16 avqust 2024 23:25
348

Biz bunu edəcəyik!

Dövlət başçısı İlham Əliyev Qarabağın və Şərqi Zəngəzurun cənnətə çevirəcəyi ilə bağlı vədini konkret addımları ilə təsdiqləyir

«Azad edilmiş torpaqlarda həyat bərpa olunur. Artıq 4 şəhər və 4 kənd bərpa edilib və keçmiş köçkünlər oraya qayıtmışlar. Yeddi mindən çox keçmiş köçkün artıq öz dədə-baba torpaqlarında yaşayır və bu ilin sonuna qədər bu rəqəm ən azı 20 minə çatacaq. Geniş quruculuq, abadlıq işləri aparılır və Qarabağ, Şərqi Zəngəzur dünyanın ən inkişaf etmiş bölgələrindən birinə çevriləcəkdir.» Dövlət başçısı İlham Əliyev hər bir çıxışında hazırkı dövrün əsas hədəflərindən olan işağldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərindən bəhs edir. Görülən işlərin miqyası bu gün soydaşlarımızın mərhələ-mərhələ doğma yurd-yuvalarına qayıdışlarında özünün aydın ifadəsini tapır. Dörd ilə     yaxın müddətdə 4 şəhərə və 4 kəndə qayıdışın reallaşması Azərbaycanın iqtisadi imkanlarının təqdimatıdır.

Uğurlarımız iqtisadi inkişaf strategiyamızın nə qədər təkmil, gələcəyə hesablanmış olduğunu təsdiqləyir. Bu mühüm məqam da daim önə çəkilir ki, 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyət qayıdışından başlayaraq Azərbaycan bütün sahələrdə qüdrətini artırmaqla yanaşı, gələcək hədəflərin reallığa çevrilməsi üçün möhkəm təməl formalaşdırılmışdır. O təməl ki, tarixi Zəfərimizdən dərhal sonra azad edilmiş torpaqlarda genişmiqyaslı bərpa-quruculuq işlərinə başlamağa stimul verdi. Azad edilmiş ərazilərdə bu gün geniş yol-nəqliyyat infrastrukturu yaradılır və bu nəhəng layihələrin icrasında Türkiyədən olan şirkətlər fəal iştirak edirlər. İndi Şuşaya gedən hər bir insan yeni çəkilən avtomagistraldan keçərək öz gözü ilə görür ki, orada 7 tunel, 9 viaduk, bir çox körpülər inşa edilir və podratçıların əksəriyyəti Türkiyədən olan şirkətlərdir. Eyni zamanda, dəmir yolunun bərpası prosesi də sürətlə gedir. Horadiz-Ağbənd dəmir yolunun podratçısı da Türkiyə şirkətləridir. Yəni, azad edilmiş torpaqlarda türk dünyasının birliyini əyani şəkildə görürük. Bu, həm bizi sevindirir, həm də bütün türk dünyası ölkələrinin bir-birinə nə qədər bağlı olmasından, birlik, həmrəylik nümayiş etdirməsindən xəbər verir. Dövlətimizin başçısının bu ərazilərə dəfələrlə səfərlərinə diqqət yetirdikdə yol tikintisinə xüsusi diqqət yetirildiyini, səfərdən sonra yeni yolların tikintisi ilə bağlı Sərəncam imzaladığını xüsusi qeyd etməliyik. Avtomobil yolu , dəmir yolu və hava limanının tikintisi prioritetdir. Ötən dörd ilə yaxın dövrdə Füzuli və Zəngilan Beynəlxalq Hava limanlarının istifadəyə verilməsi, Laçın Beynəlxalq Hava Limanının cari ilin sonunda və ya 2025-ci ilin əvvəlində istifadəsinin nəzərdə tutulması görülən işlərin sürəti, ən əsası ölkəmizin iqtisadi imkanları barədə aydın təsəvvür yaradır.

Dövlət başçısı İlham Əliyev bu günlərdə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə Astanada Mərkəzi Asiya və Azərbaycan Respublikasının Dövlət Başçılarının görüşündəki çıxışında bu məqamı xüsusi qeyd etdi ki, Ermənistanın işğalından azad edilmiş Qarabağın bərpasına dəstək qardaşlıq münasibətlərimizin təzahürlərindən biridir. Ermənistan tərəfindən təxminən 30 illik işğal dövründə bu ərazilərdə 9 şəhər və yüzlərlə yaşayış məntəqəsi məhv edilib. İşğaldan azad olunmuş ərazilərdə hazırda genişmiqyaslı bərpa işləri aparılır və keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışı davam edir. Ötən il Füzuli şəhərində Özbəkistanın hədiyyəsi olan Mirzə Uluqbəy adına orta məktəbin, bu il isə Qazaxıstanın hədiyyəsi olan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılışı oldu. Həmçinin bu il Ağdam rayonunda Qırğızıstanın hədiyyəsi olan orta məktəb binasının təməlqoyma mərasimi keçirildi. Cənab İlham Əliyev çıxışlarında dost ölkələrin işğaldan azad edlimiş ərazilərdə aparılan bərpa işlərinə dəstəyindən daim bəhs edir və bildirir ki, bu, işğal edilmiş torpaqların bərpası üçün, əlbəttə, böyük məna daşıyır.

Əvvəldə də qeyd etdiyimiz kimi, bu günədək Füzuli, Laçın, Şuşa və Xocalı şəhərləri, həmçinin Ağalı, Talış, Zabux və Sus kəndləri sakinlərinə qovuşub. Cari ilin əsas hədəfləri sırasında Cəbrayıl, Kəlbəcər, Xankəndi şəhərləri də vardır. Ağdam, Zəngilan, Qubadlı şəhərlərinə qayıdış isə 2025-ci ildə nəzərdə tutulur. Bundan başqa, hazırda yüzdən çox şəhər və kəndin Baş planı təsdiqlənib, bir çox şəhər və kənddə inşaat işləri aparılır. Keçmiş məcburi köçkünlərin qayıdışı və Qarabağda yaşayışın bərpası üçün hökumət iki mərhələli dövlət proqramını həyata keçirdiyini bildirir. İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış üzrə birinci proqram iki il əvvəl başlayıb və 2026-ci ilədək davam edəcək. Bu, həm də Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biridir. Proqram bu bölgələrdə dövlət və özəl sektorda iş yerlərinin açılmasını da hədəfləyir. Böyük Qayıdışın ikinci istiqaməti əhalinin yenidən öz dədə-baba torpaqlarına qayıtmasıdır. Birinci Qayıdış Proqramının icrasının başa çatacağı 2026-cı ilədək 140 min keçmiş məcburi köçkünün öz doğma yurd-yuvalarına qayıdışı nəzərdə tutulub. Bu ilin sentyabar ayında Kəlbəcər və Xankəndi şəhərlərinə sakinlərin qayıdışı həyata keçiriləcək. Onu da qeyd edək ki, tarixi Zəfərimizdən sonra dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın azad edlimiş ərazilərə 16 noyabr 2020-ci ildə reallaşdırdıqları səfər Cəbrayıl və Füzuli rayonlarına, o cümlədən Cəbrayıl və Füzuli şəhərlərinə idi. Prezident İlham Əliyev həmin səfər zamanı Füzuli rayonundan Şuşa şəhərinə yol çəkilişi ilə bağlı göstəriş vermişdi. Zəfər yolu çox qısa zamanda tikilib istifadəyə verildi. Cənab İlham Əliyev həmin səfər zamanı bu məkanlardan belə bir çağrışları etdi ki, yenə də Azərbaycan vətəndaşları burada yaşayacaqlar, quracaqlar, yaradacaqlar. Amma bugünkü tarix heç vaxt silinməyəcək: «Erməni vəhşiliyinin canlı şahidləridir, bax, bu dağılmış evlər. Bu evlərdə Azərbaycan vətəndaşları yaşayıb, mülki vətəndaşlar yaşayıb. Mənfur düşmən gəlib onları öz torpaqlarından didərgin salıb, onların binalarını dağıdıb, onların əmlakını mənimsəyib, talayıb. Düşmən oğru, əxlaqsız, vicdansız bir düşməndir. Mən bir daha demək istəyirəm ki, bizim parlaq Qələbəmiz təkcə ölkəmizin ərazi bütövlüyünün bərpası deyil. Bu, şərlə xeyir qüvvələrinin mübarizəsidir. Şər qüvvələri məğlub olub, amma biz qalib gəlmişik. Çünki biz qurub yaradanıq. Ermənilər isə bax, bunları ediblər, dağıdıblar.» O da bəyan edildi ki, bu torpaqları bərpa edəcəyik. Azərbaycan xalqı bir daha öz böyüklüyünü göstərəcək. Bir daha bütün dünyaya sübut edəcəyik ki, biz böyük xalqıq. Biz qayıtmışıq, vuruşa-vuruşa qayıtmışıq. Heç kim bizə bu torpaqları bağışlamayıb. Heç bir beynəlxalq təşkilat təcavüzkara təzyiq göstərməyib. Heç kim onlardan tələb etməyib ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etsin. Sadəcə məqsəd işğalı əbədiləşdirmək, tarixi torpaqlarımızın tarixi irsini silmək, torpaqlarımızı erməniləşdirmək, şəhərlərimizə, kəndlərimizə eybəcər erməni adları vermək və bu məsələni Azərbaycan xalqının yaddaşından silmək idi. Amma səhv etdilər. Dəfələrlə bəyan etdik ki, bu işğalla heç vaxt barışmayacağıq.

Bu gün digər sakinlər kimi, cəbrayıllılar da sevinclidir. Böyük Qayıdış Proqramı çərçivəsində sentyabr ayında Cəbrayıl şəhərinə qayıdış başlayır. Gələcəkdə işğaldan azad edilmiş torpaqlarımızın malik olduqdarı təbii resursların hesabına Azərbaycanın dayanıqlı inkişafına dəstək vermək üçün bu ərazilər arasında ixtisaslaşmanın aparılmasına, hansı resurslara malik olmalarının müəyyənləşdirilməsinə böyük zərurət duyuldu. İşğaldan azad edilmiş torpaqların malik oluqları potensialı da nəzərə alsaq gələcəkdə dayanıqlı inkişafa nail olmaq üçün böyük potensialı görürük. Belə ki, bu ərazilərimizin malik olduqları münbit torpaqların hesabına Azərbaycanın ixrac potensialı xeyli artacaq. Ölkə Prezidenti İlham Əliyev bu istiqamətdə də yeni bazarların tapılması üçün müvafiq tapşırıqlarını verib. Dövlətimizin başçısının Sərəncamı əsasında təsdiqlənən Milli Prioritetlərdə də bu hədəf xüsusi yer alır ki, Qarabağ bölgəsi yaşıl enerji zonası kimi dünya üçün bir nümunə olacaq.

İşğaldan azad edilmiş ərazilərdə yeni dövlət idarəetmə modelinin tətbiqi ölkə miqyasında mühüm məsələdir. Artıq Prezident İlham Əliyev tərəfindən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında bərpa, tikinti və idarəetmə xidməti göstərmək üçün müvafiq publik hüquqi şəxslər yaradılıb. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında sənaye parkları, aqroparklar yaradılır. Hazırda Ağdam Sənaye Parkı, Cəbrayıl rayonunda "Araz Vadisi İqtisadi Zonası", Zəngilanda “Dost Aqropark”ı yaradılır. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının turizm və yaşıl enerji potensialının reallaşdırılması ilə bağlı mühüm işlər görülüb, Şuşa, Ağdam və Kəlbəcərdə turizm obyektlərinin təməli qoyulub. Azad edilmiş ərazilərimiz böyük turizm potensialına malikdirlər. 30 ilə yaxın dövrdə mənfur düşmən bu potensialdan istifadə edərək özünün iqtisadi vəziyyətini yaxşılaşdırmağa çalışıb. Qarabağ Azərbaycanın əsas turizm zonasına çevriləcək. Beynəlxalq turizm sərgilərində Qarabağ bölgəsinin turizm potensialı, turizm marşrutları, tarixi abidələri göstəriləcək. Təmir-bərpa işləri yekunlaşdıqdan sonra Qarabağ turistlərin sevimli məkanlarından biri olacaq.

Bu gün vətəndaşlarımızın qayıtdıqları ünvanlarda yaradılan şərait azad edilmiş ərazilərdə gələcək firavan həyatın təməli kimi qiymətləndirilir. Cənab İlham Əliyev vurğulayır ki, bizim birinci dərəcəli vəzifəmiz keçmiş məcburi köçkünləri tikiləcək doğma evlərinə mümkün qədər tez qaytarmaqdır. Həmçinin onları müvafiq işlə təmin etmək lazımdır ki, azad olunmuş ərazilərə qayıdanlar da yüksək əməkhaqqı olan işlərdə çalışsınlar. Onların məşğulluğunun təmin edilməsi prioritet məsələlər sırasındadır. Sosial xidmətin təminatı üçün bu ərazilərdə də «ASAN xidmət», DOST mərkəzlərinin yaradılması qarşıda dayanan hədəflər sırasındadır. İlk «ASAN xidmət» Şuşa şəhərində açılıb. Növbəti mərkəzin isə Füzulidə tikiləcəyi bildirilir. Tarixi sahibinə qayıdan torpaqlarımız «ağıllı şəhər» və «ağıllı kənd» layihələri üzrə yenidən qurulur. Daim ilklərə imza atan Azərbaycan bu gün «ASAN xidmət», DOST layihələrinin davamı olaraq «ağıllı şəhər» və «ağıllı kənd» konsepsiyası ilə diqqətdədir. Cənab İlham Əliyev bu hədəfi də açıqlayır ki, gələcəkdə digər bölgələrimizdə də bu layihələr tətbiq edilə bilər.

Arxada qalan hər gün bizi Böyük Qayıdış Proqramının icrasının vaxtından əvvəl başa çatdırılmasına yaxınlaşdırır. Suverenliyimizin tam bərpa edilməsindən ötən qısa zamanda Xankəndidə, Xocalıda görülən işlərin miqyasına diqqət yetirməklə son 4 ildə ümumilikdə işğaldan azad edilmiş ərazidərimizdə bu istiqamətdə atılan addımların miqyası barədə aydın təsəvvürə malik olmaq mümkündür. Cənab İlham Əliyev 28 May Müstəqillik Günündə Xocalıda bu şəhərə qayıdan sakinlərlə görüşündə qeyd etdi ki, bu gün bax, burada - cəmi 8 ay ərzində bərpa edilmiş Xocalıda görüşməyimiz əlbəttə ki, xüsusi məna daşıyır: «Məhz Müstəqillik Günündə mən sizinlə yenidən görüşmək istəmişəm. Üç ay bundan əvvəl - fevralın 26-da hər birimiz üçün faciəli gündə Xocalıda Memorial Kompleksin təməlini qoyduq. Bu gün isə artıq xocalılılar qayıdır və şəhər də göz oxşayır.» Cənab İlham Əliyev həmin görüşdə bu müjdəni də verdi ki, sentyabr ayından Xankəndi şəhərinə köç başlayır. Görülən işlər dövlət başçısı İlham Əliyevin «Mən demişdim, biz Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. Biz bunu edəcəyik. Necə ki, bu günə qədər verilən bütün vədlər həyatda öz əksini tapdı » fikirlərinin reallıqla öz əksini tapdığını təsdiqləyir. Statistik rəqəmlər tarixi sahibinə qovuşmuş torpaqlarımızda görülən işlərin miqyasının qə qədər böyük olduğunu təsdiqləyir. Belə ki, 2024-cü ilin yanvar-iyun ayları ərzində azad edilmiş rayonlarda tikinti quraşdırma işlərinə 2 milyard 56 milyon 358 min manat vəsaitin xərcləndiyi bildirilir. Dövlət Statistika Komitəsinin hesabatı əsasında aparılan hesablamalara görə, bu göstəricinin həcminin ötən ilin müvafiq dövrü ilə müqayisədə 22.8 faiz və ya 381 milyon 790 min manat çox olduğu bildirilir. Belə ki, 2023-cü ilin yanvar-iyun ayları ərzində azad edilmiş rayonlarda tikinti- quraşdırma işlərinə 1 milyard 674 milyon 568 min manat vəsait yönəldilib. Qeyd edək ki, bu dövrdə tikinti quraşdırma işlərinə sərf edilən vəsait 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə Xocalıda 649 dəfə, Qubadlı 2.6 dəfə, Ağdamda 2.3 dəfə, Şuşada isə 52 faiz artırılıb. Hesabat dövründə ən çox vəsait Kəlbəcər (438.5 mln. manat), Ağdam (308.5 mln. manat) və Laçın (242.4 mln. manat) rayonlarına ayrılıb. Bütün bunlar hazırkı dövrün əsas hədəfinin- Böyük Qayıdış Proqramının tam tərkibdə reallığa çevriləcəyi günün uzaqda olmadığını, sürətlə bu məqsəd doğru addımlar atıldığını nümayiş etdirir.

Yeganə Əliyeva, «İki sahil»