16 avqust 2024 00:57
399

AES-lər müharibələrin əsas təhdid variantı kimi

İstismar müddəti bitmiş «Metsamor» AES 20 milyon əhalinin həyatını təhlükə altında saxlayır

Bu gün Rusiya -Ukrayna müharibəsində dünyanı  təhdid edən bir təhlükə var. Bu, nuvə silahından istifadə ediləcəyinə dair davamlı  fikirlərin səsləndirilməsidir.  Xüsusilə Rusiya rəsmiləri NATO-nun Ukraynaya dəstəyini azaltmaq və düşmənini danışıqlar masasına oturtmaq üçün nüvə silahından istifadəni  mütəmadi olaraq bir variant kimi gündəmə gətirir. Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev bu ilin iyulunda bildirmişdi ki, Kiyevin Rusiya Fedarasiyasındakı  buraxılış qurğularını Qərb raketləri ilə məhv etmək cəhdləri Rusiyanın nüvə silahından istifadəsinə əsas olacaq.

Lakin burada diqqətçəkən digər məqam isə müharibə dövründə həm Ukraynada, həm də Rusiyadakı bəzi Atom Elektrik Stansiyalarının (AES) müharibə dairəsinə tuş gəlməsidir ki, bu da artıq təhlükənin hər an reallaşağını bildirir.  Məsələn, Rusiya ordusu Ukraynanın Zaporejye AES- nə nəzarəti həyata keçirir. Bu gün isə Ukrayna Rusiyanın Kursk vilayətindəki  AES-ə yaxınlaşıb. Demək hər iki AES-ə qəsdən və ya bilməyərəkdən zədə yetirilsə bölgə əhalisi, o cümlədən ətraf ölkələr böyük fəlakətlə qarşılaşa bilərlər.

Xatırladaq ki, 2023-cü il iyunun 6-da Ukraynanın Kaxovka Su Elektrik Stansiyası (SES) partladılıb. Beynəlxalq dərəcəli mütəxəssislərin rəyinə əsasən, bunu Rusiya hərbçiləri təşkil edib. Bu fəlakət nəticəsində Ukraynanın Xerson vilayətinin 16 yaşayış məntəqəsi su altında qalıb, azı 52 nəfər ölüb. Ölkə iqtisadiyyatına təqribən 300 milyon dollar ziyan dəyib. Lakin SES-dən fərqli olaraq AES-in partladılması bəşəri faciə ilə nəticələnə bilər.

Rusiyanın Kursk vilayətinə Ukrayna hərbçilərinin müdaxiləsi AES-lərlə bağlı problemi yenidən gündəmə gətirib. Ötən il Zaporoyjedəki stansiyada baş verən yanğından sonra Moskva və Kiyev qarşılıqlı ittihamlarla çıxış edib. Beynəlxalq Atom Enerjisi üzrə Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi bildirib ki, stansiyaya dronla endirilən zərbə nüvə obyektinin əsas reaktorlarına təsir göstərməyib: «Bu məsuliyyətsiz hücumlar stansiyada nüvə təhlükəsizliyini təhdid edir və qəza riskini artırır. Belə hücumlar dərhal dayandırılmalıdır.»

Rusiya rəsmiləri isə Kursk AES-ə Ukraynanın hücum edəcəyinə dair məlumat yayıb, onun qarşısını almaq üçün müdafiə istehkamları qurub. Belə bir vəziyyət Çernobıl faciəsinin təkrarlanma ehtimalını artırır. Bildirilir ki, ümumiyyətlə,  Rusiya ərazisində hazırda 11 AES-də 37 enerji bloku istismar olunur. Onların ümumi gücü 28,5 QBT-dan çoxdur. Ukraynada isə 4 AES-də 15 enerji bloku fəaliyyət göstərir.

Beləliklə, dünya yeni silahın, AES-lərin partladılması təhlükəsi ilə üz-üzədir. Azərbaycanın qonşuluğundakı iki ölkələrdə də AES-lər fəaliyyət göstərir: Ermənistanda «Metsamor» və İranda «Buşehr» AES. «Metsamor» AES bu gün qonşu ölkələr üçün ciddi təhlükə mənbəyi olaraq qalır. Ona görə ki, Ermənistandakı «Metsamor» AES-in istismara yararsız olduğuna dair AEBA-ya dəfələrlə müraciət edilib. Təəssüf ki, agentlik hələ də bu çağırışlara məsuliyyətsiz yanaşır.

«Metsamor» AES Türkiyə sərhədindən cəmi 17,5, İran sərhədindən 60, Azərbaycan sərhədindən isə 75 kilometr məsafədə yerləşir. Ermənistanın hazırkı böhranlı vəziyyətində stansiyaya qulluq etmək üçün maliyyə vəsaiti çatışmadığı istisna edilmir. Bu isə onun təhlükəsiz istismarının mümkün olmadığını söyləməyə əsas verir. Hələ bir neçə il əvvəl ABŞ Dövlət katibi müşavirinin Avropa və Avrasiya məsələləri üzrə o vaxtkı müavini Erik Rubinin sədrlik etdiyi iclasda bu stansiyanın fəaliyyəti də müzakirə olunmuşdu. Onda Ermənistan stansiyanın fəaliyyətini dayandıracağına dair sənəd imzalamışdı. Sənədi Ermənistan tərəfdən keçmiş energetika naziri Armen Movsisyan, ABŞ tərəfdən isə Ermənistandakı keçmiş səfir Con Heffern imzalamışdılar. Onda səfir bildirmişdi ki, ABŞ Avropa İttifaqının (Aİ) sözügedən AES-in 2016-cı ilədək dayandırılacağı barədə mövqeyini bölüşür.

Lakin göründüyü kimi, hələ də Ermənistan AES-in fəaliyyətini dayandıracağı ilə bağlı beynəlxalq öhdəliyini yerinə yetirmir. Bu stansiyanın mövcudluğu Cənubi Qafqazda və ətraf bölgədə yaşayan 20 milyon insanın həyatını, sağlamlığını təhlükə altında qoyub. Əgər regionda qarışıqlıq yaratmaq istəyən qüvvələrdən biri  «Metsamor» AES-ə Zaporojyedəki olduğu kimi, dron hücumu həyata keçirərsə o zaman fəlakətin miqyası böyük olar. Belə bir şəraitdə sual yaranır: İstismar müddəti başa çatan stansiyanın təhlükəsizliyi niyə təmin olunmur?

Bu AES region üçün təhlükə olduğundan birmənalı olaraq  onun fəaliyyətinin davam etdirilməsinə imkan verilməmlidir. Region ölkələri, beynəlxalq  məsələ ilə əlaqədar qəti mövqe bildirməlidirlər. Lakin bütün bunların əksinə olaraq Ermənistan və Rusiya 2026-cı ildən sonra «Metsamor» AES-in ikinci enerji blokunun istismar müddətinin artırılmasını müzakirə edirlər. Erməni mətbuatı yazır ki, 2026-cı ildən sonra ikinci enerji blokunun istismarının əvvəlcə  beş, sonra isə daha on il müddətinə uzaldılması planlaşdırılır.

Tarixdən də məlumdur ki, təhlükəsizlik meyarlarına cavab verməyən nüvə reaktorları daim fəlakətlərə səbəb olub. 1979-cu il martın 28-də ABŞ-ın Tri-Meyl-Aylend AES-də baş vermiş qəzanı, 1986-cı ildə Çernobıl qəzasını və  2011-ci ildə Yaponiyanın Fukusima AES-də baş vermiş qəzanı misal göstərmək olar. Bu dəhşətli fəlakətlərin ağır fəsadları hələ də qalmaqdadır.

Mütəxəssisələrin fikrincə, «Metsamor» AES-də təhlükəsizlik tədbirləri çox aşağı səviyyədədir. 1982-ci il oktyabrın 15-də AES-də baş vermiş yanğın yalnız 7 saatdan sonra, böyük çətinliklə söndürülmüşdü. «Metsamor» AES 11 ballıq zəlzələ riski olan zonada yerləşir. AES-in ətrafında mövcud olan  beş tektonik qırılmadan biri stansiyadan cəmi 500 metrliyindədir. 1988-ci ildə zəlzələ nəticəsində dağılmış Spitak şəhəri Metsamor AES-in cəmi 75 kilometrliyində yerləşir.

Qeyd edək ki, Spitak zəlzələsindən sonra seysmik təhlükəni anlayan keçmiş SSRİ-nin  rəhbərliyi «Metsamor» AES-in fəaliyyətini tamamilə dayandırmışdı. Amma enerji böhranını bəhanə gətirən Ermənistan 1995-ci ildə ikinci bloku yenidən işə saldı. Bir məqamı da xatırlatmaq vacibdir ki, elementar təhlükəsizlik standartlarına  cavab verməyən «Metsamor» AES yalnız region ölkələrini deyil, dünya birliyini də narahat edir. Belə ki, Avropa İttifaqı 2000-ci ildə onun fəaliyyətinin dayandırılması müqabilində Ermənistana 138 milyon avro təklif etsə də, Yerevan məbləğin azlığını əsas gətirərək, təklifi qəbul etməmişdi.

Elçin Zaman, «İki sahil»