15 avqust 2024 08:35
490

Ulu Öndərin arzusu reallaşır: Azərbaycan dünyaya Günəş kimi doğur

«Sülh danışıqları nəticəsiz qalarsa, Azərbaycan müharibə yolu ilə torpaqlarını işğaldan azad edəcəkdir» vədini Zəfərimizlə doğruldan Prezident İlham Əliyevin ölkəmizin qarşıdakı illər üçün müəyyənləşdirdiyi inkişaf konsepsiyasının prinsipləri, hədəfləri bəllidir: «Çeviklik, davamlılıq, makroiqtisadi yüksəliş, sosial rifah!»

2003-cü il oktyabrın 1-də xalqa tarixi müraciəti ilə Azərbaycanın gələcək yolunu uzaqgörən siyasəti, «Üzümü Sizə - həmvətənlərimə tutaraq qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası Sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər» sözləri ilə bildirən Ulu Öndər Heydər Əliyevin müdrikliyi bir daha təsdiqləndi.
2003-cü ilin oktyabrın 15-də keçirilən prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevi birmənalı şəkildə dəstəkləyən seçicilər Azərbaycanın xilaskarı Heydər Əliyev siyasi kursunun, Ulu Öndərin müəllifi olduğu inkişaf strategiyasının davamına tərəfdar olduqlarını bildirdilər. Xalqın mütləq əksəriyyətinin etimadını qazanaraq respublikaya rəhbərliyə başlayan Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin « Azərbaycan dünyaya Günəş kimi doğacaq» inamını qətiyyəti, əzmi, Vətəninə, xalqına bağlılığı ilə doğruldur.
Ötən illərə nəzər saldıqda bir reallığın şahidi oluruq. Prezident İlham Əliyevin ölkəmizin iqtisadi yüksəlişi ilə bağlı müəyyənləşdirdiyi çeviklik, davamlılıq, makroiqtisadi yüksəliş prinsiplərinə əsaslanan inkişaf strategiyası uğurla nəticələnir. Mərhələlərlə həyata keçirilən regionların sosial iqtisadi inkişafı Dövlət proqramlarının tətbiqi ilə siması dəyişilən bölgələrdə aqrar sahə tərəqqi etdi, ailə, iri fermer təsərrüfatları yaradıldı. Qeyri-neft sənayesinin inkişafı ilə dövlət büdcəsində özəl sektorun payı kimi rolu da artdı. Təsadüfi deyil ki, bu gün «Made in Azerbaijan» brendi ilə məşhurlaşan, ekoloji baxımdan təmiz Azərbaycan məhsulları Çindən Amerikaya qədər dünyanın yüzlərlə dövlətinə ixrac edilir. Enerji layihələrini reallaşdırmaqla dünyada neft ölkəsi kimi tanınan respublikamızda iqtisadi islahatların həyata keçirilməsi ilə qarşıya qoyulan hədəflər reallaşdı.
 Prezident İlham Əliyevin qətiyyəti, müdrikliyi və siyasi, diplomatik uzaqgörənliyi ilə reallaşan enerji və nəqliyyat layihələri Azərbaycanın dünyada mövqeyini möhkəmləndirir. Ulu Öndərin neft strategiyasını uğurla davam etdirən cənab İlham Əliyevin iradəsi ilə reallaşan Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kimi neft-qaz kəmərlərinin ardıcılları olan Cənub Qaz Dəhlizi və kəmərin seqmentləri Avropa ölkələrinin enerji təhlükəsizliyinin təminatında əsas amil kimi dəyərləndirlir. Cənub Qaz Dəhlizi Azərbaycanın qlobal enerji bazarlarındakı və beynəlxalq münasibətlər sistemindəki yerini daha da möhkəmləndirib, ölkəmizi qlobal miqyasda söz sahibinə çevirib. Təsadüfi deyil ki, Avropa İttifaqına üzv dövlətlərin üçdə biri Azərbaycanın strateji tərəfdaşıdır. Ukraynada davam edən müharibənin daha da güclənməsi nəticəsində yeni risklərlə üzləşən Şərqi Avropa ölkələri bu gün məhz Azərbaycan qazı ilə təmin olunurlar.
 Reallaşan enerjii layihələrindən əldə olunan gəlirlər iqtisadiyyatımızın, müdafiə sənayemizin güclənməsinə, ölkə vətəndaşlarının sosial müdafiəsinin etibarlı təminatına yönəldilir.

Prezident İlham Əliyevin daha çox diqqət yetirdiyi, eyni zamanda, strateji əhəmiyyətli sahə Azərbaycanın tranzit-logistik mərkəzinə çevrilməsidir. Bakı-Tbilisi-Qars dəmir yolunun çəkilişi, ölkəmizdəki bütün hava yollarının yenidən qurulması, avtomobil yollarının genişləndirilməsi, Xəzər dənizində üzən gəmi və bərələrimizin sayının artırılması, Bakıda Beynəlxalq Dəniz Limanının inşası, Ələt Azad İqtisadi Zonasının yaradılması Prezident İlham Əliyevin uzaqgörən və düşünülmüş siyasətinin nəticəsidir. İndi Şimaldan Cənuba, Şərqdən Qərbə gedən nəqliyyat dəhlizləri üçün Azərbaycan Orta Dəhliz, birləşdirici körpüdür. Dünyanın iqtisadi lokomotivlərindən olan Çinin «Bir kəmər, bir yol» təşəbbüsünə qoşulan Azərbaycan ölkə ərazisindən keçən bütün nəqliyyat dəhlizlərinin tərəfdaşıdır. Dünya dövlətləri arasında qazandığı nüfuzu, diplomatik uğurları, ev sahibliyi etdiyi mühüm əhəmiyyətli beynəlxalq tədbirlərdən düyna ictimaiyyətinə ünvanlanan sülh çağırışları ilə seçilən Azərbaycanın ən böyük uğuru az sayda təmisl olunan kosmik klubun üzvü olmasıdır.

Sosial ədalət prinsiplərinə sadiqliyini multikultural dəyərlərin təbliğindəki əvəzedilməz rolu ilə təsdiqləyən tolerant Azərbaycan, eyni zamanda, müxtəlif xalqların bir ailənin üzvü kim yaşadıqları nadir sabit ölkələrdəndir. Dövlət başçımızın «Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı, onun qayğıları, rifahı, sağlamlığı və təhlükəsizliyi dayanır» sözlərini qətiyyətilə reallaşdırması, dövlət büdsəsindən sosial sahəyə ayrılan vəsaitlərin artırılması, məşğulluq proqramlarının əhatə dairəsinin genişlənməsi, etibarlı, dayanıqlı sosial müdafiə sisteminin təkmilləşdirilməsi, əmək haqqı və təqaüdlərin sistematik olaraq artırılması ölkə iqtisadiyyatının möhkəmlənən təməl üzərində davamının uğurlu nəticəsidir.

İlk dəfə Prezident kimi and içərkən Azərbaycan xalqına Ermənistanın işğalı altında qalan torpaqlarımızı azad edəcəyi vədini verən dövlət başçımız, Ali Baş Komandan İlham Əliyev sözünün sahibi oldu. Statusu ləğv olunan «Dağlıq Qarabağ münaqişəsi»nin «Hərbi yolla həlli yoxdur» deyən erməni havadarlarına İkinci Qarabağ müharibəsində qazandığımız tarixi Zəfərimizlə ədalət dərsi verdi.

Artıq təqaüdə göndərilmiş ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan danışıqlar prosesində Azərbaycanın milli maraqlarının əleyhinə olan kiçicik bir təkliflə belə razılaşmadı. Prezident kimi iştirak etdiyi bütün görüşlərdə, danışıqlarda qətiyyətlə bəyan etdi ki, Azərbaycan dövləti öz ərazisində ikinci erməni dövlətinin yaradılmasına heç vaxt imkan verməyəcək və nəyin bahasına olursa-olsun öz torpaqlarını işğaldan azad edəcəkdir. Bunun üçün Prezident İlham Əliyev ən müasir çağırışlara uyğun hərbi islahatlar həyata keçirdi, ordumuzun döyüş imkanlarını modern səviyyəyə yüksəltdi. Dövlət başçısı kimi, hər zaman bəyan etdiyi «Sülh danışıqları nəticəsiz qalarsa, Azərbaycan müharibə yolu ilə torpaqlarını işğaldan azad edəcəkdir» qətiyyətini reallaşdırdı. 2016-cı ilin Aprel döyüşlərində Silahlı Qüvvələrimizin gücünü görən hər kəs inandı ki, Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etməyə tam hazırdır. 
2020-ci ilin sentyabr tarixində Ermənistanın növbəti təxribatı nəticəsində başlayıb cəmi 44 gün davam edən İkinci Qarabağ müharibəsində qazandığımız Zəfər «dəmir yumruğ»un gücünün sarsılmazlığını göstərdi. Beləliklə, 30 ilə yaxın sülh danışıqlarından imtina edən, torpaqlarımızda qanunsuz məskunlaşma prosesini həyata keçirməklə havadarlarına arxayınlaşan Ermənistan döyüş meydanında cəzalandırıldı. Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə tarixi və şərəfli missiyasını Qələbə ilə tamamladı. Vətən müharibəsi dövlətimizin gücünün, xalqımızın milli iradəsinin və həmrəyliyinin təntəsinə çevrilərək torpaqlarımızın işğaldan azad olunması, pozulmuş ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. 44 gün davam edən İkinci Qarabağ müharibəsində qazandığımız Zəfəri, Şuşada, Xocalıda, Xankəndidə, işğaldan azad olunmuş bütün torpaqlarda, strateji yüksəkliklərdə Dövlət Bayrağımızı Lider qətiyyəti ilə dalğalandıran, Ali Baş Komandan kimi Sərkərdəlik məharətini uğurla tamamlayan cənab İlham Əliyevin vurğuladığı kimi, müdafiə qüdrətimizin uğuru olan Vətən müharibəsi şanlı hərb tariximizin təkrarolunmaz parlaq səhifəsidir: «Azərbaycan xalqı bütün gücünü səfərbər edib bu şanlı missiyanı yerinə yetirmişdir. Mən işğal dövründə dəfələrlə deyirdim ki, hər bir Azərbaycan vətəndaşı bu müqəddəs günü öz işi ilə, öz əməli ilə yaxınlaşdırmalıdır. Mən demişdim ki, heç vaxt Azərbaycan xalqı işğalla barışmayacaq və biz işğala son qoymaq üçün bütün gücümüzü səfərbər edib bir nöqtəyə vuraraq düşməni tarixi torpaqlarımızdan qovduq.» Düşməni torpaqlarımızdan qovaraq tarixi Zəfəri ilə insanların 30 illik torpaq həsrətinə son qoyan Azərbaycan Ordusu dünyanın hərb tarixinə yeni səhifələr yazdı. Ötən ilin sentyabrında Qarabağda apardığı lokal xarakterli antiterror tədbirləri ilə süverenliymizi tam bərpa edən Silahlı Qüvvələrimiz fərari Ermənistan ordusuna məğlubiyyətin acısını təkrar yaşatdı. Erməni mifi, separatizmi, faşizmi birdəfəlik məhv edildi.

Bu gün də Silahlı Qüvvələrimizin inkişafı ilə bağlı lazımi addımlar atılır, ən müasir silah-sursat, texnika alınır, yeni komando” birləşmələri yaradılır. «Biz elə Ordu yaratmışıq ki, - bundan sonra da bu işlər davam edəcək, - heç kim bizə sataşa bilməz və gələcəkdə də belə bir fikirdə ola bilməz. Bu günlərdə Ermənistan tərəfindən törədilmiş yeni təxribata dərhal adekvat cavab verildi, düşmən cəzalandırıldı. Bu, bir daha onlara və əsasən onlara ürək-dirək verən, üstümüzə göndərən qüvvələrə siqnal idi ki, bizim qabağımızda heç kim dura bilməz. Ermənistanın nə qədər havadarları olsa da, heç kim bizi dayandıra bilməz. Bizim siyasətimiz beynəlxalq hüquqa əsaslanır. Bizim Ermənistan ərazisinə iddiamız yoxdur, ancaq onlar da öz iddialarını geri döndərməlidirlər» söyləyən Ali Baş Komandan İlham Əliyev qətiyyətlə bildirir ki, Azərbaycanla əsassız iddialarla şantaj dili ilə danışmaq onlara baha başa gələcək və onu yəqin ki, hər kəs görür.
 Xalqımızın böyüklüyünü müharibə dövründə və müharibədən sonrakı dövrdə görən beynəlxalq ictimaiyyət işğaldan azad edilmiş ərazilərdə qısa müddətdə həyata keçirilən quruculuq işlərini hələ də möcüzə adlandırır. Dövlət başçımızın «Biz öz ləyaqətimizi bərpa etdik. Bundan sonra müzəffər ölkə və qalib xalq kimi əbədi yaşayacağıq. Bundan sonra Qarabağda və Zəngəzurda əbədi yaşayacağıq. Əgər Ermənistanda hər hansı bir qüvvə bizə xor baxsa, hansısa revanşist meyillərə əl atsa, bizim yumruğumuzu görəcəkdir. Bizim yumruğumuz yerindədir» sözlərinin təsdiqi «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər»in qəbulu , möhkəm iqtisadi təmələ əsaslanan vəzifələrin möhtəşəmliyi oldu. Laçın sərhəd-keçid məntəqsinin yaradılması, terrorçu separtçıların həbsi Ermənistana öldürücü zərbə oldu
Cənubi Qafqazın lider ölkəsi adını bölgədə sabitliyin qorunması naminə apardığı siyasətlə doğruldan Azərbaycanın yaratdığı yeni reallıqlar hadisələrə daha mükəmməl yanaşma tələb edir. Qarşıdakı illər üçün nəzərdə tutulan quruculuq - abadlıq işlərinin dəqiq ünvanı, məqsəd və məramı, həlli istiqaməti artıq bəllidir. İşğaldan azad edilmiş ərazilərin bərpası, erməni vandalları tərəfindən dağıdılmış yaşayış məskənlərinin müasir şəhərsalma arxitekturasına uyğun görkəmə salınması, beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından faydalanmaqla yeni layihələrin reallaşması üçün səmərəli istifadə Azərbaycanın prioritetlərindəndir.
 İşğaldan azad olunan ərazilərdə yol, nəqliyyat infrastrukturu yenilənir, quruculuq işləri sürətlənir. Erməni vəhşiləri tərəfindən dağıdılmış, viran qoyulmuş evlərin, meşələrin bərpası, tarixi abidələrin yenisi ilə əvəzlənməsi, «yaşıl enerji», «ağıllı kənd», «ağıllı şəhər» layihələrinin davam etdirilməsi Azərbaycanın qarşısında dayanan başlıca hədəf olmaqla milli yüksəlişin müasir «yol xəritəsi»dir. Bu yüksəlişin ilk addımları Prezident İlham Əliyevin işğaldan azad olunmuş ərazilərə, xüsusilə Şuşaya, Laçına, Kəlbəcərə səfərləri zamanı atılıb. İşğaldan azad olunmuş ərazilərdə infrastruktur layihələrin yenilənməsi, Zəfər yolunun istifadəyə verilməsi, müxtəlif bölgələrdə elektrik stansiyalarının bərpası və inşa olunması, su təsərrüfatı sistemlərinin yenilənməsi ilk addımlar olsa da, geniş quruculuq işləri üçün təməldir.

Şuşada «Xarıbülbül» festivalının keçirilməsi, ermənilər tərəfindən dağıdılmış Azərbaycanın tanınmış şəxsiyyətləri olan Üzeyir Hacıbəylinin, Bülbülün, Molla Pənah Vaqifin, Xan qızı Natəvanın büstlərinin, «Natəvan bulağı»nın bərpası , Vaqif Poeziya Günlərinin keçirilməsi, dini abidələrdə təmir-bərpa işlərinin sürətlənməsi, «Xarıbülbül», «Qarabağ»” otellərinin istifadəyə verilməsi, Füzuli, Zəngilan Beynəlxalq Hava limanlarının açılışı, «Qarabağ» adlı təyyarənin Qarabağ səmasında görünməsi, Laçın kimi yüksək dağlıq ərazidə yeni aeroportun inşasının tamamlama ərəfəsində olması qısa müddətdə görülən işlərin bir hissəsidir.

«Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında» Fərmanı imzalamaqla tarixi Zəfərimizdən sonra bölgədə yaranan reallıqların mühüm hədəflərini dəqiq müəyyənləşdirən Prezident İlham Əliyev konkret olaraq Qərbi və Şərqi Zəngəzur coğrafi adını siyasi leksikona daxil etdi. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradılması iqtisadi baxımdan daha önəmli olmaqla dövlət başçısı İlham Əliyevin siyasi iradəsinin təcəssümüdür.

Prezident İlham Əliyev 2-ci Azərbaycan Milli Şəhərsalma Forumunun açılış mərasimində söylədiyi «Enerji potensialı, nəqliyyat, yaşayış layihələri - bunların hamısı bizim gündəliyimizin tərkib hissəsidir. Əminəm ki, biz bütün vəzifələrə, hədəflərə nail olacağıq və növbəti üç ildə 100 mindən çox keçmiş məcburi köçkünü evlərinə qaytaracağıq» sözlərini reallaşdırır. 

Prezident kimi mətbuata ilk müsahibəsində jurnalistin «Sizcə, Sizi asan işlər gözləyir, yoxsa çətin» sualına cənab İlham Əliyev belə cavab vermişdi: «Həm asan, həm də çətin. Asan o mənada ki, artıq Azərbaycanda ölkəmizi hərtərəfli inkişaf etdirmək üçün gözəl zəmin yaranıbdır. On il ərzində Heydər Əliyevin siyasəti Azərbaycanda çox güclü bir təməl qoyubdur. Bu təməlin üzərində gözəl binanın inşa edilməsi asan görünə bilər. Amma eyni zamanda həyat yerində durmur. Yeni tələblər çıxır, qarşımıza yeni vəzifələr çıxır. Əlbəttə, yəqin çətinliklər də olacaqdır. Amma mən bu çətinliklərə hazıram. Əgər mən özümdə belə bir hazırlıq görməsəydim, heç vaxt bu yola getməzdim. Mən məsuliyyətə də, çətinliklərə də hazıram. Əminəm ki, Azərbaycan xalqının dəstəyi ilə qarşıda duran bütün vəzifələri ləyaqətlə yerinə yetirəcəyəm. Demişəm, Azərbaycan xalqı görəcək ki, mən Azərbaycan üçün, xalqımız üçün yaxşı Prezident olacağam.»

Qoşulmama Hərəkatı kimi təsisata, digər təşkilatlara uğurlu sədriliyi dövründə həyata keçirdiyi layihələr, müəllif olduğu humanitar təşəbbüslər, dövlət başçımız haqqında həmkarlarının söylədikləri xoş sözlər də təsdiqləyir ki, cənab İlham Əliyev beynəlxalq səviyyədə böyük nüfuz qazanan dövlət başçısıdır. «Sizin təcrübənizdən faydalanmağa hazırıq» söyləyən İraq Prezidenti Əbdüllətif Camal Rəşidin, Slovakiyanın Baş naziri Robert Fitsonun « Siz beynəlxalq hüququ müdafiə edən şəxsiyyətsiniz. Siz praqmatik şəxsiyyətsiniz və Sizin xarici siyasətiniz təkcə bir istiqamətdə köklənməyib. Siz ərazi bütövlüyünün nə dərəcədə vacib olduğunu çox gözəl bilirsiniz» sözləri dövlət başçımız cənab İlham Əliyevə etimadın nümunəsidir. Prezident İlham Əliyevin ötən ay Pakistana səfəri zamanı dost ölkənin qırıcı təyyarələrinin dövlət başçımızı səmada müşayiət etməsi tarixdə təkrarı olmayan hörmətdən qayanaqlanırdı.

Dövlət başçımızın Azərbaycana rəhbərliyinin 21 ilə yaxın müddətdə gördüyü işləri, xalqına verdiyi vədlərini doğrultmaq üçün göstərdiyi xidmətləri dünya şöhrətli qazax yazıçısı Çingiz Aytmatovun eyni adlı romanına verdiyi ada, «Gün var əsrə bərabər» ifadəsinə bənzətmək cənab İlham Əliyevin fədakarlığına xalqımızın vəfa borcu olar.

Xuraman İsmayılqızı, «İki sahil»