15 avqust 2024 00:41
372

Hayastanda Paşinyandan çox Emmanuel Makronun əmrləri işləyir

Ona görə də haylar mövcud iqtidarı dırnaq içərisində hakimiyyət adlandırırlar

Düşmən ölkənin baş naziri Nikol Paşinyanın qəribə hərəkətləri və fəaliyyəti barədə saysız-hesabsız epitetlər deyilir, gülməli lətifələr söylənir. Bunları əsasən onun düşmənləri, hakimiyyətə qarşı müxalif düşərgədə yer alanlar "düzüb-qoşurlar." Yumor hissi ilə söylənən bu məzəli mətnlər bəzi hallarda əsl həqiqəti təcəssüm etdirir. Çünki küçə boğuşmasından hakimiyyət başına gələn baş nazir özünü lazımi səviyyədə, siyasətçi, dövlət adamı, lider kimi aparmağı bacarmır. İstər ölkə daxilində, istərsə də xaricdə haylara utanc gətirən baş nazir onların lağ obyektinə çevrilir.

"Ermənistan hakimiyyəti elektoratın təxminən 70 faizini laqeyd və biganə insanlar sırasına qoşub."

Bu sözləri Ermənistanın Dövlət Gəlirləri Komitəsinin keçmiş rəhbəri, politoloq David Ananyan deyib. O bildirib ki, Paşinyan insanları biganələr və laqeydlər ordusuna çevirib: “Müəyyən bir nöqtədən başlayaraq hazırkı hökuməti təmsil edənlər başa düşdülər ki, onlar siyasi gündəmi formalaşdırmaq, onun təşviqinə kömək etmək, beynəlxalq aləmdə söz sahibi olan siyasətçilərlə danışıqlar aparmaq, ölkə üçün riskləri azaltmaq və ya neytrallaşdırmaqda aciz qalıblar. Onlar, əslində, əhalinin təxminən 70 faizini təşkil edən  laqeyd insanlar sırasına qoşulublar. Ona görə də indi hansısa mənasız və dəbdəbəli hərəkətlərlə məşğuldurlar, məqsədləri hər şeyin guya qaydasında olduğunu göstərməkdir”, - deyə o, bildirib. Başqa bir erməni də bu fikri özünəməxsus formada təsdiq etmişdi. O, demişdi ki, Paşinyan küçələrdə velosiped sürməklə, orada-burada düşük rəqslər etməklə ölkədə hər şeyin qaydasında olduğunu göstərmək istəyir. Ancaq qətiyyən belə deyil. Ölkə daxilində "minalanmış vəziyyət" davam etməkdədir. Lakin qazanlar hələlik örtülü qaynayır. Bir çox haylar hələ də başa düşmək istəmirlər ki, yeni müharibədən qorxanlar Nikol Paşinyanın arxasında durublar. Bu, həmin 70 faizdir. David Ananyan da hesab edir ki, hakimiyyətin məqsədi insanların diqqətini gündəlik məsələlərə cəmləmək və onların ətrafında guya heç nə baş vermədiyini iddia etməkdir. Onun sözlərinə görə, Ermənistanda faktiki olaraq siyasi güc yoxdur. “Taleyin hökmü ilə dövlətin sükanı başında olan şəxslərə münasibətdə “hakimiyyət” və “rəhbərlik” sözləri, hətta bir deyil, çoxlu dırnaq içərisində qoyulmalıdır”, - deyə Ananyan qeyd edib.

Hakimiyyətə bundan da böyük etimadsızlıq, inamsızlıq və həqarət daha necə ifadə edilə bilər? Ancaq o da həqiqətdir ki, doğrudan da Ermənistan dövlətinin rəhbərləri müstəqil siyasət yürüdə bilmirlər. Orada müstəqil dövlətçilikdən əsər-əlamət belə görünmür. Bunlar ondan qaynaqlanır ki, İrəvanda toplumu başına yığa bilən ağıllı siyasi xadim yoxdur, ona görə də bu kiçik ölkə yelkənsiz qayıq kimi küləyin onu hansı səmtə aparacağını gözləməyə məhkum qalıb. Hakimiyyətdəkilərin qulağı ABŞ-dan və Avropadan gələn əmrlərə şəklənib, sadəcə olaraq onlara verilən ev tapşırıqlarını mütiliklə yerinə yetirməklə məşğuldurlar. Həm də istər ölkəyə ziyan gətirsin, istərsə də xeyir, onlar üçün o qədər də fərqi yoxdur. Yəni, özlərini əsl buyuruq qulları kimi aparırlar. Hayastanda Paşinyandan çox Fransa prezidenti Emmanuel Makronun əmrləri işləyir. Təki çoxlu  pul versinlər. Verirlər də. Öz ailə büdcələrini “kökəldəndən” sonra haylara da bir tulapayı verib onları susdururlar. David Ananyan kimi ayıq haylar bunu anlayır və yumşaq formada olsa da öz narazılıqlarını bildirirlər. Çünki onlar "gözüçıxan qardaş"dan dərs götürüblər. Paşinyan uşaq nağılındakı Siçan Solub bəy kimi özünü ərköyün aparır, xoşuna gəlməyənləri “quyruğu” ilə vurub "xosunvay" edir. Ona görə də haylar “Ermənistanda hakimiyyət” ifadəsini dırnaq içərisində yazırlar. Bundan artığına isə gücləri çatmır...Son dörd ildə Paşinyana qarşı qaldırılan üsyanların, əlbəyaxa vuruşmaya çevrilmiş mitinqlərin nəticəsizliyi və asanlıqla yatırılması buna dəlalət edir. Ancaq nə vaxtsa çanağın öz başlarında çatlaması qaçılmazdır. Tezindən olsun!

Vəli İlyasov, "İki sahil"