15 avqust 2024 00:18
343

Dağıdıcı müxalifət növbəti fiaskonun astanasında

1 sentyabr seçkiləri ərəfəsində Əli Kərimlinin və ətrafının Azərbaycana qarşı apardıqları rəzil təbliğatın hər cümləsindən, hər ifadəsindən aydın görünür ki, bu xəyanətkarların başlatdıqları kampaniya ölkəmizin milli mənafe və maraqlarına qarşı yönləndirilən məkrli oyundan başqa bir şey deyil

Uzun illərdən bəri inkarçı, pozucu mövqeyi ilə cəmiyyətdən özünü təcrid edən radikal müxalifət düşərgəsində mənəvi-əxlaqi böhran getdikcə kəskinləşir. Antimilli fəaliyyəti nəticəsində  sosial və ictimai dayağını itirərək ölkəmizin siyasi həyatında ciddi şəkildə iştirak edə bilməyən, proseslərə əhəmiyyətli şəkildə təsir göstərmək gücündə olmayan radikal müxalifət hazırda sözün həqiqi mənasında dərin mənəvi-psixoloji sarsıntılar girdabındadır. Başda AXCP sədri Əli Kərimli, “Milli Şura”nın rəhbəri Cəmil Həsənli olmaqla onların orbitində fırlananların son zamanlar sosial şəbəkələrdə ölkəmizə qarşı mənəviyyatsızcasına apardıqları qarayaxma kampaniyası bunun əyani təsdiqidir. Siyasi arenada uzun illərdən bəri uğradıqları məğlubiyyətlər, böyük müvəffəqiyyətsizliklər nəticəsində ruhi sarsıntılar keçirən bu marginallar respublikamızda növbədənkənar parlament seçkilərinin keçiriləcəyi ilə bağlı xəbərlər öz təsdiqini tapdıqdan sonra daha da aqressivləşiblər. Kor-koranə olaraq hakimiyyətə qarşı həddindən artıq ifratçılıq, sərt münasibət sərgiləyən dağıdıcı düşərgənin təmsilçiləri son zamanlar daha da azğınlaşaraq milli maraqlara, dövlətə və dövlətçiliyə qarşı müxalifətçilik yolunu tutublar. 1 sentyabr seçkiləri ərəfəsində Əli Kərimlinin və müavinlərindən Seymur Həzinin, Aqil Məhərrəmlinin, Fuad Qəhrəmanlının son günlər sosial şəbəkələrdə Azərbaycana qarşı apardıqları rəzil təbliğatın hər cümləsindən, hər ifadəsindən aydın görünür ki, bu xəyanətkarların başlatdıqları kampaniya ölkəmizin milli mənafe və maraqlarına qarşı yönləndirilən, onun beynəlxalq imicini korlamağa çalışan gözəgörünməz qüvvələr tərəfindən məharətlə idarə olunan məkrli bir oyundur. Adəti üzrə onlar yenə də seçkiləri boykot taktikasını tutublar. Ssenari bəllidir, seçkilərdən dərhal sonra parlament seçkilərinin demokratik keçirilmədiyini, hüquqlarının pozulduğunu, kütləvi tədbirlərə icazə verilmədiyini, siyasi məhbusların olduğunu və s. kimi buna bənzər “arqumentlər” gətirərək Azərbaycana qarşı kampaniyaya başlayacaqlar.

Müstəqil Azərbaycanın tarixində ərazilərimizin hamısını əhatə edən ilk parlament seçkilərində siyasi partiyaların mütləq əksəriyyəti iştirak etmək qərarını verib. Çünki bilirlər ki, bu, mühüm bir tarixi hadisədir və yüz illərlə bu hadisə tarixçilərimiz tərəfindən öyrəniləcək, araşdırılacaq, bu hadisə barədə çoxsaylı kitablar yazılacaq. Eyni zamanda seçkilərdə iştirak siyasi partiyaların əsas vəzifəsidir. Çünki seçkilər siyasi partiyalara geniş imkanlar verən hadisədir. Ağıllı siyasətçilər bütün hallarda bu imkanlardan istifadə etməyə çalışır. Evləri bir-bir gəzmək, insanlarla görüşmək, imza yığmaq, sonradan da təşviqat prosesində daha çox insanı əhatə etmək siyasi partiyalar üçün unikal imkanlar yaradır. Çox təəssüf ki, AXCP bu mühüm tarixi hadisəyə kölgə salmaq üçün əvvəlcə seçkilərdən imtina etmək, seçkiləri boykot etmək qərarını verdi. Sonra da həmin mühüm kampaniyanı qaralamaq üçün əlindən gələni etdi. Bəyan edirlər ki, AXCP dövlət maliyyələşməsini əldə edə bilərdi, ancaq onlar dırnaqarası prinsipiallıq göstərib, bundan da imtina ediblər. Nəticədə guya bir qrup lider dırnaqarası məhrumiyyətlər içərisində yaşamağı seçib. Seçkini boykot etmək siyasətçi və siyasi partiyanın ən zəif nöqtəsidir. Hər dəfə seçkiləri boykot edən partiya və siyasətçi hansı üzlə, hansı məqsədlərlə siyasi mübarizədən danışır? Seçki prosesinə qatılan siyasi partiyaları gözdən salmaq, onları “satqın”, “yaltaq”, “qorxaq” adlandırmaq radikallara başucalığı gətirməyəcək.

Şübhə yoxdur ki, seçkilərə qərəzli şəkildə boykotun elan olunması xarici qüvvələrə xidmətin bir növüdür. Siyasi partiyanın əsas vəzifəsi sağlam rəqabətin yeganə legitim vasitəsi olan seçkilərdə iştirakdır. Azərbaycan sabit, demokratik, hüquqi ölkədir və burada hər hansı bir pozuculuq cəhdləri iflasa məhkumdur. Azərbaycanda heç zaman milli birlik, siyasi həmrəylik indiki qədər güclü olmayıb. Hazırkı məqamda yad ünsürlərin, zərərli ideologiyaların cəmiyyətə sızması çox çətindir. Çünki xalq yaxşını pisdən ayırmağı bacarır.

Sevinc Azadi, “İki sahil”