17 avqust 2024 08:36
376

Yeni Fransa inqilabının rəmzi - “sarı jiletlilər”

Hərəkatın təmsilçiləri hökumətdən geniş tələblər məqsədilə sentyabrın 6-da yenidən etiraz nümayişlərinə başlayacaqlarının anonsunu veriblər

“Paris - 2024” rəzalətindən sonra görünür Makronun başı yenə də dərddə olacaq. Belə ki, bu günlərdə Fransada Sarı Jiletlilər Hərəkatının (Mouvement des gilets jaunes) təmsilçiləri sentyabrın 6-da yenidən etiraz nümayişlərinə başlayacaqlarının anonsunu veriblər. Bu barədə “manifestationgiletsjaunesparis” saytı məlumat yayıb. Məlumatda “sarı jiletlilər”in hökumətdən geniş tələbləri göstərilib. Sarı Jiletlilər Birliyi bildirib ki, etiraz nümayişləri sentyabrın ilk şənbə günündən yenidən start götürəcək.

Son illərdə dünyanın ayrı-ayrı ölkələri müxtəlif “rəngli” inqilablarla silkələnib. Məsələ burasındadır ki, Yelisey Sarayı da bu və ya digər ölkədə “rəngli” inqilablar ideyalarının yayılmasında açıq və yaxud gizli şəkildə maraqlı olub. Fransa rəsmilərinin Liviyada və keçmiş müstəmləkə ərazilərində mövcud hakimiyyətlərə qarşı təhdid fəaliyyətləri, rejimlərin dəyişdirilməsi hədələri ilə bağlı transmilli mediada çoxsaylı məlumatlar yayılanda rəsmi Paris təkzib vermək əvəzinə susmağı üstün tutdu. Nəhayət, Yelisey Sarayının uzaq coğrafiyalarda digər ölkələr üçün cızdığı məkrli “rəngli” inqilablar dalğası Fransanın özünə də çatdı.

Fransada Sarı Jiletlilər Hərəkatının əsası 2018-ci ildə qoyulub və sonradan digər qonşu ölkələrə yayılıb. Hərəkatın adı kommunal və bəzi digər xidmət işçilərinin geydikləri sarı rəngli uniformadan götürülüb. Bəhs olunan sektorlarda çalışanların işləri ağır, gəlirləri aşağıdır. Məhz bu kateqoriyadan olan insanlar Makronun “islahatları” səbəbindən yaşayışlarının çətinləşməsinə və dözülməz hala gəlməsinə etiraz əlaməti olaraq küçələrə axışdılar. Sonradan isə Makronun siyasətindən narazı qalan digər sektor təmsilçiləri də hansısa bir etiraza başlayanda əyinlərinə sarı jiletlər geyindilər. Beləliklə, deyə bilərik ki, “sarı jiletlilər” yeni Fransa inqilabının rəmzinə çevrilib.

Dünya son illərdə “sarı jiletlilərin” tez-tez Fransanı silkələdiklərinə və hakimiyyətə ciddi narahatlıqlar yaşatdıqlarına şahidlik edir. Məsələn, 2018-ci ildəki permanent etirazlardan sonra Makronun 2019-cu ilin gəlişi münasibətilə xalqa ünvanladığı müraciətdə ifadə etdiyi absurd, reallıqdan uzaq fikirlər “sarı jiletlilər” tərəfindən, necə deyərlər, top-tüfənglə qarşılandı. Həmin ərəfədə sosial şəbəkələr hərəkat üzvlərinin etiraz platformasına çevrildi. “Siz və sizin silahdaşlar insanlara yuxarıdan aşağı baxmaqda, onları dişsiz, cəmiyyətin qalığı saymaqda davam etsəniz, qəzəb nifrətə çevriləcək”. Bunu “Sarı Jiletlilər” Hərəkatının nümayəndəsi “Facebook” səhifəsində  Makronun Yeni il müraciətinə cavab olaraq yazmışdı. Ötən il “sarı jiletlilər” Parisdə inflyasiyanın artmasına və yaşayışın bahalaşmasına qarşı dəfələrlə nümayişlərə çıxıblar. Nümayiş iştirakçılarından birinin sözlərinə görə, Fransada ölkənin yoxsul sakinləri üçün çox çətin vəziyyət hökm sürür. Onların müalicə almaq, elektrik enerjisi xərclərini ödəmək və keyfiyyətli ərzaq əldə etmək imkanları yoxdur. Makron iqtidarı isə etirazları yatırmaq üçün köhnə üsula - zorakılığa əl atır. Polis zorakılığının görüntüləri bütün dünyaya yayılıb - hüquq-mühafizə orqanları etirazçılara qarşı gözyaşardıcı qaz və rezin güllələrdən istifadə edir. Hərəkatın qeyri-rəsmi liderlərindən biri Jerom Rodriges gözünü itirib. Paris Administrasiyasının etirazlara “demokratik” münasibətini Fransanın keçmiş daxili işlər naziri Kristof Kastaner açıq şəkildə ifadə edərək nümayişçilərin “bədheybətlərlə” müqayisəsini aparmışdı. İnsan haqları, “azadlıq, bərabərlik, qardaşlıq” deyə ən yüksək səslə qışqıran ölkənin elementar hüquqlarını tələb edən öz xalqını belə epitetlərə layiq görməsi hakimiyyətin iç üzünü göstərir.

Qeyd edək ki, Sarı Jiletlilər”in gələn ay üçün anonsunu etdikləri etirazların əhatə dairəsi kifayət qədər genişdir. Bildirilir ki, “sarı jiletlilər” Vətəndaş Təşəbbüsü Referendumunun (RİC) Konstitusiyaya daxil edilməsi, əsas mediaların qərəzsiz olması, ümumi qiymət artımının - elektrik, qaz, ərzaq, benzin kimi gündəlik tələbatların qiymətinin artırılmasının qarşısının alınması, vergilərin azaldılması və digər tələblər irəli sürürlər. Onların tələbləri arasında, həmçinin Fransanın Avropa İttifaqından, eləcə də NATO-dan çıxmaqla bağlı referendumun keçirilməsi yer alır. “Sarı jiletlilər” bu dəfə inflyasiya nəzərə alınmaqla maaşların və pensiyaların artırılmasını, Ukrayna və Yaxın Şərqdə münaqişəyə son qoyulmasını tələb edərək, Ukraynaya hərbi qüvvələrin göndərilməsinə qarşı olduqlarını bildirirlər.

Göründüyü kimi, bu dəfə “sarı jiletlilər” Makron iqtidarı qarşısında həm iqtisadi-sosial, həm də siyasi məzmunlu tələblər qoymaq niyyətindədilər. İndi Makron höküməti çox çətin dönəmini yaşayır. Avropa Parlamentinə və Milli Assambleyaya seçkilərdəki biabırçı məğlubiyyət Makronun və onun formalaşdırdığı hökumətin cəmiyyətdə tamamilə nüfuzdan düşdüyünə dəlalət edir. Açıq-aydın görünür ki, iqtisadi problemlər, yüksək inflyasiya məngənəsində çabalayan Fransada həm də siyasi böhran yaşanır və hakimiyyət dəyişikliyi sosial sifarişə çevrilib. İş o yerə çatıb ki, Makronun istefası aktual bir məsələ kimi gündəmə gəlib. Düzdür, onun özü istefa verməyəcəyini bildirir və hakimiyyətinin legitim olduğunu isbatlamaq üçün müxtəlif beynəlxalq təsisatlara müraciətlər ünvanlayır. Lakin bu dirəniş və çırpıntılar əbəsdir və heç nəyi dəyişməyəcək.

Sevinc Azadi, “İki sahil”