqlaşan Olimpiya İdman Kompleksi istifadəyə verilmişdir. Paytaxtımızda isə ən müasir idman infrastrukturu mövcuddur. Əvvəlki illərdə tikilən komplekslər əsaslı təmir olunub və eyni zamanda son illərdə bir neçə böyük stadion, idman qurğusu inşa edilib. Əlbəttə, təxminən 70 min tamaşaçı tutumuna malik olan Olimpiya Stadionunu xüsusi qeyd etmək lazımdır. Ondan əlavə Milli Gimnastika Arenası, Su İdman Sarayı və Bakı Atıcılıq Mərkəzinin tikintisi üçün dövlət büdcəsindən böyük vəsait ayrılmışdır. Bunlarla yanaşı, Bakıda idman şəhərciyi fəaliyyət göstərir. Ümumilikdə, son illər ərzində həm bölgələrdə, həm də Bakıda idmanın inkişafına xüsusi diqqət yetirilməsi öz bəhrəsini verməkdədir.

Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev avqustun 14-də XXXIII Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarını və onların məşqçilərini qəbul edib. Görüş zamanı Prezident İlham Əliyev qeyd etdi ki, bu gün idmanla məşğul olmaq üçün ölkəmizin hər bir yerində gözəl şərait vardır. İdmana rəhbərlik edən qurumlar arasında koordinasiya işləri düzgün qurulub, federasiyalar, klublar uğurla fəaliyyət göstərir. Dövlət başçısı İlham Əliyevin çağırışları sırasında bu mühüm məqam xüsusi qeyd edilir ki, idmanın kütləviliyini daim diqqət mərkəzində saxlamalıyıq. Çünki bizə, əlbəttə, idman nəticələri, qələbələr lazımdır. Eyni zamanda, bizə sağlam gənclər lazımdır. Hər bir gənc idmanla məşğul olmalıdır. Çalışmaq lazımdır ki, idmanla məşğul olmayan gənc qalmasın. Çünki idmanla məşğul olan hər bir insan öz həyatında, fiziki vəziyyətində, mənəvi-psixoloji durumunda bunun gözəl nəticələrini görür. İdmançılar həm fiziki cəhətdən, həm mənəvi cəhətdən sağlamdırlar, vətənpərvərdirlər. Cənab İlham Əliyev bildirdi ki, Olimpiya Oyunlarındakı uğurlarımız əvvəlki illərdə də, son Oyunlarda da göstərir ki, Azərbaycan güclü idman dövlətidir. Təsadüfi deyil ki, biz bu Oyunlarda dünyanın ən güclü 30 ölkəsinin arasında yer almışıq - 2 qızıl, 2 gümüş və 3 bürünc medal. İdmançılarımız ən yüksək qiymətə layiq olmalıdır. Müsəlman ölkələri arasında Azərbaycan üçüncü yerdə qərarlaşıb. Nəzərə alsaq ki, İslam Əməkdaşlıq Təşkilatında 57 üzv mövcuddur, bu, çox gözəl və tarixi nəticədir.  Xüsusilə qızıl medalçılarımız Olimpiya Oyunlarının ilk günlərində qələbə sevincini xalqımıza bəxş etmişlər. Onların həm peşəkarlığı, həm idmandakı uğurları və eyni zamanda, davranış qaydaları hər birimizi ürəkdən sevindirdi. Onlar uzun illər ərzində öz çəki dərəcələrində liderliyi qoruyublar və bu liderliyi Olimpiya Oyunlarında bir daha təsdiq etmişlər. Dövlətimizin başçısı bu məqamı da xüsusi qeyd etdi ki, daha çox medal qazana bilərdik. Amma bu idmandır, idmanda qələbə də olur, məğlubiyyət də olur. Əsas odur bu Oyunlar bir daha göstərdi ki, Azərbaycanda idmanın inkişafı ardıcıl surətdə gedir. İdmançılarımız beş idman növündə medallar qazanmışlar: cüdo, boks, taekvondo, yunan-Roma güləşi, sərbəst güləş üzrə. Bu da onu göstərir ki, Azərbaycanda idmanın bir çox növləri inkişaf edir. Dövlət başçısı İlham Əliyev  XXXIII Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarını və onların məşqçilərini qəbul edərkən onu da bildirdi ki,  xüsusilə Olimpiya Oyunlarında qazanılan qələbə idmanda da, məişətdə də, həyatda da idmançının üzərinə böyük məsuliyyət qoyur. İdmançılarımızın yalnız məharətləri ilə deyil, həm də yarış zamanı layiqli davranışları ilə seçildiklərini vurğulayan dövlətimizin başçısı qeyd etdi ki, bu, onların yüksək mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi.

  Azərbaycanın idman ölkəsi kimi nüfuz qazanmasına səbəb olan tədbirlər sırasında ilk Avropa Oyunlarını, eyni zamanda,  IV İslam Həmrəyliyi Oyunları xüsusi qeyd edə bilərik. Bu tədbirlər, həmçinin Azərbaycanın tolerant, multikultural dəyərlərin inkişafına böyük töhfələr verən ölkə kimi tanınmasında və nüfuz qazanmasında da əhəmiyyətli rol oynadı. 16 idman arenasında təşkil olunan yarışlarda Azərbaycanın dövlət himni 75 dəfə səsləndi, dövlət bayrağı 162 dəfə qaldırıldı.  2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi ilə yanaşı, həmin il dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı ilə “İslam Həmrəyliyi İli” elan edildi.

Mütəmadi təşkil edilən idman yarışları, çempionatların da məqsədi məhz bu sahədə olan dinamikanı qoruyub-saxlamaqdır.

Ayaz Cəbrayılov,

Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri