17 avqust 2024 01:26
405

Hayastan heç vaxt avropalı olmayacaq

Alçaldılmış, məğlub olmuş və borc içində çabalayan işğalçı ölkə əbəs yerə özünü aldadır

Ermənistanın siyasi elitası bir müddətdir Avropa İttifaqına (Aİ) üzvlüklə bağlı nağıllar danışmaqla xalqın başını qatır. Vəziyyət artıq elə həddə çatıb ki, baş nazir Nikol Paşinyan az qala bütün çıxışlarında əsasən bu mövzuya toxunur və bildirir ki, təmsil etdiyi hökumət bu il Aİ-yə üzv olmağa hazırdır. Əslində ilk baxışdan bu fikrin absurd olduğu görünür. Çünki Avropa İttifaqına üzvlük arzu və istək əsasında reallaşmır. Bu, müəyyən siyasi qərarlar, standartlar çərçivəsində həyata keçirilir. Müasir Ermənistanda isə bu standartların yüzdə biri yoxdur desək, yanılmarıq. Burada rəsmi İrəvanın “avropalı olmaq” üçün həddən artıq tələsdiyini demək lazımdır. Axı, həmin Aİ-də yaxşı bilirlər ki, Ermənistan Moskvanın dominantlıq etdiyi bir sıra siyasi, iqtisadi, eləcə də hərbi ittifaqların, xüsusən də Avrasiya İqtisadi İttifaqı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür. İkincisi, Aİ-yə üzv olmağın əsas şərti ölkənin Avropa qitəsində yerləşməsidir. Ermənistan isə coğrafi nöqteyi-nəzərdən Asiyaya aiddir. Üçüncüsü, Ermənistanın müstəqil iqtisadiyyatı mövcud deyil. Hayastan bu sahədə Moskvadan tam asılı vəziyyətdədir. Bundan başqa, regional şərait və reallıq da İrəvanın Aİ üzvlüyünə namizəd olmasına imkan vermir. Dördüncüsü, Ermənistanın beynəlxalq hüququn tələblərinə cavab verən konstitusiyası yoxdur. Onun əsas qanunu özündə qonşu dövlətlərə qarşı ərazi iddialarını ehtiva edir. Bu durumda Ermənistanın Avropa ailəsinə hansı parametrlərə görə üzv olmağa çalışması heç özünə də tam aydın deyil.

Bununla belə, erməni siyasi elitası hələ də xalqa Aİ-yə üzvlüklə bağlı nağıllar danışmaqda davam edir. Paralel olaraq isə hökumət tezisini dəstəkləmək üçün KİV-lərdə tez-tez bu məsələ ilə bağlı palaz-palaz yazılar hazırlanır, artıq yaxın vaxtlarda bunun reallaşacağı bildirilir. Bəs, əslində vəziyyət necədir? Doğrudanmı Avropa İttifaqı rəsmi İrəvanı üzvlüyə qəbul edə bilər? Kiçik araşdırmalar zamanı məlum olur ki, yaxın illər ərzində Avropa siyasətinin üfüqündə erməni bayrağının dalğalanması mümkün deyil. Elə bu günlərdə Aİ-nin Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsinin sözçüsü Peter Stano bu barədə maraqlı açıqlama verib. P.Stano “Azadlıq Radiosu”nun Ermənistan bürosuna müsahibəsində bildirib ki, Ermənistanla Avropa İttifaqı arasında danışıqların üzvlük namizədliyi imkanları ilə heç bir əlaqəsi yoxdur: “Bunun potensial üzvlük namizədliyi prosesi ilə heç bir əlaqəsi yoxdur. Aİ-Ermənistan tərəfdaşlığı gündəliyi üzrə danışıqlar hər iki tərəfin birgə daha çox işlər görmək üçün qarşılıqlı istək və iradəsini əks etdirir, mövcud münasibətlərə əsaslanır. Hazırkı əlaqələr isə Hərtərəfli və Genişləndirilmiş Tərəfdaşlıq Sazişi ilə müəyyən edilir. Bu danışıqların potensial üzvlüyə namizədlik imkanları ilə heç bir əlaqəsi yoxdur, bunlar iki fərqli şeydir, bizim artıq Ermənistanla Hərtərəfli və Genişləndirilmiş Tərəfdaşlıq Sazişimiz var və indi biz bu baza əsasında hansı sahələrdə daha sıx əməkdaşlıq edə biləcəyimizi müəyyən edirik”.

İlk dövrlərdə isə vəziyyət tamam fərqli idi. Ermənistanın perspektivdə Aİ-yə üzv olmaq ümidi böyük idi. Ancaq P.Stanonun açıqlaması bu ümidlərin üzərindən yağlı bir xətt çəkdi. Ermənistana bu geosiyasi reallığı dərk etmək üçün uzağa getmək lazım deyildi. Yetərli idi ki, bu gün Avropa Parlamentində təmsil olunan aparıcı partiyaların planlarına, daha dəqiq desək, Aİ-nin mümkün genişlənmə planlarına göz atsın. Çünki orada Ermənistana aid bir cümləyə rast gəlinmir. Belə ki, nə Ümumavropa məkanında böyük nüfuza malik EPP, yəni Avropa Xalq Partiyasının, nə PES, yəni Avropalı Sosialistlər Partiyasının (nüfuzuna görə ikinci partiyadır), nə ALDE, yəni Avropa Naminə Liberallar və Demokratlar Alyansının (hazırkı parlamentdə üçüncü olan hökumətin bir hissəsidir), nə ECR, yəni Avropa Mühafizəkarlar və İslahatçılar Alyansının (əslində hökumət partiyası yox, avroskeptiklər sırasına daxildir), nə də ki, Avropa Yaşıllar Partiyasının seçkiqabağı proqramına nəzər saldıqda görürük ki, Ermənistan barədə bir söz belə yoxdur. Siyahını uzatmaq olar. Avropa Solçular Partiyası, Avropa Azad Alyansı kimi siyasi qurumların da seçkiqabağı proqramında Ermənistana aid bir cümləyə rast gəlinməyib. Qeyd edək ki, yuxarıda adı çəkilən siyasi partiyalar Avropada kifayət qədər çəki və nüfuza malikdir və rəsmi Brüsseldə siyasi qərarların alınmasında həlledici rola malikdirlər.

Fikrimizi ümumiləşdirsək isə deyə bilərik ki, yaxın illərdə Ermənistanın Aİ-yə üzvlüyündən bəhs edilməyəcək, bu məsələ ilə bağlı Avropanın əsas siyasi qüvvələrinin heç bir baxışı, vədi yoxdur. Bu isə bir daha deməyə əsas verir ki, erməni siyasi elitası xalqın gözünə kül üfürmək, nağıllar danışmaqla başının altına yastıq qoyur. Amma necə deyərlər, yalan ayaq tutar, yeriməz. Yəqin ki, bir müddətdən sonra sadə erməni xalqı bunun hesabını soruşacaq və Aİ üzvlüyü ilə bağlı verilən vədlərə görə Paşinyan hökuməti cavab verməli olacaq.

Sevinc Azadi, “İki sahil”