17 avqust 2024 11:35
608

İdman sahəsindəki uğurlarımız ilə fəxr edirik

Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş Dövlət Gənclər Siyasəti müasir dövrümüzdə Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyev tərəfindən daha da uğurla davam etdirilir. Hər bir idman yarışı qazandığımız yeni-yeni uğurlarla yadda qalır. Ölkəmizin dünya arenasında mövqeyi ildən-ilə möhkəmlənir. Olimpiya oyunlarında, dünya və Avropa çempionatlarında qazandığımız qızıl, gümüş, bürünc medallar hər birimizin qəlbini qürur hissi ilə alovlandırır. Bütün bunlar öz növbəsində gənclərimizin idmana marağını daha da artırır.

XXXIII Paris Yay Olimpiya Oyunları da Azərbaycan idmançıları uçun əlamətdar oldu. Müxtəlif növ idman yarışlarında uğurlu çıxışla yadda qalan təmsilçilərimiz yekunda 2 qızıl, 2 gümüş və 3 bürünc medal qazandılar ki,  bu da ölkəmiz adına kifayət qədər yüksək nailiyyət idi. Qalib xalqımız döyüş meydanında qazandığı parlaq Zəfəri, idman arenalarında qazanılan uğurlarla daha da zənginləşdirir. Həm də bu nailiyyətlərin məhz Fransada-Parisdə qazanılması onun dəyərini ikiqat artırır. XXXIII Paris Yay Olimpiya Oyunlarında qazanılmış medallar müxtəlif idman növləri ilə məşğul olmaq istəyən gənclərimizin sayını artıracaq. Azərbaycan idmançılarının uğurlu çıxışları bir daha göstərdi ki, biz gənc nəslimizlə haqlı olaraq fəxr edə bilərik.

XXXIII Paris Yay Olimpiya Oyunlarında medal qazanmış idmançıları və onların məşqçilərini qəbul edən Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyev bildirdi ki,  müsəlman ölkələri arasında Azərbaycan qazanılan medalların sayına və əyarına görə üçüncü yerdə qərarlaşıb. Nəzərə alsaq ki, İslam Əməkdaşlıq Təşkilatında 57 üzv mövcuddur, hesab edirəm, bu, çox gözəl və tarixi nəticədir. Bütövlükdə komandamızın çıxışına qiymət verərək mən hesab edirəm ki, bizim idmançılarımız ən yüksək qiymətə layiq olmalıdır. Bu nailiyyətlər, eyni zamanda, medallar qazanmış idmançıların məsuliyyətini də artırır. Mən şadam ki, bizim idmançılarımız həm yarışlarda, eyni zamanda, həyatda nümunəvi davranış qaydaları göstərirlər. Gənclər sizə baxıb sizin kimi olmaq istəyəcəklər və bu qələbənin vacib olan tərəflərindən biri məhz bundan ibarətdir.

Dünyanın dörd ildən bir yaşadığı böyük və əzəmətli idman festivalı Azərbaycan idmançılarının iştirakı ilə də zənginləşir, daha da maraqlı olur. Biz gözəl idman yarışları, gözəl təşkilatçılıq və ən əsası, gəncliyin, təcrübənin, insan imkanlarının nəticələrini bu yarışların timsalında görürük. Hər bir müstəqil ölkə kimi, Azərbaycan Respublikası da bu yarışda özünün ən yaxşı, ən bacarıqlı idmançıları ilə iştirak edir.

Cənab İlham Əliyevin məqsədyönlü siyasəti sayəsində Azərbaycan özünü dünyada güclü idman dövləti kimi təsdiqləyib. Hər bir idman yarışı qazandığımız yeni-yeni uğurlarla yadda qalır. Ölkəmizin dünya arenasında mövqeyi ildən-ilə möhkəmlənir. Azərbaycan xalqı tam olaraq əmindir ki, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində gənc idmançılarımız bizim idman şöhrətimizi bundan sonra da yüksəklərdə saxlayacaqlar. Biz Azərbaycan xalqı olaraq hər zaman idman uğurlarımız ilə fəxr edəcəyik.

Vasif Səfiyarov,

YAP Sumqayıt şəhər təşkilatının məsləhətçisi