15 avqust 2024 17:55
495

Azərbaycanın dünyada idman ölkəsi kimi tanınması qürurvericidir

Avqustin 14-də Prezident İlham Əliyev  XXXIII Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarını və onların məşqçilərini qəbul edərkən ölkəmizdə  idmanın inkişafı istiqamətində atılan addımlardan və uğurlu nəticələrdən danışaraq dedi: «Bizim Olimpiya Oyunlarındakı uğurlarımız əvvəlki illərdə də, son Oyunlarda da göstərir ki, Azərbaycan güclü idman dövlətidir. Təsadüfi deyil ki, biz bu Oyunlarda dünyanın ən güclü 30 ölkəsinin arasında yer almışıq - 2 qızıl, 2 gümüş və 3 bürünc medal, hesab edirəm ki, çox yaxşı nəticədir.»

Qeyd edək ki, Azərbaycan Olimpiya Oyunlarında  müsəlman ölkələri arasında  üçüncü yerdə qərarlaşdı.  İslam Əməkdaşlıq Təşkilatının  57 üzvünün olduğunu nəzərə alsaq,  bu, çox yaxşı  və tarixi göstəricidir. Dövlətimizin başçısı bu qələbəni belə dəyərləndirdi: «Bütövlükdə komandamızın çıxışına qiymət verərək mən hesab edirəm ki, bizim idmançılarımız ən yüksək qiymətə layiq olmalıdır.»

Bu bir həqiqətdir ki, Azərbaycan digər sahələrdə olduğu kimi, idman sahəsində də beynəlxalq tədbirlərə ev sahibliyi edir. 2015-ci ildə ilk Avropa Oyunlarının, 2017-ci ukdə IV İslam Həmrəyliyi Oyunlarının ölkəmizdə  keçirilməsi Azərbaycanın qeyd olunan istiqamətdə böyük potensiala malik olduğunu sübut edir. Azərbaycana 56 medal qazandıran Birinci Avropa Oyunları göstərdi  ki, ölkəmizdə perspektivli, güclü idmançılar nəsli yetişməkdədir. İlk Avropa Oyunlarının,  «Formula- 1»  beynəlxalq yarışın  ölkəmizdə keçirilməsi Azərbaycanda idmanın inkişafına göstərilən diqqəti dünyaya bəyan etdi. Azərbaycan «Bakı-2017» İslam Həmrəyliyi Oyunlarında da qalibiyyətə imza atdı. Bütün bunlar ölkəmizdə idmanın inkişafına göstərilən diqqət və qayğının nəticəsidir. Bu uğurların əsasında Ümummilli Lider Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi idman siyasəti dayanır. Ulu Öndər daim gənclərimizin fiziki sağlamlığını prioritet məsələ kimi öndə saxladı. Heydər Əliyev siyasətini bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin idmanın bütün növlərinin inkişafına göstərdiyi diqqət atdığı addımlarda özünün aydın ifadəsini tapır. Son 20 ildən artıq dövrdə Bakı və Bakıətrafı qəsəbələrin, həmçinin regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları icra edilib. Bu sənədlərə uyğun olaraq paytaxt Bakıda və regionlarda müasir tələblərə cavab verən idman kompleksləri tikilib istifadəyə verilib.  

Son 20 ildə  ölkəmizdə yaradılan geniş idman infrastrukturları təbii ki, öz müsbət nəticələrini verməli idi. Ona görə də ölkəmizin başçsı çıxışlarında haqlı olaraq deyir: «Bu gün mən deyəndə ki, Azərbaycan idman dövlətidir, bax, bunu bu səbəblərə görə deyirəm. Birincisi, bizdə ən müasir idman infrastrukturu yaradılıb və bu infrastruktur imkan verir ki, biz bütün ən yüksək səviyyəli oyunları keçirək. Avropa Oyunlarının Azərbaycanda keçirilməsi bunun əyani sübutudur. İkincisi, Azərbaycan idmançıları müxtəlif yarışlarda, Olimpiya Oyunlarında, dünya çempionatlarında, Avropa çempionatlarında, yeniyetmələrin Olimpiya Oyunlarında həmişə yüksək pillələrdədir. İdmanın inkişafı və kütləviliyi ilə bağlı da çox düşünülmüş, ardıcıl siyasət aparılır və bu siyasət özünü artıq dəfələrlə göstərmişdir. Ona görə, əminəm ki, gələcək illərdə də beynəlxalq idman qurumları Azərbaycana həmişə böyük hörmətlə yanaşacaqlar.»

İdmançılarımızın olimpiya oyunlarında iştirakı həmişə uğurlu olub. Əldə edilən uğurlu nəticələr bu qənaətə əsas verir. Dövlət başçısı İlham Əliyev sözügedən görüşdə bildirdi ki,  Olimpiya Oyunları bir daha göstərdi ki, Azərbaycanda idmanın inkişafı ardıcıl surətdə gedir. İdmançılarımız beş idman növündə medallar qazanmışlar: cüdo, boks, taekvondo, yunan-Roma güləşi, sərbəst güləş üzrə. Bu da onu göstərir ki, Azərbaycanda idmanın bir çox növləri inkişaf edir.

Prezident İlham Əliyev bu mühüm məqamı da xüsusi qeyd etdi ki, uzun illər ərzində idmanın kütləviliyi ilə bağlı dediyim sözlər və verdiyim tapşırıqlar bir məqsədi güdür- fiziki, mənəvi cəhətdən sağlam, Vətənə bağlı, vətənpərvər və peşəkar gənc nəsil yetişsin. İdmançılarımızın uğurlu çıxışları bunu bir daha göstərdi ki, biz gənc nəslimizlə haqlı olaraq fəxr edə bilərik. Bu nailiyyətlər, eyni zamanda, medallar qazanmış idmançıların məsuliyyətini də artırır. İdmançılarımız həm yarışlarda, eyni zamanda, həyatda nümunəvi davranış qaydaları göstərirlər.

İsmayıl İbrahimov,
YAP Hacıqabul rayon təşkilatının sədri