15 avqust 2024 00:56
338

Ölkəmizin nə ABŞ, nə də digər dövlətlər qarşısında heç bir öhdəliyi yoxdur

ABŞ və Fransa son zamanlar Cənubi Qafqazla bağlı daha aqressiv, radikal mövqe ortaya qoymağa başlayıblar. Məlum olduğu kimi, həm rəsmi Vaşinqtonun, həm də Parisin bölgə ilə bağlı öz planları var. Onlar Cənubi Qafqazdakı təsir güclərini artırmaq istəyirlər. Bu, özünü xüsusilə Ermənistanı silahlandırmada göstərir. Qərb Azərbaycanın maraqlarını, Cənubi Qafqazın təhlükəsizliyini nəzərə almadan Ermənistanı gücləndirməyə başlayıb. Ancaq erməni cəmiyyəti bu "oyun havasına" əl qaldırmaqla yüzillik səhvi yenidən  təkrarlayır. Tarixi təcrübə və son illər baş verənlər çıxış yolunun silahlanmada, üçüncü qüvvələri regiona çağırmaqda olmadığını göstərir. Qarabağın 30 illik işğal müddəti Azərbaycan xalqı üçün belə bir həqiqəti ortaya çıxardıki,  beynəlxalq hüquq normaları, insan azadlıqları beynəlxalq aləm üçün ikinci, hətta sonuncu məsələdir. Əsas olan maraqlar və mənafelərin təmin edilməsidir. Əminliklə deyə bilərik ki, fövqəldövlət kimi dünyaya sırınan Amerika Birləşmiş Ştatlarının siyasəti də elə bu prinsiplər üzərində qurulub. Azərbaycan da “Amerika ədalətini” 30 il öz üzərində hiss edən ölkələr içində ilk sırada yer alıb. Vaşinqton münaqişəni həll etməyə məsul olan paytaxtlar sırasında yer alsa da, işğalın davam etməsi, problemin həllini tapmaması üçün əlindən gələni etdi. Milyonlarla insanın qanı, torpaqların işğalı, yerli xalqları məhv etməklə qurulan ölkədən bundan başqa nə gözləmək olar.

Ölkəmizin nə ABŞ, nə də  digər qərəzli mövqe sərgiləyən dövlətlər qarşısında heç bir öhdəliyi yoxdur. Azərbaycan heç bir dövlətin daxili işinə müdaxilə etmir və öz daxili işinə müdaxiləni də yolverilməz hesab edir. ABŞ və digər qərəzli ölkələr özlərinin günbəgün artan dövlət borclarından başlayaraq irqi ayrı-seçkilik, polis zorakılığı, kriminal hadisələrin baş alıb getməsi və digər çoxsaylı daxili problemləri ilə məşğul olsalar daha düzgün olar. Bu gün dünyanın müxtəlif bölgələrində baş verən siyasi kataklizmlərdə, müharibələrdə, dövlət çevrilişlərində, vətəndaş müharibələrində ABŞ-ın iştirakı göz önündədir. Uzun illər  Əfqanıstanı işğal altında saxlayan ABŞ bu ölkədə heç bir abadlıq yaratmadı, əksinə bədbəxt etdi. Bütün ölkəni narkotik plantasiyasına çevirdi. Son məlumatlara görə, ABŞ Əfqanıstanı tərk etdikdən sonra bu ölkədə narkotik plantasiyalarının həcmi 20 dəfədən çox azalıb. Bu gün dünyada baş verən bütün savaşların ssenari müəllifi məhz Amerikadır. Köklü xalqların məhvi, qonşu dövlətlərin torpaqları hesabına imperiya quran dövlət indi durub dünyaya “ədalət dərsi” keçir. Bununla da kifayətlənsə, yaxşı olardı, lakin onların daxili işlərinə qarışmaq, münaqişələr törətmək ABŞ-ın əsas mahiyyətidir.

Azərbaycan torpaqları işğal altında olduğu illərdə də beynəlxalq vasitəçilər rəsmi İrəvanın törətdiyi əməllərə görə sanksiyalar tətbiq etməyib, əksinə, müxtəlif məqsədlər adı altında ona maliyyə yardımları edib. 44 günlük müharibədən sonra məlum oldu ki, ermənilər həmin maliyyə yardımlarını işğal etdikləri Azərbaycan torpaqlarında hərbi istehkamlar tikməyə sərf edib. Odur ki, Qərbin Ermənistanı slilahlandırması İrəvanı Azərbaycana qarşı ərazi iddialarından imtina etdirməyəcək. Onun təyinatı üzrə, yəni fövqəladə vəziyyətdə mülki vətəndaşların təxliyəsinin təşkilinə xəclənməyəcəyi də sirr deyil. Hayastanın həmin maliyyə vəsaitini Fransadan və Hindistandan öldürücü hücum silahlarının alınmasına yönəldəcəyi gözlənilir.  Ermənistanda hələ də Azərbaycana qarşı ərazi iddiası irəli sürən separatçılar “Artsax nümayəndəliyi”nin təmsilçisi kimi fəaliyyət göstərir. Rəsmi İrəvan və havadarları buna da göz yumurlar. Görünən odur ki, Ukraynanı sonu görünməyən bataqlığa qərq edən Qərb Azərbaycanla Ermənistan arasında da münaqişənin, düşmənçiliyin sonsuzadək davam etməsində maraqlıdır. Dünyanın istənilən yerində qaynar bir nöqtənin, münaqişənin olması Qərb üçün əlverişlidir. Çünki həmin regiona nüfuz edir, öz təsir dairəsini yaradır. Necə ki, Fransa illərlə Afrika qitəsində hökmranlıq edib, sərvətlərini talamaqla məşğul olub. Nəticədə bu gün Afrika xalqları yoxsulluq içində yaşayırlar, qitəni xəstəlik bürüyüb və həmin Fransa bütün bu qanlı, talançı əməllərinə görə artıq Afrikadan qovulur. Fransa, həmçinin öz sərhədlərindən uzaqda yerləşən ərazilərdə - Sakit və Atlantik okeanlarda dənizaşırı icma və ərazilərində yaşayan xalqlara qarşı kolonializm siyasətini davam etdirir. Xalqların azad yaşamaq, öz dövlətlərini qurmaq istəklərini boğur. Bu gün Azərbaycanın öz ərazi bütövlüyünü, suverenliyini tam bərpa etməsi, dövlətimizin güclənməsi ilə barışa bilməyən bəzi Avropa təsisatları, o cümlədən, Avropa İttifaqı, Avropa Parlamenti, həmçinin Fransa, Niderland, Almaniya və digərləri öz mövqeyində bunu aydın nümayiş etdirərək Ermənistanla sülh sazişinin imzalanmaması üçün əllərindən gələni edirlər. Təəssüf ki, müstəqil dövlət olduğunu unudan Ermənistan tərəfi də məhz bu güclərin diktəsi ilə hərəkət edir. 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında vasitəçi kimi çıxış edən Avropa İttifaqı bu gün nümayiş etdirdiyi mövqeyi ilə özü özünü ifşa edir, vasitəçilik təşəbbüsünə kölgə salır. Avropa təsisatları Azərbaycanın öz ərazisində keçirdiyi bir günlük lokal antiterror tədbirlərinin mahiyyətinə və nəticəsinə də ədalətlə yanaşmadılar. Qərb dairələri tərəfindən əsassız şəkildə Azərbaycanı "etnik təmizləmə" siyasəti həyata keçirən ölkə kimi təqdim etmək cəhdləri özünü açıq büruzə verir. Ermənistana ardıcıl maliyyə və humanitar yardımın göstərilməsi, silahlandırılması istiqamətində atılan addımlar, Aİ-nin bu ölkədəki hərbiləşmiş missiyasının müddətinin uzadılması ehtimalının yüksək olması, Paşinyan başda olmaqla Ermənistan rəsmilərinə edilən siyasi reveranslar Qərbin ikiüzlülüyünə, ikili standartlarına və riyakarlığına heç bir şübhə yeri qoymur.

Şəmsiyyə Əliqızı, “İki sahil”